Tehran öz əleyhinə qurulan ittifaqa qoşula bilər? – Məkkə ssenarisi
Oktyabrın 27-si İran Prezidenti Məsud Pezeşkian, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın arasında görüş keçirilib.

Pezeşkian görüşdən sonra ölkəsinin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə ittifaqına qoşulmasını istisna etməyib. İran lideri Tehranın regional təhlükəsizliyin təmin olunması məqsədilə yaradılan ittifaqda iştirak etməyə hazır olduğunu bildirib. O, həmçinin bu dörd ölkənin qarşıdurma əvəzinə birləşməsinin vacibliyini vurğulayıb.
Bəs bu açıqlamalardan sonra İranın Məkkə sazişinə qoşulacağını demək olarmı?
Sözügedən mövzu ilə bağlı siyasi analitik Sədrəddin Soltan TodayPress TV-yə danışarkən bildirib ki, Pezeşkianın Məkkə ittifaqına qoşulması bəyanatı diplomatik açıqlamadır.

Politoloq xatırladıb ki, Məkkə sazişinin yaranmasının əsas ideyası xarici hücum və müdaxilələrdən ölkənin ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaqdır.
“Həm Səudiyyə Ərəbistanı, həm Pakistan, həm də Türkiyə zaman-zaman xarici hücumlarla üzləşib. Belə ki, Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi husilərin hərbi zərbələrinə məruz qalır, Pakistan İran və Hindistanla qarşıdurmalar yaşayır. Türkiyə isə PKK və sonrakı mərhələdə onun törəmə qruplaşmalarının müxtəlif formalarda həyata keçirdiyi hücumlarla üzləşib.
Göründüyü kimi, Məkkə sazişini imzalayan müttəfiqlər İran tərəfindən gələn təhlükələrdən qorunmağı da qarşılarına məqsəd qoyublar. Bu, həm də Məkkə sazişinin əsas hədəflərindən biridir. Digər məqsədlər isə regionda sülhün və əməkdaşlığın təmin edilməsi, eləcə də bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərilməsidir”, - deyə o izah edib.
Analitik vurğulayıb ki, əgər Tehran hakimiyyəti perspektivdə Səudiyyə Ərəbistanına və regionun digər ölkələrinə, o cümlədən İsrailə qarşı düşmənçilik mövqeyindən yanaşmasa, İranın Məkkə sazişinə qoşulmaq ehtimalı var. Əks halda, əgər rəsmi Tehran Təl-Əvivə qarşı yenidən “İsraili dünyanın siyasi xəritəsindən siləcəyik” kimi şüarlar səsləndirər və onunla qarşıdurmaya gedərsə, bu ölkənin Məkkə sazişinə qoşulması ittifaqın təməl prinsiplərinə zidd olar. Çünki Məkkə ittifaqı heç bir ölkənin ərazisinə müdaxiləyə və bu kimi addımlara imkan vermir.
Aysel Mətləb