Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL

Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL
15.07.2026 16:10 Təhlil

Kreml 1993-cü ildə öz imzasını atdığı prinsipi rədd edir

Dmitri Peskov iyulun 14-də Azərbaycanın Ukrayna ilə bağlı mövqeyini “yanlış” adlandırdı və onu “əsaslandırılmış arqumentlərlə” izah etməyə davam edəcəklərini bildirdi. Problem burasındadır ki, İlham Əliyevin Şuşada səsləndirdiyi tezis Bakının ixtirası deyil. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Rusiyanın özünün səs verdiyi bir prinsipin sözbəsöz təkrarıdır.

Dəqiq nə deyildi

İyulun 13-də IV Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab verən Azərbaycan Prezidenti dedi:

“Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz.”

Ertəsi gün Kreml sözçüsü cavab verdi:

“Hesab edirik ki, bu mövqe yanlışdır. Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik.”

Diqqət yetirin, Peskov konkret bir siyasi qərarı deyil, bir hüquqi normanı “yanlış” adlandırdı. Çünki Əliyevin cümləsində siyasi qiymətləndirmə yoxdur.

Orada BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi var: dövlətlər beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqindən çəkinməlidirlər. Orada 1975-ci il Helsinki Yekun Aktının “sərhədlərin toxunulmazlığı” prinsipi var. Kreml bunları “arqumentlərlə” təkzib edəcəyini vəd edir.

Bakının bu prinsipə niyə bu qədər bağlı olduğunu anlamaq üçün otuz il geriyə baxmaq kifayətdir.

1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi — 822, 853, 874 və 884 saylı. Bu sənədlərin hər biri Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir, işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Və hər dördü də yekdilliklə qəbul olundu.

Yekdilliklə — yəni Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya Federasiyası da onların hamısına lehinə səs verdi. Moskva 1993-cü ildə rəsmən təsdiqlədi ki: ərazi bütövlüyü toxunulmazdır; güc yolu ilə ələ keçirilmiş torpaq qanuni sayıla bilməz; işğal nə qədər uzun sürsə də, hüquqi status yaratmır.

Azərbaycan otuz il məhz bu sənədlərə söykəndi. Danışıqlar masasında, BMT tribunasında, hər beynəlxalq platformada eyni cümləni təkrarladı: işğal faktı zamanla qanuniləşmir. 2020-ci ildə ərazi bütövlüyünü bərpa edəndə də hüquqi əsas elə bu qətnamələr oldu.

İndi Kreml sözçüsü Bakıdan həmin prinsipdən imtina etməyi gözləyir. Amma Azərbaycan bu prinsipdən imtina etsəydi, öz suverenliyinin hüquqi bünövrəsini söküb atmış olardı. Bakı Ukrayna üçün nə deyirsə, otuz il ərzində özü üçün onu deyib. Fərqli bir şey demək özünü təkzib etmək deməkdir.

İkinci sənəd daha da konkretdir. 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina etdi. Əvəzində üç dövlət — ABŞ, Böyük Britaniya və Rusiya Federasiyası  memorandum imzalayaraq Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etməyi, ona qarşı güc tətbiq etməməyi öhdəliyə götürdü.

Yəni Ukraynanın sərhədlərinin toxunulmazlığı Rusiyanın razılaşmadığı xarici bir tələb deyil. Bu, Rusiyanın öz imzası ilə verdiyi zəmanətdir. Ukrayna öz tərəfini yerinə yetirdi  nüvə silahını təhvil verdi. 2014-cü ildə Krımın anneksiyası və 2022-ci ildən davam edən genişmiqyaslı işğal isə həmin zəmanətin ikinci tərəfinin taleyini göstərdi.

BMT Baş Assambleyası 2022-ci il martın 2-də 141 səslə Rusiyanın Ukraynaya təcavüzünü pislədi və qoşunların dərhal çıxarılmasını tələb etdi. Həmin ilin oktyabrında dörd vilayətin ilhaqı cəhdi 143 səslə hüquqi qüvvəsi olmayan akt kimi tanınmadı. Beynəlxalq hüquq baxımından mövzu mübahisəli deyil: söhbət işğaldan gedir.

Peskovun açıqlamasının əsl məzmunu budur: müharibəyə hüquqi meyarla yanaşmağın özü “səhv” elan olunur.

Kreml sözçüsü Bakının hansı faktı yanlış bildiyini göstərmir, hansı hüquq normasını yanlış tətbiq etdiyini izah etmir. O, sadəcə mövqenin özünü “yanlış” adlandırır və “izah etməyə davam edəcəyik” deyir. 

Halbuki dörd il ərzində Moskva Bakının anlaya biləcəyi yeganə dildə — faktların dilində kifayət qədər “izahat” verib. İyulun 6-da Azərbaycan XİN Rusiyanın səfirini çağıraraq Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalmasına görə rəsmi etiraz notası təqdim etdi. Bu, ilk hal deyil: ötən il də Ukraynadakı Azərbaycan obyektləri dəfələrlə Rusiya zərbələrinə tuş gəlib. Yəni Bakının mövqeyi yalnız hüquqi mücərrədlik deyil, Azərbaycanın öz əmlakı, öz vətəndaşları həmin işğalın hədəf dairəsindədir.

Bakının mövqeyini konyunktura kimi göstərmək cəhdi ilk baxışdan inandırıcı görünə bilər. Amma elə həmin Şuşa çıxışına diqqətlə baxsaq, əksi görünür.

Əliyev eyni forumda Rusiya ilə münasibətlərin “tamamilə normallaşdığı”nı, təmasların hökumətlər, XİN-lər və prezident administrasiyaları xətti ilə işlədiyini bildirdi. Eyni çıxışda müharibənin “dərhal dayandırılmalı” olduğunu deyərək bunu “Azərbaycanın və mənim insani mövqeyim” adlandırdı. Yəni Bakı nə Moskvanı təcrid etməyə çağırır, nə də müharibənin davamında maraqlı tərəfin yanında dayanır.

Bakının dediyi tək şey budur: sərhədlər güclə dəyişdirilə bilməz. Bu tezis nə anti-rus, nə pro-Qərb, nə də konyunktur bir mövqedir. 

Maraqlıdır ki, praqmatizmi Peskovun özü təklif edir: “Bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün bir səbəb deyil… Münasibətlərimizi hər cür inkişaf etdirməliyik, xüsusən də Azərbaycan kimi bir ölkə ilə.” Bu cümlə etirafdır. Kreml bilir ki, Bakı mövqeyini dəyişməyəcək  və dəyişməyəcəyini bilə-bilə münasibətləri davam etdirmək istəyir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər