Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi"

Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi"
28.07.2026 15:28 Təhlil

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanın KTMT-yə müraciət etməsinə baxmayaraq, təşkilatın mexanizmlərinin işə salınması mümkün olmayıb. O, bunu Qarabağın həmin dövrdə Ermənistan tərəfindən rəsmi şəkildə nə öz ərazisi, nə də müstəqil qurum kimi tanınmaması ilə əsaslandırıb. Azərbaycanın Xarici İşlər Nazirliyi bu açıqlamanı qəbuledilməz adlandırıb. Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Maraqlıdır, məqsəd nədir?

Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışıb.


O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin yenidən Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsi, bunu Ermənistanla bağlaması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müharibə dövründə bu prosesə qoşulub-qoşulmayacağı barədə şərh verməsi, təbii ki, qəbul edilməzdir.

"Azərbaycandan rəsmi şəkildə, mən hesab edirəm ki, Rusiyaya nota verilməlidir. Biz görürük ki, Rusiya Xarici İşlər Nazirliyi daim bu məsələni gündəmə gətirir və belə bir təəssürat yaranır ki, Rusiya bundan Azərbaycana qarşı istifadə etməyə çalışır", – politoloq deyib.

Onun sözlərinə görə, Rusiya regionda yeni geosiyasi reallıqları qəbul etmək istəmir:

"Hər fürsətdə yenidən keçmiş Qarabağ məsələsini gündəmə gətirir. Bu gün Ermənistanla Azərbaycan arasında artıq normal münasibətlər sistemi formalaşır, etimad quruculuğu davam edir, sülh mətninin paraflanması reallaşıb. Tərəflər arasında artıq bir çox sahələrdə iqtisadi münasibətlər var. Belə olan təqdirdə, yenidən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin Qarabağ məsələsini gündəmə gətirməsi, KTMT ilə bağlı məsələləri yenidən Ermənistan–Azərbaycan kontekstində şərh etməsi göstərir ki, Moskva yenidən Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmağa çalışır".

M. Əsədullazadə diqqətə çatdırıb ki, cənab Prezident telefon danışığında Vladimir Putinə bununla bağlı Azərbaycanın rəsmi mövqeyini çatdırıb:

"Bu məsələlərə, düşünürəm ki, son qoyulmalıdır. Rusiya bu məsələdə Ermənistanla Azərbaycan arasında hər hansı bir prosesi qızışdıra bilməz. Məsələ ilə bağlı, əgər Rusiya ilə Ermənistan arasında problem varsa, təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi də obyektiv mövqe ortaya qoyur. Bunu Azərbaycanla bağlı etməsinlər. Ermənistanla bağlı problemlərini öz aralarında həll etsinlər".

Ekspert Moskvanın yenidən İrəvanla Bakı arasında hər hansı bir konflikti qızışdırmağa cəhd etdiyini vurğulayıb:

"Bu, qəbul edilməzdir. Moskva ən yaxşı halda gedib Ukrayna məsələsi ilə bağlı problemini həll etsin. Özü müharibə şəraitindədir, qonşularla dil tapa bilmir, Cənubi Qafqazda isə prosesləri yenidən tətikləməyə çalışır".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Qarabağ Rusiyanı niyə "yandırır?" - Bakı Moskvanın əlini "kəsdi" — 1
XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər