Rusiya milyardlarla pulunu Hindistandan necə xilas edəcək?

Rusiya milyardlarla pulunu Hindistandan necə xilas edəcək?
11.09.2026 17:17 Təhlil

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 11-dən 13-dək Hindistana səfəri nəzərdə tutulur. Səfər çərçivəsində Rusiya liderinin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü, eləcə də BRICS sammitində iştirakı və bir sıra ikitərəfli danışıqlar aparması gözlənilir.

Təsadüfi deyil ki, Rusiya mediası bu səfərə xüsusi diqqət çəkir.

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri və BRICS sammitində iştirakı qlobal güc balansında baş verən dəyişikliklərin bariz nümunəsidir. Qərbin sanksiyaları fonunda Moskvanın Asiya bazarına üz tutması artıq zərurətdir. Dehli isə bu prosesdə nə Qərbdən imtina edir, nə də Rusiya ilə əlaqələri kəsir, tam mənasıyla öz xeyrini düşünən soyuqqanlı siyasət yürüdür.

Amerika və Avropa Rusiya ilə ticarəti dayandırandan sonra Moskva öz neftini Asiyaya yönəltdi. Hindistan da fürsətdən istifadə edərək Rusiya neftini baha deyil, çox ucuz qiymətə almağa başladı. Vaşinqton nə qədər təzyiq etsə də, Dehli geri çəkilmədi və iki ölkə arasında ticarət 60 milyard dolları keçdi. Lakin burada böyük bir problem yarandı: Rusiya Hindistana nəhəng həcmdə neft satır, amma Hindistandan eyni həcmdə mal ala bilmir. Üstəlik, ödənilən milyardlarla rupi Hindistan banklarında donub qalıb, Rusiya bu pulları başqa ölkələrdə xərcləyə bilmir. Putinin Dehli danışıqlarında bu "donmuş pullar" məsələsinə həll axtarılacaq.

Əvvəllər Hindistan ordusunun silahlarının yarıdan çoxu Rusiyadan alınırdı. İndi isə Hindistan təkcə bir ölkədən asılı olmaq istəmir. O, Fransadan "Rafale" qırıcıları almağa başlayıb və öz yerli istehsalını gücləndirir. Buna baxmayaraq, Rusiyanın S-400 raket sistemləri kimi güclü texnikası hələ də Dehli üçün cəlbedicidir. Moskva isə bu bazarı tamamilə itirməmək üçün Hindistana birgə silah istehsalı təklif edir.

Dehlinin siyasəti tam olaraq praqmatizmə söykənir. Hindistan bir tərəfdən Çinə qarşı ABŞ, Yaponiya və Avstraliya ilə eyni bloka daxil olur, digər tərəfdən Rusiya ilə ticarəti və atom energetikası layihələrini davam etdirir. Ukrayna münaqişəsində də tərəf tutmayan Baş nazir Narendra Modi bu görüşdə sülh çağırışları edərək özünü dünyada vasitəçi kimi göstərməyə çalışacaq.

Yəni Rusiya-Hindistan tərəfdaşlığının arxasında heç bir ideoloji dostluq və ya duyğusallıq dayanmır. Bu, xalis bazar hesabıdır: Rusiya sanksiyalar fonunda batmamaq üçün malını satmağa etibarlı tərəfdaş axtarır, Hindistan isə fürsətdən istifadə edərək ucuz resurs alır və öz milli maraqlarını qoruyur.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər