Türkiyə ilə İsrail savaşın astanasında: Azərbaycan müdaxilə edə bilər?
İsrail ilə Türkiyə arasında Suriyadakı maraqların toqquşması fonunda artan gərginlik Yaxın Şərqdə növbəti hərbi qarşıdurma ehtimalını gündəmə gətirir. Tərəflərin Suriyada təhlükəsizlik və geosiyasi maraqlarını qorumaq cəhdləri Ankara ilə Təl-Əviv arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirir.
Bununla yanaşı, mümkün eskalasiyanın birbaşa hərbi toqquşmaya çevrilib-çevrilməyəcəyi və yaranmış vəziyyətdə Azərbaycanın vasitəçilik imkanlarının nə dərəcədə real olduğu sual doğurur.
Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, tərəflər arasında müxtəlif mərhələlərdə eskalasiyalar baş versə də, bunun birbaşa hərbi müharibəyə çevrilməsi ehtimalı yox dərəcəsindədir.
Deputat bu fikrini iki xalqın tarixi və geostrateji bağları ilə əsaslandırıb:
"Türkiyə ilə İsrail arasında müxtəlif mərhələlərdə müxtəlif eskalasiyaların olması mümkündür, amma bu eskalasiyaların toqquşma və yaxud müharibə vəziyyətinə gəlməsi çox az ehtimal edilən, ya da ümumiyyətlə mümkün olmayan bir ehtimaldır. Ona görə ki, birincisi, əsrlər boyu bu xalqlar eyni dövlət içərisində, Osmanlı ərazisində yaşayıblar. Dünya tarixinin müxtəlif mərhələlərində müxtəlif cür fobiyalara məruz qalan yəhudilər Osmanlıya və Türkiyə Cümhuriyyətinə sığınaraq onun ərazilərinə köç ediblər. İspaniyadan, Almaniyadan, Mussolini faşizmindən və Avstriya-Macarıstan imperiyasındakı təqiblərdən qaçan yəhudilər həmişə türklərin coğrafiyasında təhlükəsizlik və rifah tapıblar. Yəhudi xalqı bunu unutmayıb və unutmayacaq. Ona görə də bu iki dövlət arasında müharibənin çıxması mümkün deyil".
Millət vəkili Yaxın Şərqdə formalaşan yeni mənzərəyə və regionun tarixi reallıqlarına da toxunub:
"Hazırkı vəziyyətdə Yaxın Şərqin yeni geostrateji arxitekturasının formalaşdığı bir vaxtda şübhəsiz ki, regionun daşları yerindən oynayıb. Onların oturuşması müəyyən vaxt alacaq və bu süreçdə ölkələr arasında gərginliklərin olması təbiidir. Digər tərəfdən, Fələstin ərazisi - qədim adı ilə Kənan torpaqları elə bir məkandır ki, orada həmişə müharibə olub və olacaqdır".
Parlamentari vurğulayıb ki, tərəfləri danışıqlar masasına qaytarmaqda və gərginliyi azaltmaqda Azərbaycanın vasitəçilik rolu yenidən ön plana çıxa bilər. O xatırladıb ki, indiki mərhələdə gərginliyin aradan qaldırılması üçün Azərbaycanın müxtəlif vaxtlarda Türkiyə və İsrail münasibətlərinin yaxınlaşması istiqamətində uğurlu cəhdləri olub.
"Bəzən bu çox effektiv olub, bəzən bir qədər az, amma nəticədə gərginlik aradan qaldırılıb. Arzu etmirik ki, yenə belə bir gərginlik baş versin, amma baş verəcəksə, Azərbaycanın hər iki strateji tərəfdaş ölkə ilə olan yüksək münasibətləri tərəflərin şərikli məxrəcə gəlməsi üçün sağlam zəmin yaradacaqdır", - deyə Hikmət Babaoğlu fikrini tamamlayıb.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında gərginlik 18 avqust 2026-cı ildə İsrailin Suriyanın şimal-qərbində yerləşən “Əbu-əl-Duhur” hava bazasına endirdiyi zərbədən sonra kəskin şəkildə artıb. İsrail hücumu Türkiyənin həmin bazada hərbi yerləşdirmə planlaşdırdığı iddiası ilə əsaslandırıb. Lakin Türkiyə və Suriya bu iddianı rədd edərək İsrailin mövqeyini əsassız hesab edib.
Türkan İsgəndərli