Pekin İranı tək buraxacaq? – Trampın istəyi budur…

Pekin İranı tək buraxacaq? – Trampın istəyi budur…
27.09.2026 11:00 Təhlil

Çin Prezidenti Si Cinpinin ABŞ-yə dövlət səfəri çərçivəsində keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Çindən İrana yardım göstərməyi dayandırmağı tələb edib. 

Görüşdə bu məsələnin də müzakirə olunması Vaşinqton-Pekin münasibətlərinin regional proseslər fonunda yeni aspektlərini gündəmə gətirib.

Bəs Si Cinpin bunu qəbul edəcəkmi? 


Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi analitik Anar İsayev bildirib ki,  urada əsas məsələ Si Cinpinin Trampın tələbini tam qəbul edib-etməyəcəyi deyil, Çinlə İran arasındakı strateji əməkdaşlığın hansı həddə davam edəcəyidir:

“Çinin İrana dəstəyi birbaşa hərbi ittifaq xarakteri daşımır. Pekin üçün İran həm enerji mənbəyi, həm də Yaxın Şərqdə mühüm geosiyasi tərəfdaşdır. Buna görə də Si Cinpinin İranla bütün əlaqələri dayandırması real görünmür. Daha mümkün ssenari ondan ibarətdir ki, Çin ABŞ ilə münasibətləri kəskinləşdirməmək üçün İrana yardımın bəzi formalarını məhdudlaşdıra bilər. Xüsusilə ABŞ sanksiyalarına birbaşa toxunan və Vaşinqton tərəfindən hərbi dəstək kimi qiymətləndirilən istiqamətlərdə bu məhdudiyyətlər tətbiq oluna bilər. Lakin enerji, ticarət və diplomatik əlaqələrin tam dayandırılması Pekinin maraqlarına uyğun deyil”.

Analitik düşünür ki, Si Cinpin Trampın tələbini olduğu kimi qəbul etməkdənsə, kompromis xarakterli yanaşmaya üstünlük verə bilər: İrana dəstəyi azaltmaq və ya müəyyən sahələrdə ona nəzarəti gücləndirmək, lakin İranı tamamilə tək buraxmamaq.

“Əsas məsələ də budur: Pekin Vaşinqtonla münasibətlərini yaxşılaşdırmaq üçün Tehrana təzyiq göstərə bilər, amma İranın ABŞ-nin təsir dairəsinə daxil olmasına imkan verəcək qədər geri çəkilməsi Çin üçün strateji itki olardı”, – deyə o bildirib. 

Qiymət Mahir

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər