Prezident ad çəkmədi, amma bu ölkələr Azərbaycana "HÜCUM" etdi

Prezident ad çəkmədi, amma bu ölkələr Azərbaycana "HÜCUM" etdi
05.10.2026 11:18 Təhlil

Hakim partiyanın qurultayları adətən sıradan bir tədbir kimi nəzərə çarpır, lakin oktyabrın ikisində Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının səkkizinci qurultayı bu standartlardan kənara çıxdı və xüsusilə də Prezidentin çıxışı ətrafında səngiməyən böyük müzakirələr yarandı. Şübhəsiz ki, bu müzakirələr eyni zamanda təkcə Azərbaycan ərazisini əhatə etmədi və çıxışda səsləndirilən mesajların orbiti bir sıra ölkələrdəki maraq dairələrinin də diqqətinə düşdü.

Bu baxımdan, nitqdən irəli gələn bir sıra ciddi şifrələri, mesajları ətraflı şəkildə təhlil etməyə ehtiyac var. Onu da vurğulamaq lazımdır ki, YAP-ın qurultayı Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən və suverenliyini tam qazandıqdan sonra keçirilmiş ilk qurultaydır. Nitqin ümumi leksik təhlili göstərir ki, Azərbaycan Prezidenti daha çox "Azərbaycan" sözündən istifadə edib. Şübhəsiz ki, dövlət, xalq, milli maraqlar anlamında "Azərbaycan" sözünün böyük ölçüdə işlədilməsi, Prezidentin ümumi nitqinin mərkəzində dayanması ən əhəmiyyətli mövzunun da məhz bu olduğu qənaətini doğurur. Əlbəttə, ikinci sırada "partiya" ifadəsi gəlir. Prezident qurultayda çıxış etdiyinə görə partiya ilə bağlı ciddi məsələlərə toxundu. Diqqətçəkən üçüncü vacib nöqtədə isə "Qarabağ", "Zəfər" və "Ermənistan" ifadələri var idi.

Artıq proses də göstərir ki, Azərbaycan qələbəni əldə etdikdən sonra Qarabağdır, müharibədir, Ermənistandır kimi mövzular arxa plana keçib. İndi sülh quruculuğu, geosiyasi proseslərdə ölkənin iştirakı, Azərbaycanın qarşısında duran, həllini gözləyən ideoloji məsələlər Prezident tərəfindən ön plana çəkildi. O cümlədən, postmüharibə dönəmində ölkənin quruculuğu və azad torpaqların məskunlaşması məsələlərinə xüsusi bir baxış sərgiləndi.

Nitqin ən yeni, ən vacib nöqtəsi ideoloji təhlükəsizliklə bağlı olan hissə idi. Prezident açıq dillə bəyan etdi ki, bizim böyrümüzdə gecə-gündüz Azərbaycan dilində danışan təxribat mərkəzləri mövcuddur. Faktiki olaraq Prezident qatı ideoloji təhlükəsizlik məsələsini bilavasitə fiziki təhlükəsizlik prosesi ilə bir nöqtəyə çəkdi və onun o dərəcədə əhəmiyyətli olduğunu bildirdi. Təbii ki, ölkə adı çəkmədi, lakin artıq analitiklər də başa düşdü ki, "cənub qonşumuz" deyəndə hansı ölkə nəzərdə tutulur. Azərbaycanın bu ideoloji məkanı, azərbaycanlıların beyni yad təsirlərdən azad olunmalıdır. Bu, mütləq şəkildə xarici siyasətin mərkəzində dayanır. Əlbəttə ki, daxili ideologiya ilə xarici siyasət əvvəllər başqa-başqa sahələr kimi təqdim olunsa da, artıq görünür ki, Prezident çox uğurlu xarici siyasət xəttini öz həllini gözləyən məsələləri nəzərə alaraq daxili trendlərə qatdı, birləşdirdi. Prezident ideoloji işin hazırda həyata keçirilmə formalarını tənqid etdi, şablonlarla bağlı məsələlərə toxundu.


Nitqin ikinci mühüm xətti tarixi yaddaşdır. Prezident bildirdi ki, 90-cı illərdəki böhranlar və torpaq itkilərindən sonra Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan dövlətçiliyi xilas oldu. Lakin unutmaq lazım deyil ki, artıq Azərbaycanın müasir gəncliyi dövlətçiliyin nə cür xilas olunduğunu bilməlidir. 93-cü ili görməyən nəsillər yetişib, indi onlar bu tarixi dərsliklərdən oxuyurlar. Prezident canlı nümunə kimi öz nitqində bundan istifadə etdi və Ermənistanın indiki rəhbərliyinə də müəyyən xatırlatma verdi. 2018–2020-ci illərdə Paşinyan administrasiyasının ilkin müharibə məntiqini ciddi tənqid etdi. Hər halda, buna da mesaj verdi ki, Ermənistanın indiki hakimiyyəti əvvəl etdiyi səhvləri təkrarlamasın. Ola bilər ki, hansısa müharibə meyilləri var, Prezident ona görə xatırlatma etdi ki, yenə də aqibətiniz eyni olacaq.

Üçüncü xətt xarici siyasətin dəyərləri ilə bağlı idi. Prezident bildirdi ki, xarici siyasət xəttində ikiüzlü, riyakar olmaq lazım deyil. Bununla bağlı Minsk qrupunu və Minsk qrupu ölkələrini tənqid etdi. Qərb parlamentlərinin ikiüzlülüyünü, Azərbaycana qarşı hansısa lobbilərin təsiri ilə qətnamə qəbul etməyə çalışdıqlarını tənqid etdi, sanksiyalara qarşı münasibət bildirdi və Azərbaycanın açıq diplomatiya yeritdiyini çatdırdı.

Dördüncü xətt, əlbəttə ki, Yeni Azərbaycan Partiyası ilə bağlıdır, buna ətraflı toxunarıq. Nitqin ritorik baxımdan ən maraqlı cümləsi elə bu idi: bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Hər halda ideologiya məsələsini ön plana qoydu və ideologiya ilə bağlı uydurulmuş miflərə ehtiyac olmadığını bildirdi. Onu da qeyd etdi ki, biz öz əfsanələrimizi yaratmışıq. O da 2020-ci il müharibəsini nəzərdə tutdu ki, torpaqlarımız necə azad olundu, biz indi orada necə bir insanlıq xariqəsi olan abidələr tikirik. Bax bu vacib nöqtəni Prezident çıxışında ön plana çəkdi.


Siyasi şərhçi Əziz Əlibəyli

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər