İranda talışların başına hansı oyunlar açılır? Faktlar İran pərdəsini dəlib keçir!

İranda talışların başına hansı oyunlar açılır? Faktlar İran pərdəsini dəlib keçir!
27.10.2026 16:40 Təhlil

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasını tələb edənləri tənqid edən İran tərəfdarları Azərbaycanda talış dilinin tədrisi məsələsini gündəmə gətirirlər. Onların irəli sürdüyü sual budur: "İrandakı türklərə Azərbaycan dilində təhsil tələb edənlər niyə Azərbaycandakı talışlara talış dilində təhsil tələb etmirlər?" 

Bu iddianı yoxlamaq üçün hər iki ölkədə ana dilində təhsilin real vəziyyətinə baxaq.

Azərbaycanda talış dilinin tədrisi üçün dövlət tərəfindən dərsliklər nəşr olunur.

2024-cü ildə yayımlanan rəsmi məlumata görə, 2022-ci ilin göstəriciləri əsasında ölkənin 251 məktəbində talış dili tədris edilib. Talış dili üzrə dərsliklər, əlifba və tədris proqramları da dövlət vəsaiti hesabına hazırlanıb.

İranda isə vəziyyət fərqlidir. İran Konstitusiyasının 15-ci maddəsində yerli və etnik dillərin mətbuatda və məktəblərdə ədəbiyyatının tədrisi zamanı fars dili ilə yanaşı istifadəsinə icazə verilsə də, bu müddəa talış dilində ayrıca məktəblərin fəaliyyət göstərdiyini və həmin dildə rəsmi dərsliklərin mövcud olduğunu göstərmir. Açıq mənbələrdə İranda talış dilində dövlət məktəblərinin və rəsmi dərsliklərin mövcudluğunu təsdiqləyən heç bir rəsmi məlumat yoxdur.

İranın özündə ana dillərinin məktəblərdə tədrisi məsələsi də kəskin mübahisə mövzusudur. 26 fevral 2025-ci ildə İran parlamenti yerli və etnik dillərin ədəbiyyatının məktəblərdə həftədə iki saat tədrisini nəzərdə tutan qanun layihəsini qəbul etmədi. Səsvermədə 130 deputat layihənin əleyhinə, 104 deputat lehinə səs verdi, beş deputat bitərəf qalıb. Bu fakt İranda ana dili təhsili məsələsinin yalnız talışlarla deyil, digər qeyri-fars xalqlarla da bağlı olduğunu gösterir.

Talışlar İranın əsasən Gilan ostanında, o cümlədən Astara, Talesh, Rəzvanşəhr və Masal ərazilərində yaşayırlar. Ərdəbil ostanının Nəmin və Xalxal ətrafında da talış icmaları var. Lakin bu bölgələrdə talışların həmin dildə məktəb və rəsmi dərslikləri yoxdur. Hətta İrandakı bəzi yerli mənbələrdə belə illər əvvəl yazıldığı kimi, orada bu istiqamətdə edilən cəhdlər sadəcə məhdud "pilot layihə" səviyyəsində qaldı, dövlət tərəfindən rəsmi məktəb proqramına çevrilmədi və davamı gəlmədi. Çünki İranda qeyri-fars dillərdə təhsilə dövlət səviyyəsində icazə verilmir.

Tehran rejiminin öz ölkəsində yaşayan talışlara qarşı həyata keçirdiyi sistemli mənəvi və siyasi zülm faktlarla göz önündədir:

Sistemli dil assimilyasiyası: İran rejimi talış dilini rəsmi təhsildən, məhkəmələrdən və kargüzarlıqdan tamamilə silib. Uşaqlar öz ana dillərində 1 saat belə rəsmi dərs ala bilmirlər.

Mədəniyyət fəallarına qarşı həbslər: İranda talış dili, tarixi və folkloru ilə bağlı jurnal nəşr etməyə, sayt idarə etməyə və ya dərnək yaratmağa çalışan fəallar dərhal kəşfiyyat (Ettelaat) tərəfindən "milli təhlükəsizliyə təhdid" və "separatizm" ittihamı ilə zindanlara atılır.

Tarixi ərazilərin parçalanması: Tehran mərkəzi hakimiyyəti talışların sıx yaşadığı bölgələri Gilan və Ərdəbil ostanları arasında bölərək, onları vahid mədəni-inzibati güc kimi təşkilatlanmaqdan məhrum edir, tarixi toponimləri farslaşdırır.

İqtisadi təcrid və miqrasiya siyasəti: Talışların yaşadığı dağlıq və Xəzəryanı zonalara investisiya qoyulmur, əhali sosial-iqtisadi sıxıntılarla üz-üzə qoyularaq öz dədə-baba torpaqlarından köç etməyə məcbur edilir.

Burada əsas sual ortaya çıxır: İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüququnu müdafiə edənlərə irad bildirən İran tərəfdarları İranda talış dilinin məktəblərdə tədrisi məsələsinə niyə eyni diqqəti göstərmirlər? İranda talış dilində rəsmi məktəb və dərslik olduğunu iddia edirlərsə, konkret məktəbin adını, dərsliyi və tədris proqramını ortaya qoysunlar.

Bu məsələdən İranda yaşayan azərbaycanlıların ana dilində təhsil tələbini gözdən salmaq üçün istifadə etmək istəyirlər, amma yenə də bəhanələri əllərində partlayır. İran bu şovinist ideallarından əl çəkməli, ana dilində təhsil həm azərbaycanlılar, həm də talışlar üçün eyni prinsip əsasında tətbiq olunmalıdır.

Sözlə deyil, faktla danışaq: Azərbaycanda talış dili dərslikləri və mədəniyyəti rəsmi olaraq mövcuddur. İranda isə bütün qeyri-fars xalqların dili təhsildən silinib. 

Sənədli kadrlar:

  • AZTV — "Vətən-Azərbaycan" (Talışlar haqqında sənədli film):

    http://www.youtube.com/watch?v=rI_09b3xXRY

  • Real Vətən — Astara (Cənub bölgəsi haqqında veriliş):

    http://www.youtube.com/watch?v=-UBDkfHUd00


  • Jalə Rövşən 

    XƏBƏR LENTİ
    27 OKTYABR 2026
    Bütün Xəbərlər