Türkiyə-Azərbaycan münasibətləri qaldı Sarala?

Türkiyə-Azərbaycan münasibətləri qaldı Sarala?
13.10.2026 10:41 Təhlil

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda məktəbli geyimi ətrafında yaranan müzakirələrə qoşularaq  Bakıya çağırış edib.   

O, sosial şəbəkə hesabında yazıb: 

“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir!

İnancına görə başını örtən şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır?

Hicab maneə deyil, inancın tələbidir! Təhsil hüququ heç bir ideoloji diktəyə qurban verilə bilməz!

Azərbaycanın bu yanlış addımdan tezliklə geri dönəcəyini gözləyirik. Gənclərin gələcəyinə maneə yaratmaq yox, onların qarşısını açmaq lazımdır.

Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!”

Saralın bu absurd açıqlamasında diqqət çəkən məqam təkcə məktəbli geyimi ilə bağlı mövqeyi deyil, Türkiyənin yüksək vəzifəli rəsmisinin Azərbaycanın daxili təhsil siyasəti barədə bu cür hökm verməsidir. 

Məsələ ondadır ki, Azərbaycanda məktəblilər üçün vahid geyim qaydaları tətbiq olunur. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə geyim formalarına dair tələblərə dəyişiklik edilib. Qaydalar dövlət ümumi təhsil müəssisələrində vahid geyim və dünyəvilik prinsipini əsas götürür. 

Bu qərarla bağlı mübahisələr ola bilər. Valideynlərin narahatlığı, şagirdlərin təhsil hüququ və qaydaların məktəblərdə necə tətbiq edilməsi müzakirə edilə bilər. Ancaq məsələni dini azadlıqların pozulması kimi təqdim etmək və Azərbaycanın hansı qərardan geri çəkilməli olduğunu bəyan etmək tam başqa yanaşmadır.

Açıqlamada Azərbaycanın mövqeyinə, qərarın hüquqi əsaslarına və məktəblərdə tətbiq edilən vahid geyim tələblərinə toxunulmur. Bunun əvəzinə, məsələ birbaşa dini inanc və təhsil hüququ üzərindən təqdim olunur. Halbuki mübahisənin mahiyyətini anlamaq üçün ilk növbədə qüvvədə olan qaydaları və onların necə tətbiq edildiyini nəzərə almaq lazımdır.

Türkiyə ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Belə münasibətlərdə qarşılıqlı hörmət yalnız rəsmi görüşlərdə səslənən bəyanatlarla ölçülməməlidir. Tərəflərin bir-birinin daxili məsələlərinə münasibəti də bu hörmətin göstəricisidir. 

Azərbaycan süveren dövlətdir və bütün məsələlər öz səlahiyyətləri çərçivəsində müəyyənləşdirilir.  Digər ölkələr bu siyasətlə bağlı yalnız hörmət çərçivəsində müəyyən fikir bildirə bilər. Deyəsən, Saral bunu unudub. Müstəqil, suveren bir dövlətin qərarını  “yanlış” elan edib ondan geri çəkilməyi tələb etmək hansı məntiqə sığır? Bu ciddi diplomatik suallar doğurur.

Türkiyə-Azərbaycan münasibətlərində qarşılıqlı hörmət prinsipi yalnız Bakının Ankara ilə münasibətlərinə aiddir, yoxsa hər iki tərəf üçün eyni dərəcədə keçərlidir? 


Jalə Rövşən 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər