Tramp Ukraynanı Rusiyaya verir? Kiyev qarşısında ağır şərtlər və ya ABŞ-ın Kiyevdə "U" dönüşü

Tramp Ukraynanı Rusiyaya verir?  Kiyev qarşısında ağır şərtlər və ya ABŞ-ın Kiyevdə "U" dönüşü
14.09.2026 11:58 Təhlil

ABŞ-nin son günlər Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün danışıqları sürətləndirməsi və Kiyevə ərazi məsələsində güzəşt mesajları verməsi Vaşinqtonun mövqeyində dəyişiklik olduğu barədə müzakirələr yaradıb. Xüsusilə, Trampın kürəkəni Cared Kuşnerin 12 sentyabrda Kiyevdə verdiyi açıqlama diqqət çəkir: o, Rusiyanın tələb etdiyi ərazi güzəştlərinə Ukraynanın razı olması halında sülh sazişinin artıq hazır ola biləcəyini bildirib. Bundan əvvəl Trampın nümayəndələri Stiv Uitkoff və Kuşner Moskvada Putinlə, daha sonra Kiyevdə Zelenski ilə danışıqlar aparıblar. ABŞ yeni sülh təklifini irəli sürür, əsas düyün isə ərazi məsələsində qalır. Hətta sentyabrın 13-də Tramp Zelenskidən Rusiyanın neft emalı və dizel infrastrukturlarına zərbələri dayandırmağı istəyib. 

 ABŞ Ukraynanı Rusiyaya verir?


Sözügedən mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, Tramp administrasiyasının Ukrayna siyasəti Rusiyanın dəstəklənməsi kimi görünür. Çünki Ağ Ev hazırda daha çox Rusiya ilə anlaşmağa, Rusiyanın maraqlarından çıxış etməyə çalışır:

"Prezident Donald Trampın xüsusi nümayəndələrinin həm Moskvaya, həm də Kiyevə səfərlərinin nəticələri də bunu təsdiqləyir. Üstəlik, Kuşnerin, yəni xüsusi nümayəndə və Trampın kürəkəni Kuşnerin son açıqlamasında göstərilir ki, artıq ABŞ Ukrayna savaşının dayandırılması ilə bağlı sülh sazişinin məzmununu hazırlayıb və bu sazişdə əsas əngəl, yəni bu sazişin imzalanmasında əsas əngəl rolunu məhz ərazi məsələləri oynayır". 

Analitik hesab edir ki, ABŞ Kiyevin mövqeyindən çıxış etmir:

"Amerika sülh sazişinin imzalanması üçün rəsmi Kiyevin işğal olunmuş Ukrayna ərazilərini Rusiyaya güzəştə getməsini istəyir. Eynilə Kremlin tələb etdiyi şərtlərin yerinə yetirilməsində israrlı mövqe tutur. Təbii ki, bu da rəsmi Kiyevin mövqeyinə kəskin şəkildə ziddiyyət təşkil edir. Rəsmi Kiyev Ukrayna ərazilərini Rusiyaya güzəştə getmədiyini artıq dəfələrlə bəyan edib və bu mövqeyində də prinsipial olaraq dayanmaqdadır". 

Ancaq Tramp administrasiyası hələ də rəsmi Kiyevə təzyiqlər göstərir. Ancaq bütün bunlar o anlama gəlmir ki, Tramp administrasiyasının davranışları ucbatından Ukrayna öz ərazilərini Rusiyaya verməlidir.

Belə anlaşılır ki, rəsmi Kiyev öz mövqeyində israrlı qalmaq niyyətindədir. Kremlin isə Amerikanın dəstəyi ilə Ukraynanın ərazilərini ələ keçirməyə can atır. Bu da o deməkdir ki, Ukrayna savaşı hələ uzun müddət davam edə bilər. Xüsusilə də Avropa Birliyi Rusiyanın gələcək təhdidlərini, hərbi təhdidlərini nəzərə alaraq, Ukraynanın müdafiəsini daha da gücləndirmək niyyətini büruzə verir". 

Ekspert digər bir məqama diqqət çəkib:

"Avropa ölkələri Rusiya ilə Ukrayna üzərindən savaşır. Bu da onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə baxmayaraq, Avropanın dəstəyi Ukraynanın mövqelərinin nisbətən möhkəmlənməsinə imkan yaradır". 

Elçin Xalidbəyli müharibənin gələcək taleyi ilə bağlı proqnoz verib:

"Eyni zamanda rəsmi Kiyev Ukrayna savaşını Rusiya ərazisinə də keçirməyə nail olub. Bu da hərbi üstünlük olaraq Ukraynanın sülh masasında əlini möhkəmləndirir. Yəni bu savaşın hələ uzun müddət davam edəcəyi qətiyyən şübhə doğurmur. Tramp administrasiyasının Ukraynanı Rusiyaya vermək niyyəti, ən azı işğal olunmuş ərazilərini Rusiyaya vermək niyyəti yaxın gələcəkdə real nəticələr verəcək kimi görünmür". 

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər