Regional oyunçular Azərbaycanın başına yığışdılar - Bakıdan Birinci Şəxsin mesajları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu rəsmi Bakını beynəlxalq arena fərqli gücləri və regional oyunçuları bir araya gətirən etibarlı dialoq platformasına çevirib.
Son illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlikdən və COP29 kimi qlobal tədbirə ev sahibliyindən sonra Azərbaycan növbəti böyük beynəlxalq məsuliyyəti üzərinə götürərək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM / CICA) sədrlik edir.
AQEM-ə 2024–2026-cı illər üçün rəhbərlik edən Azərbaycan, təşkilatın yalnız beynəlxalq nüfuzunu artırmaqla kifayətlənmir, həm də onun institusional baxımdan güclənməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində həlledici rol oynayır.
AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) — Asiya qitəsində sülh, təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlığı təmin etmək məqsədilə yaradılmış beynəlxalq forumdur. 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə yaradılıb. Bu platforma Avrasiya məkanının ən nüfuzlu və fərqli siyasi qütblərini bir araya gətirir. Təşkilatın tərkibinə Çin, Rusiya, Türkiyə, Hindistan, Pakistan, İran, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Misir, İsrail, Fələstin, Vyetnam, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər dövlətlər daxildir. Bundan əlavə, bir sıra müşahidəçi dövlətlər və beynəlxalq təşkilatlar proseslərdə iştirak edir.
Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimadı artırmaq, siyasi, iqtisadi, humanitar və ekoloji sahələrdə əməkdaşlığı dərinləşdirməkdir.
Azərbaycan AQEM-in təsisçi üzvlərindən biridir və 1999-cu ildən aktiv iştirak edir. Xüsusilə nəqliyyat dəhlizləri sahəsində etimad quruculuğu tədbirlərinin əlaqələndiricisi kimi ölkəmiz mühüm rol oynayıb.
2024-cü ilin 17 dekabrında Qazaxıstandan sədrliyi təhvil alan Azərbaycan “Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı altında fəaliyyətə başlayıb və bir çox faydaları var.
Azərbaycanın bu sahədəki aktiv diplomatik fəaliyyəti göstərir ki, ölkəmiz yalnız regional lider deyil, həm də Asiya ilə Avropa arasında strateji və etibarlı körpü rolunu daha da möhkəmləndirir.
Qeyd edək ki, 1 okytabr tarixində Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılara müraciət edib.
Dövlət başçısı bildirib ki, AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir:
"Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir".
Məlumat üçün bildirək ki, AQEM Dövlət və Hökumət Başçılarının Sammiti (Zirvə görüşü) 15 oktyabr 2026-cı il tarixində Bakıda keçiriləcək.
Türkan İsgəndərli