Dünya niyə Bakıya sarı gəlir? - Regionda tək etibarlı ünvan
Azərbaycan təsadüfən beynəlxalq dialoq məkanına çevrilməyib.
Nə üçün dünya məhz Bakıda dialoq qurur?
Əsrin dörddəbirini geridə qoyduğumuz müasir dövrdə dünya ciddi böhranla üz-üzədir. Xəritənin müxtəlif nöqtələrində qütbləşmələr dərinləşir, beynəlxalq hüquq normaları pozulur, diplomatik kanallar isə getdikcə zəifləyir. Belə bir şəraitdə tərəfləri eyni masa arxasında əyləşdirmək siyasi iradə və qarşılıqlı etibar tələb edir. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında 100-dən çox ölkədən 500-dən artıq xarici nümayəndə iştirak edir. Bu, Bakının beynəlxalq münasibətlərdə qazandığı mövqeni göz önünə sərir.

Bəs nə üçün fərqli sivilizasiyaların, siyasi blokların və dövlətlərin nümayəndələri qlobal problemləri müzakirə etmək üçün məhz Bakıya gəlirlər?
Prezident İlham Əliyevin forumdakı çıxışında vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın qovuşduğu ərazidə yerləşir. Bu mövqe təkcə dəniz və quru yollarının kəsişməsi ilə məhdudlaşmır. Azərbaycan əsrlər boyu fərqli mədəniyyətlərin təmasda olduğu məkanlardan biri olub. Ölkə nə Şərqdən, nə də Qərbdən təcrid olunub, hər iki mədəniyyətin təsirini özündə birləşdirib. Bu baxımdan, Bakı nə Avropanın maraqlarına kənardan yanaşır, nə də Asiyanın və Qlobal Cənubun mövqeyinə yad bir şəhərdir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub”. Dünyanın müxtəlif bölgələrində multikulturalizm müzakirə mövzusuna çevrildiyi, ksenofobiya və islamofobiya halları artdığı bir vaxtda Azərbaycanın bu təcrübəsi həmişə diqqətdə olub.
Ölkədə müxtəlif etnik qrupların və dini icmaların yanaşı yaşaması uzun illər ərzində formalaşıb. Bu, yalnız xarici siyasətdə istifadə olunan fikir deyil, cəmiyyətin həyatında özünü göstərən təcrübədir. Bakıya gələn xarici nümayəndələr də bu münasibətləri yaxından görmək imkanı əldə edirlər.
Ölkəmizin beynəlxalq dialoq mərkəzinə çevrilməsi təkcə coğrafi mövqeyi ilə də bağlı deyil. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin mühüm rolu var. 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” və 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq müzakirələr üçün mühüm platformaya çevrilməsinə şərait yaratdı.
Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələrinin eyni masa arxasında bir araya gətirilməsi Azərbaycanın fərqli siyasi və mədəni çevrələr arasında dialoqa şərait yaratmaq imkanlarını göstərib. Qoşulmama Hərəkatına sədrlik dövründən qlobal iqlim və humanitar forumlara qədər müxtəlif istiqamətlərdə atılan addımlar da Bakının beynəlxalq əlaqələrini genişləndirib və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib.
Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan hazırda münaqişədən sonrakı dövrdə regionda dayanıqlı sülhün təmin olunması və bərpa işlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətdədir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası, dağıdılmış infrastrukturun yenidən qurulması və Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması Azərbaycanın qarşısında duran əsas məsələlərdəndir. Bu addımlar göstərir ki, Bakı dialoq çağırışlarını konkret layihələr və təşəbbüslərlə dəstəkləməyə çalışır.
Bu gün dünyada dialoq üçün etibarlı platformalara ehtiyac böyükdür. Bakı tarixi, müxtəlif mədəniyyətlərin yanaşı yaşaması təcrübəsi və Prezident Əliyevin həyata keçirdiyi xarici siyasət sayəsində belə platformalardan birinə çevrilib. Dünya Bakıda dialoq qurur, çünki bu şəhər fərqli mövqelərin bir araya gəlməsi və ortaq həll yollarının müzakirəsi üçün imkandır.
Jalə Rövşən