Qara dənizdə yük gəmisi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan Somali bayraqlı BETUL 8 yük gəmisi Bolqarıstan sahilləri yaxınlığında baş verən partlayış nəticəsində batıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı gəmidə olan 12 Türkiyə vətəndaşı – heyət üzvləri itkin düşüb.
Bolqarıstan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, yük gəmisindən təhlükə siqnalı Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə daxil olub. Yardım çağırışından sonra gəminin Bolqarıstan sahilləri yaxınlığında batdığı müəyyən edilib.
Hadisə Bolqarıstanın müstəsna iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə baş verib. Partlayışdan sonra itkin düşən heyət üzvlərinin axtarışı üçün əməliyyata başlanılıb.
Axtarış-xilasetmə işlərinə Bolqarıstandan iki, Rumıniya və Türkiyədən isə hər biri bir gəmi cəlb olunub. Bundan başqa, Bolqarıstan Hərbi Hava Qüvvələrinin iki “Cougar” helikopteri və bir “Su-25” təyyarəsi də əməliyyatda iştirak edir.
Bolqarıstan mediasının məlumatına görə, 1988-ci ildə inşa edilmiş gəminin batmasına səbəb olan partlayışın mənşəyi hələlik məlum deyil. Hadisənin dəniz minası və ya dron hücumu nəticəsində baş verməsi ehtimalları araşdırılır.
Qeyd edək ki, BETUL 8 Rumıniyanın Tulça limanından Misirə təxminən 3 min ton topa buğda daşıyırmış. Marşal Adalarında qeydiyyatda olan “Optimus Marine” şirkətinə məxsus gəminin istismarı da həmin şirkət tərəfindən həyata keçirilirmiş.