Yunanıstan sanksiyalardan imtina edib Rusiyaya tarixi vəfa borcu ödəyir?

Yunanıstan sanksiyalardan imtina edib Rusiyaya tarixi vəfa borcu ödəyir?
16.07.2026 16:17 Təhlil

Yunanıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketini bloklayıb. Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qoyulması nəzərdə tutulan qadağanın Yunanıstanın "Dynagas" gəmiçilik şirkətinə ciddi zərər vuracağını bildirir. Rəsmi izah iqtisadi maraqlarla əlaqələndirilsə də, iki ölkə arasında əsrlərə söykənən tarixi və mənəvi bağlar bu qərarın arxasında daha dərin səbəbləri düşündürür. Bəlkə də  Afina Rusiyaya tarixi vəfa borcunu ödəyir.

Rusiya ilə Yunanıstan arasındakı münasibətlər yüzilliklər ərzində formalaşan dini, mədəni və geosiyasi əlaqələrə söykənir.

Bu iki xalqı birləşdirən ən güclü amil pravoslav xristianlığıdır. 988-ci ildə Kiyev Rusu xristianlığı Bizansdan qəbul etdi və bununla da rus dövlətçiliyinin dini-mədəni istiqaməti formalaşdı. Sonralar rus yazısının əsasını təşkil edən kiril qrafikası da yunan əsilli missionerlər Kiril və Mefodinin fəaliyyəti nəticəsində yayıldı.

1453-cü ildə Osmanlının Konstantinopolu  fəth edilməsindən sonra Moskva özünü Bizansın mənəvi varisi kimi təqdim etməyə başladı. "Üçüncü Roma" ideyası məhz bu dövrdə formalaşdı. Bizansdan miras qalan dövlət rəmzlərindən biri olan ikibaşlı qartal Rusiyada qəbul edildi. Moskva knyazı III İvanın son Bizans imperatorunun qardaşı qızı Sofiya Paleoloqla evlənməsi də bu varislik anlayışını daha da gücləndirdi. Bundan sonra Rusiya çarları özlərini pravoslav dünyasının himayədarı kimi təqdim etməyə başladılar və bu yanaşma sonrakı əsrlərdə Balkan siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

İki xalqı birləşdirən digər mühüm amil isə Yunanıstandakı Afon (Müqəddəs Atos) dağıdır. Pravoslav dünyasının ən müqəddəs məkanlarından sayılan bu yarımadada əsrlərdir yunan və rus monastırları fəaliyyət göstərir. Afon dağı təkcə dini ibadət yeri deyil, həm də Rusiya ilə Yunanıstan arasında mənəvi və mədəni bağların qorunub saxlanıldığı mühüm mərkəz hesab olunur.

1774-cü ildə Osmanlı ilə Rusiya arasında imzalanan Küçük Qaynarca müqaviləsi iki dövlət arasındakı qüvvələr balansını dəyişdirən mühüm hadisələrdən biri oldu.

Bu müqavilə Rusiyaya Osmanlı imperiyası daxilində yaşayan pravoslav xalqların hüquqlarını müdafiə etmək üçün siyasi əsas verdi. Eyni zamanda yunan tacirlərinə Rusiya bayrağı altında ticarət aparmaq hüququ tanındı. Bu imtiyaz yunan ticarət dairələrinin güclənməsinə və gələcək milli hərəkatın maliyyə bazasının formalaşmasına ciddi təsir göstərdi.

XVIII və XIX əsrlərdə Rusiya ilə yunanların maraqları fərqli olsa da, ortaq hədəf onları yaxınlaşdırırdı.

Rusiya Qara dənizdən Aralıq dənizinə çıxışı təmin etmək, boğazlar üzərində təsirini artırmaq və cənub istiqamətində genişlənmək istəyirdi. Yunanlar isə Osmanlı hakimiyyətindən xilas olaraq milli dövlət qurmağa çalışırdılar. Fərqli məqsədlər nəticədə eyni geosiyasi istiqamətdə birləşirdi – Osmanlı İmperiyasının zəiflədilməsi.

Bu yaxınlaşmanın ən maraqlı simvollarından biri "Filiki Eteriya" təşkilatıdır. Yunanıstanın müstəqillik hərəkatının əsasını qoyan bu gizli təşkilat 1814-cü ildə Rusiyanın Odessa şəhərində yaradılmışdı. Bu fakt Rusiya imperiyası ilə yunan milli hərəkatı arasındakı tarixi əlaqələrin ən mühüm simvollarından biri hesab olunur.

Təşkilata rəhbərlik edən Aleksandr İpsilanti Rusiya ordusunun generalı və çar I Aleksandrın yavəri idi. Üsyançılar hesab edirdilər ki, silahlı mübarizə başlayan kimi Rusiya Osmanlıya qarşı müharibəyə qoşulacaq.

Lakin hadisələr gözlənildiyi kimi inkişaf etmədi.

1821-ci ildə başlayan Yunanıstan istiqlal hərəkatı zamanı Rusiya çarı I Aleksandr mürəkkəb seçim qarşısında qaldı. Bir tərəfdən o, Avropada mövcud monarxiyaları qorumağı qarşısına məqsəd qoymuş Müqəddəs İttifaqın üzvü idi və prinsip etibarilə hər hansı üsyanı dəstəkləməməli idi. Digər tərəfdən isə rus cəmiyyəti və pravoslav kilsəsi yunanlara yardım göstərilməsini tələb edirdi.

Bu səbəbdən Rusiya ilk illərdə birbaşa müdaxilədən yayınmağa çalışdı. 

Vəziyyət 1825-ci ildə dəyişdi. Osmanlı sultanı II Mahmudun dəvəti ilə Misir hakimi Məhəmməd Əli Paşanın qoşunları Peloponnesə daxil olaraq üsyanı amansız şəkildə yatırmağa başladı. Yunan hərəkatının tam məğlub olması Rusiyanın Balkan siyasəti üçün ciddi zərbə ola bilərdi.

Həmin il hakimiyyətə gələn çar I Nikolay daha sərt xarici siyasət yürütməyə başladı. Rusiya İngiltərə və Fransanı da diplomatik prosesə cəlb edərək Osmanlı üzərində təzyiqi artırdı.

Bu əməkdaşlığın ən mühüm nəticəsi 1827-ci ildə Navarin döyüşü oldu. Rusiya, İngiltərə və Fransa donanmaları Osmanlı-Misir donanmasını demək olar ki, tamamilə məhv etdilər. Bu hadisə müharibənin gedişini dəyişdirdi.

Ardınca 1828-ci ildə Rusiya Osmanlı İmperiyasına qarşı rəsmi müharibəyə başladı. Rus qoşunları həm Qafqaz, həm də Balkan cəbhəsində hücuma keçdi və Balkan istiqamətində Ədirnəyə qədər irəlilədi.

Nəticədə tərəflər 1829-cu ilin sentyabrında Ədirnə sülh müqaviləsini imzaladılar. Müqavilənin mühüm nəticələrindən biri Osmanlının Yunanıstana muxtariyyət verməyə razılaşması oldu.

Bir il sonra, 1830-cu ildə qəbul edilən London Protokolu ilə Yunanıstanın tam müstəqilliyi beynəlxalq səviyyədə tanındı.

Maraqlıdır ki, müstəqil Yunanıstanın ilk dövlət başçısı İoannis Kapodistrias uzun illər Rusiya imperiyasının xarici işlər naziri olmuş yunan əsilli diplomat idi. Bu fakt da iki ölkə arasındakı tarixi bağların nə qədər dərin olduğunu göstərən simvolik nümunələrdən biri hesab edilir.

Humanitar əlaqələr də bu yaxınlığın qorunmasında mühüm rol oynayır. Rusiyanın cənub bölgələrində, o cümlədən Krasnodar, Rostov və Krımda əsrlərdir yunan icmaları yaşayır. Bu diaspora iki xalq arasında mədəni əlaqələrin, ailə bağlarının və qarşılıqlı münasibətlərin bu günə qədər davam etməsinə töhfə verir.

Rusiya ilə Yunanıstan arasındakı münasibətlərin əsasında ilk növbədə pravoslav dini kimliyi və Bizans irsi dayanır. Lakin tarix göstərir ki, bu yaxınlıq yalnız dini və mədəni amillərlə izah olunmur. Geosiyasi maraqlar da iki ölkəni uzun müddət eyni cəbhədə saxlayıb.

Yunan tarixşünaslığı 1821-ci il hadisələrini haqlı olaraq milli azadlıq mübarizəsi kimi qiymətləndirir. Bununla yanaşı, hərbi-siyasi reallıq onu da göstərir ki, 1828–1829-cu illərdə Rusiyanın Osmanlıya qarşı apardığı müharibə və Ədirnə müqaviləsi olmadan Yunanıstanın müstəqillik prosesinin bu qədər sürətlə nəticələnməsi çox çətin olardı.

Başqa sözlə, Rusiya yunan milli hərəkatını dəstəkləməklə yanaşı, bundan öz strateji maraqları naminə də istifadə etdi. Osmanlının zəiflədilməsi, Balkanlarda təsirin artırılması və Aralıq dənizinə çıxış imkanlarının genişləndirilməsi Moskvanın əsas məqsədləri idi.

Jalə Rövşən

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər