İran "Məkkə İttifaqı"na qoşulacaq? - RƏY
"Tehranda İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmilərinin iştirakı ilə keçirilən dördtərəfli təhlükəsizlik görüşü regionda münaqişənin qarşısının alınmasına hesablanıb".
Bunu politoloq Natiq Miri mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşün əsas məqsədlərindən biri İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının qarşısını almaq, eləcə də regiondakı münaqişənin qlobal iqtisadiyyata vurduğu zərəri azaltmaqdır.
Politoloq hesab edir ki, İranın Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılması nəzərdə tutulan hərbi-siyasi birliyə qoşulması real görünmür.
Onun fikrincə, Tehran belə bir birlikdə sıravi üzv olmaq deyil, əsas qərarverici tərəf kimi çıxış etmək istəyər.
“İran, əlbəttə, belə bir müqavilənin, sazişin və ya birliyin nüvəsində dayanmaq, onu idarə edən əsas tərəf olmaq istəyərdi. Düşünürəm ki, buna imkan verilməz”, - Natiq Miri bildirib.
O qeyd edib ki, İran uzun müddətdir şiə qövsü yaratmaqla müsəlman əhalinin üstünlük təşkil etdiyi dövlətlərə liderlik etmək iddiasındadır. Politoloqun fikrincə, Tehran hazırda da bu iddialardan geri çəkilmək niyyətində deyil. O, İranın nüvə proqramı ilə bağlı mövqeyini də buna nümunə göstərib.
Müsahibimiz vurğulayıb ki, İranın nüvə məsələsində mövqeyini dəyişməməsi ABŞ ilə mümkün razılaşmaların əldə olunmasını çətinləşdirir və yeni hərbi əməliyyatlar riskini artırır:
“Belə bir iddia sahibi olan ölkənin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı pakta, müqaviləyə və ya birliyə sıravi üzv kimi qoşulmağa razı olacağını gözləmək olmaz. Ona görə də belə bir birlik yalnız ehtimal olaraq qalacaq. Açığı, üfüqdə belə bir birliyin yarandığını göstərən əlamətlər də görünmür”.
O, Tehrandakı görüşün İsrailə qarşı vahid hərbi-siyasi cəbhənin yaradılması ilə nəticələnəcəyinə də şübhə ilə yanaşıb. Natiq Mirinin sözlərinə görə, regionda sabitliyə təhlükə yaradan tərəflər arasında İsraillə yanaşı, İran da var.
Analitik hesab edir ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı yaranan risklər qlobal iqtisadiyyata ciddi zərər vurur:
"İranın ticarət gəmilərinə qarşı təhdidləri region dövlətlərinin maraqlarına uyğun deyil və bu şəraitdə Tehranla digər ölkələr arasında ciddi hərbi-siyasi yaxınlaşmadan danışmaq tezdir".
O, həmçinin Məkkə sazişinin hələ hüquqi və praktiki baxımdan tam formalaşmadığını bildirib. Qeyd edib ki, sazişin parlamentlərdə təsdiqlənməsi, müvafiq mexanizmlərin hazırlanması və onların real şəraitdə işləkliyinin yoxlanılması vacibdir.
Ekspertin qənaətinə görə, yalnız bu mərhələlər başa çatdıqdan və birliyin real imkanları nümayiş etdirildikdən sonra Məkkə sazişi regionda çəkindirici güc mərkəzinə çevrilə bilər. Həmin vaxta qədər isə İsrail ABŞ-nin dəstəyi və bir sıra Qərb ölkələrinin yardımı ilə regiondakı mövqeyini qoruyacaq.