Azərbaycan cavab gözləyir - Ermənistan nə fikirləşir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sülh prosesini irəlilətmək üçün atılan birtərəfli addımlar və Ermənistan cəmiyyətinin sülhün hər iki ölkənin maraqlarına xidmət etməsini anlamalı olması barədə açıqlamaları regional gündəmin əsas müzakirə mövzusudur.
XİN başçısının bəyanatını TodayPress TV-yə şərh edən politoloq Yusif Bağırzadə Ermənistandan gözlənilən real addımları və sülh sazişinin imzalanması üçün vacib olan şərtləri geniş şəkildə təhlil edib.
O bildirib ki, Ceyhun Bayramovun mövqeyi dayanıqlı sülhün əldə olunması üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklərə uyğun konkret addımlar atmasının vacibliyini açıq şəkildə ortaya qoyur:
"Ceyhun Bayramovun mövqeyi özündə dayanıqlı sülh üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı konkret addımların atılmasının vacibliyini ehtiva edir. Bu mövqe göstərir ki, hazırkı mərhələdə əsas vəzifə əldə olunmuş razılaşmaları hüquqi və siyasi baxımdan tamamlanmış dövlətlərarası münasibətlər sisteminə çevirməkdir".
Politoloq deyib ki, sülh müqaviləsinin imzalanması üçün ən vacib şərt Ermənistanın əsas qanununda Azərbaycana qarşı yer alan ərazi iddialarının rəsmən aradan qaldırılmasıdır:
"Başqa sözlə, Ermənistandan gözlənilən addımlardan biri konstitusiya dəyişikliyi ilə bağlı məsələnin həllidir. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, Ermənistanın Konstitusiyasında və ona istinad edilən sənədlərdə ərazi iddiası kimi şərh olunan müddəalar aradan qaldırılsın. Bəli, Ermənistanın ayrı-ayrı rəsmiləri bu istiqamətdə bəyanatlarla çıxış edirlər, amma məsələ təkcə bəyanatlar verməklə bitmir. Vacib olan siyasi bəyanatları hüquqi addımlarla təsdiq etməkdir. Bu məsələnin həlli sülh sazişinin imzalanmasına dair qalan maneələrin aradan qaldırılmasına kömək edə bilər".
Sülhə aparan digər mühüm şərtləri sadalayan siyasi şərhçi sərhəd məsələlərinin və nəqliyyat xətlərinin bərpasının əhəmiyyətini diqqətə çatdırıb:
"Daha bir addım isə sərhədlərin delimitasiyası və demarkasiyasının davam etdirilməsi və anklavda olan kəndlərimizin boşaldılması ilə bağlı konkret addımların atılmasıdır. Sərhəd xəttinin razılaşdırılması mümkün insidentlərin qarşısının alınmasına, yerli əhalinin təhlükəsizliyinə və dövlət qurumları arasında praktiki əməkdaşlığa şərait yarada bilər. Ən nəhayət, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması da qarşılıqlı iqtisadi maraqlar formalaşdıraraq sülhün gündəlik həyatda hiss olunan nəticələrini artıra bilər".
Məsələnin mənəvi-sosial tərəflərini də şərh edən ekspert, cəmiyyətlərarası münasibətlərin və humanitar məsələlərin vacibliyini xüsusi vurğulayıb:
"Onu da nəzərə almaq lazımdır ki, sülh yalnız hökumətlər arasında imzalanan sənəddən ibarət deyil. Ermənistan cəmiyyətində düşmənçilik ritorikasının azaldılması, itkin düşmüş şəxslərlə və mina xəritələri ilə bağlı əməkdaşlıq və qarşılıqlı etimadın tədricən qurulması uzunmüddətli sabitlik üçün əhəmiyyətlidir. Ümumilikdə isə Ermənistanın atacağı addımlar sülh sazişinin hüquqi cəhətdən yekunlaşdırılmasına, sərhədlərin müəyyənləşdirilməsinə və regional əməkdaşlığın genişlənməsinə xidmət edə bilər", - deyə Y.Bağırzadə fikrini tamamlayıb.
Türkan İsgəndərli