Tom Barak: Türkiyədən Yaxın Şərqə uzanan bir güc mərkəzi

Tom Barak: Türkiyədən Yaxın Şərqə uzanan bir güc mərkəzi
03.06.2026 17:20 Təhlil

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak (Thomas Joseph Barrack Jr.) son vaxtlar region siyasətində ən çox müzakirə olunan və kəşfiyyat-diplomatiya sahəsində xüsusi çəkisi olan şəxslərdən birinə çevrilib. Ağ Ev rəhbəri Donald Trampın 2025-ci ilin martında namizədliyini irəli sürməsi və həmin ilin mayında Ankarada rəsmən fəaliyyətə başlaması ilə Tom Barak, bölgədəki köhnə tarazlıqları faktiki olaraq alt-üst edib.

Onun missiyası bununla da bitməyib. 2025-ci ilin mayında həm də Suriya üzrə xüsusi elçi təyin edilən diplomat, 2026-cı ilin mayın 31-də birbaşa prezident Trampın qərarı ilə səlahiyyətlərini daha da genişləndirib. O, eyni vaxtda həm Suriya, həm də İraq üzrə xüsusi prezident elçisi postuna gətirilib. Beynəlxalq kəşfiyyat orqanları ilə sıx bağları, milyardlarla dollarlıq maliyyə şirkətlərindəki qlobal əlaqələri və Vaşinqtonun Yaxın Şərq siyasətini tək əldən idarə etmək istəyi, onun ətrafındakı jurnalist araşdırmalarını tamamilə yeni müstəviyə daşıyıb.

Livan köklərindən milyard dollarlıq şirkətlərə

1947-ci il aprelin 28-də Kaliforniyanın Culver City şəhərində anadan olan Tom Barakın mənşəyi onun Yaxın Şərq mədəniyyətinə, bölgədəki idarəetmə psixologiyasına və dilinə dərindən bələd olmasına ciddi zəmin yaradıb. Onun babası 1900-cü ildə Livanın Zahle şəhərindən ABŞ-yə köçən katolik bir mühacir olub. Sadə bir ailədə böyüyən Barak, Cənubi Kaliforniya Universitetində bakalavr təhsili alıb, daha sonra hüquq sahəsinə yönələrək San-Dieqo Universitetində hüquq doktoru dərəcəsi qazanıb. Altı övlad atası olan Barakın siyasi mühitdəki çəkisi sadəcə rəsmi vəzifə ilə ölçülmür; o, Ağ Evin birbaşa güvəndiyi və Vaşinqtonda "Trampın qulağına pıçıldayan adam" (Trump whisperer) kimi tanınan çox yaxın bir dostdur.

Karyerasına beynəlxalq şirkətlərdə maliyyə vəkili kimi başlayan Barak, uzun illər Avropa və Yaxın Şərqdə yaşayıb. Bu dövrdə Körfəz ölkələrinin zəngin neft elitası, krallıq ailələri və Səudiyyə rəhbərliyi ilə milyard dollarlıq layihələr çərçivəsində birbaşa şəxsi əlaqələr qurub. Sonradan təqribən 80 milyard dollarlıq aktivi idarə edən qlobal investisiya nəhəngi "Colony Capital"ı (indiki "DigitalBridge") quran Barak, ABŞ dövlət sisteminə heç də yad insan olmadığını çoxdan sübut edib. Hələ 1982-ci ildə prezident Ronald Reyqanın dövründə Daxili İşlər Nazirinin müavini işləyib, 2016-cı ildə isə Donald Trampın prezidentlik komitəsinin rəhbəri və onun seçki kampaniyasının ən böyük maliyyə donorlarından birinə çevrilərək Vaşinqtonda ciddi söz sahibinə çevrilib.

Körfəz pulları və məhkəmə pərdəsinin arxası

Tom Barakın əsl gücü təkcə idarə etdiyi milyardlardan deyil, həm də BƏƏ, Qətər və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri ilə qurduğu şəbəkədən gəlirdi. Məhz bu əlaqələr 2021-ci ildə onu federal məhkəmə qarşısına çıxardı. Prokurorlar iddia edirdilər ki, Barak öz nüfuzundan istifadə edərək BƏƏ rəsmilərinin Tramp administrasiyasına sızmasını təmin edib və onlara daxili məlumatlar ötürüb.

İttihamnamədə ən diqqətçəkən məqam isə BƏƏ-yə məxsus dövlət fondlarının 2017-2018-ci illərdə Barakın şirkətinə 374 milyon dollar yatırım etməsi idi. Hətta BƏƏ rəsmilərinin Trampın seçki çıxışlarına müdaxilə etmək istədiyi də iddialar arasında yer alırdı. Uzun sürən gərgin prosesdən sonra, 2022-ci ilin noyabrında münsiflər heyəti Barakı bütün ittihamlardan bəraət etdirdi. Məhkəmədən çıxarkən "Sistem işləyir" deyən diplomat rəsmən təmizə çıxsa da, bu iddialar onun Körfəzlə gizli bağlarını hər kəsin gözü önünə sərmiş oldu.

Ankara təyinatı və "Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) regional baza rəhbəri" iddiaları

Tom Barakın Ankaraya səfir təyin edilməsi klassik diplomatik qaydalara qətiyyən sığmırdı. Diplomatik və kəşfiyyat kulislərində gəzən ən ciddi iddialardan biri, onun ABŞ kəşfiyyat orqanları və xüsusilə CIA ilə olan gizli, lakin dərin bağları ilə bağlıdır. Barak rəsmi olaraq heç vaxt CIA agenti və ya rəsmisi kimi işləməyib, lakin onun Yaxın Şərqdəki qeyri-rəsmi əlaqələri, bölgə liderləri ilə qapalı qapılar arxasındakı görüşləri onilliklər boyu Vaşinqtonun xüsusi xidmət orqanlarının işinə böyük kömək edib.

Türkiyənin kəşfiyyat ekspertləri və analitiklər Barakın Ankaraya gəlişi ilə ABŞ-nin bölgədəki kəşfiyyat işlərini yenidən qurması arasında birbaşa əlaqə görürlər. Ankara rəsmi dairələrində onun sadəcə qanuni bir səfir deyil, həm də ABŞ-nin regiondakı "faktiki CIA baza rəhbəri" funksiyasını yerinə yetirdiyi iddia edilir. Vaşinqtonun Ankaraya belə bir kəşfiyyat və maliyyə mütəxəssisi yerləşdirməsinin pərdəarxası səbəbi isə regionda Türkiyə ilə hərbi və strateji məsələləri birbaşa tənzimləmək, həmçinin Türkiyə Milli İstihbarat Teşkilatı (MİT) ilə gizli kəşfiyyat diplomatiyası aparmaq ehtiyacından qaynaqlanıb. Onun bu sahədəki çəkisi Ağ Evin hərbi kəşfiyyat məlumatlarını birbaşa tək əldə toplamasına şərait yaradıb.

Suriya və İraq üzrə xüsusi elçi: Üçqat regional mandatın pərdəarxası məqsədləri

2026-cı ilin may ayının son günlərində, səfirin Suriyadakı fəaliyyət müddətinin bitəcəyi ilə bağlı xəbərlər yayıldığı bir vaxtda, Donald Tramp və Dövlət Katibi Marko Rubionun bəyanatları ilə Barakın səlahiyyətləri həm Suriyanı, həm də İraqı əhatə edəcək şəkildə genişləndirilib. Bir diplomatın eyni vaxtda Ankara Səfirliyi, Dəməşq və Bağdad məsələlərini idarə etməsi ABŞ-nin Yaxın Şərq siyasətində bənzərsiz bir "super-elçi" modelidir. Barak özü bu təyinatı şərh edərək bildirib ki, İraq, Suriya və Türkiyə bölgənin sabitliyi üçün əsas xətdir və bu üç ölkəni balanslaşdırmaq ABŞ-nin vahid bir mərkəzdən hərəkət etməsini tələb edir.

Bu fövqəladə təyinatların arxasında dayanan əsas və gizli məqsədləri bir neçə mühüm istiqamətə bölmək olar:

Suriyada yeni hökumətin formalaşdırılması və investisiya siyasəti: 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan Əhməd əş-Şəra hökumətinin Vaşinqton tərəfindən qəbul edilməsində və sabitləşdirilməsində Barak birbaşa rol oynayıb. O, Əş-Şəranın Ağ Evdə Trampla görüşünü təşkil edən əsas şəxs olub. Barak burada Suriyanın yenidən qurulması, ABŞ-nin rəhbərlik etdiyi anti-İŞİD koalisiyasına Suriyanın daxil edilməsi və bu ölkə ilə hərbi tərəfdaşlığın qurulması üçün öz maliyyəçi keçmişindən məharətlə istifadə edib. Eyni zamanda o, regional layihələri, o cümlədən Qətərin maliyyələşdirdiyi Azərbaycan qazının Suriyaya ötürülməsi məsələsini və Türk şirkətlərinin Dəməşqdə yeni hava limanı tikməsini aktiv şəkildə dəstəkləyib.

Kürd məsələsi və diplomatik zəlzələ: Barakın regional fəaliyyətində ən böyük səs-küy yaradan addımı ABŞ-nin kürd siyasətini dəyişməsi oldu. 2026-cı ilin yanvarında o, rəsmən bəyan etdi ki, kürdyönümlü Suriya Demokratik Qüvvələrinin (SDQ) İŞİD-ə qarşı əsas qüvvə kimi missiyası artıq başa çatıb. Barak kürd qruplarını mərkəzi Dəməşq ordusuna inteqrasiya olmağa çağırdı ki, bu da rəsmi Ankara və Dəməşqin maraqları ilə tam üst-üstə düşürdü. Bu qərar ABŞ-nin regional kadrları arasında da ciddi narazılığa səbəb oldu və Barakla eyni fikirdə olmayan üç amerikalı diplomat vəzifəsindən uzaqlaşdırıldı.

İraqda yaranan diplomatik boşluq və İranın sıxışdırılması: ABŞ-nin Bağdaddakı səfirlik boşluğu fonunda Barakın İraqa xüsusi elçi təyin edilməsi, Vaşinqtonun bu ölkədəki neft-qaz infrastrukturuna təsir etmək və İrana bağlı silahlı qruplaşmaların təsirini azaltmaq marağından xəbər verir. Barak öz maliyyə və siyasi rıçaqları ilə İraqı İrandan uzaqlaşdırıb regional inteqrasiyaya cəlb etməyi hədəfləyir.

Nəticə etibarilə, Tom Barak adi bir diplomat deyil; o, Ağ Evin regional təhlükəsizlik, CIA kəşfiyyat koordinasiyası və qlobal maliyyə maraqlarını eyni mərkəzdə birləşdirən geosiyasi layihəsidir. Onun Türkiyə mərkəzli üçqat idarəetmə vəzifəsi, qarşıdakı dövrdə Yaxın Şərqin hərbi və iqtisadi xəritəsinin ABŞ-nin yeni planlarına uyğun olaraq yenidən qurulacağını aydın şəkildə göstərir.

Nicat Osmanlı

XƏBƏR LENTİ
04 IYUN 2026
Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Bütün Xəbərlər