Rüfət Quliyev: “Azərbaycan–Yunanıstan əməkdaşlığında əsas məsələ ticarət dövriyyəsidir“
Ötən gün Azərbaycan və Yunanıstan gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüş keçirilib. Görüşdə iki ölkə arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi və əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Mövzu ilə bağlı TodayPress TV iqtisad elmləri doktoru, professor, IV çağırış Milli Məclisin deputatı Rüfət Quliyevin fikirlərini öyrənib.

Rüfət Quliyev bildirib ki, hər iki ölkənin ikitərəfli ticarət əlaqələrini artırmaqda marağı var. Onun sözlərinə görə, beynəlxalq ticarət dövriyyəsinin artması iki ölkənin biznes qurumları arasında əlaqələrin daha sıx qurulmasına imkan verə bilər.
“İlk öncə qeyd etmək lazımdır ki, hər iki ölkənin böyük marağı var ki, ikitərəfli ticarət əlaqələrini artırsınlar. Ticarət, beynəlxalq ticarət dövriyyəsi artsın ki, biznes qurumları, iki ölkənin biznes qurumları daha sıx əlaqə qursunlar. Təbii ki, bu əlaqələr dövlətlərarası münasibətlərin əsasında qurulur. Əgər iki dövlətin arasında münasibətlər kifayət qədər yaxşıdırsa, effektivdirsə, biznes strukturları üçün də, sahibkarlar üçün də işləmək daha rahatdır”, – deyə ekspert bildirib.
Professor qeyd edib ki, son iyirmi ildə Azərbaycanın xarici əlaqələri, xarici münasibətləri, eləcə də ticarət və iqtisadi münasibətləri yüksək sürətlə artır.
Rüfət Quliyev Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında enerji daşıyıcılarının ixracının xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Bizim üçün və Avropa üçün indiki zamanda ən maraqlısı Azərbaycanın enerji daşıyıcılarından Avropa ölkələrini təmin etməkdir. O cümlədən neftdir, qazdır. Bu, Avropa üçün bugün ən problematik məsələlərdən biridir. O cümlədən Yunanıstanın özü üçün də. Və təbii ki, Azərbaycan öz strateji məhsulları ilə bölüşməyə, ixrac etməyə hazırdır və cənab prezidentin artıq tapşırıqları var”, – deyə Rüfət Quliyev vurğulayıb.
Onun sözlərinə görə, gələn il Azərbaycanın Avropaya qaz ixracının 20 milyard kubmetrdən çox olması nəzərdə tutulur.
Rüfət Quliyev bildirib ki, tərəfdaş ölkələrlə davamlı və normal əməkdaşlıq münasibətlərin inkişafına müsbət təsir göstərir.
“Reallıq onu göstərir ki, o ölkə ki, daimi öz tərəfdaşları ilə normal formada əməkdaşlıq qurur, bundan alət kimi, siyasi alət kimi və yaxud iqtisadi alət kimi istifadə etmirsə, bu ölkələrin münasibətləri tam kökündən normal formada qurulur”, – deyə ekspert qeyd edib.
Professor Azərbaycan və Yunanıstan arasında əvvəllər müəyyən problemlərin yarandığını da xatırladıb. Onun sözlərinə görə, bu məsələlərdə Türkiyə–Yunanıstan münasibətləri və Kiprlə bağlı məsələlər də rol oynayıb.
“Bizim dövlətin müdrik xarici siyasətinin nəticəsində biz bütün ölkələrlə bu və digər formada konsensusa gəlib çıxa bilirik. Münasibətlərimizi tənzimləyə bilirik, inkişaf etdirə bilirik. Bax, əsas məqam, leytmotiv budur. Əgər bunlar olanda, normal başa düşməli məsələlər həll olunanda problemlər qalmır. Onda da hər iki ölkə normal formada öz işlərini qurur”, – deyə Rüfət Quliyev bildirib.
Ekspert hesab edir ki, Azərbaycan və Yunanıstan arasında son qərarlar və atılan addımlar müsbət nəticələr verə bilər. O, Yunanıstanın Avropanın bir hissəsi olduğunu da qeyd edərək, iki ölkə arasındakı münasibətlərin inkişafının müsbət istiqamətdə olacağına inandığını bildirib.
Gültac Mehdizadə