“Bolşeviklər məscidi uçuranda Yegişe Çarents dirəkləri qucaqlayıb və onu xilas edib” – Yalanın beləsi
Son günlər İrəvandakı tarixi Azərbaycan abidəsi olan Göy Məsciddə (Hüseynəli xan məscidi) bir zalın erməni şairi Yegişe Çarentsin adına verilməsi və bu addımın İran rəsmilərinin iştirakı ilə təntənəli şəkildə qeyd olunması tarixi saxtakarlığın növbəti mərhələsidir. Bu hadisəyə haqq qazandırmaq üçün dövriyyəyə buraxılan "Çarents məscidi dağılmaqdan xilas edib" və "məscidlərin milli mənsubiyyəti olmur" kimi iddialar tarixi faktlarla daban-dabana ziddir.
Sözügedən mətndəki əsas iddiaları və onların tarixi təkzibini təqdim edirik:
Birinci iddia ondan ibarətdir ki, guya Çarents məscidi dağıtma planlarını öyrəndikdə, orada muzey quracağını elan edərək binanın qorunmasını təmin edib. Bu, sovet dövründə uydurulmuş və bu gün İran-Ermənistan tandemi tərəfindən tirajlanan romantik bir mifdir. Əvvəla, Sovet İttifaqında ateizm siyasəti tüğyan edərkən və Stalin repressiyalarının hökm sürdüyü 1930-cu illərdə hər hansı bir şairin (hətta özü də 1937-ci ildə sovet rejimi tərəfindən güllələnmiş Çarentsin) şəxsi təşəbbüsü ilə memarlıq abidəsini söküntüdən xilas etməsi mümkün deyildi. İkincisi, məscidin sökülməməsinin əsl səbəbi onun "İrəvan Şəhər Tarixi Muzeyi" kimi istifadəyə verilməsi barədə rəsmi dövlət qərarı olub. Yəni məscid ibadət yeri kimi yox, məhz sovet ideologiyasına xidmət edən dünyəvi muzey binası kimi saxlanılıb. Çarentsin bu qərarda heç bir rəsmi və ya həlledici rolu sənədlərlə sübuta yetirilməyib.
İkinci iddia isə ondan ibarətdir ki, guya məscidin həyəti erməni ziyalılarının sevimli görüş yeri olub və bu, binanın məhv edilməsinin qarşısını almağa kömək edib. Əgər belə idisə, Ermənistan rəhbərliyi İrəvanın qədim türk-müsəlman simasını silmək üçün şəhərdəki digər yeddi məscidi (Şah Abbas, Sərdar, Təpəbaşı, Dəmirbulaq və s.) yerlə-yeksan edərkən, nədənsə o "erməni ziyalılarının" heç birinin səsi çıxmadı. Çarents və digər erməni ədibləri Göy Məscidin həyətindəki çayxanada oturanda, kənarda İrəvanın azərbaycanlı əhalisinə məxsus yüzlərlə tarixi bina, karvansara və məscid buldozerlərin altına verilirdi. Bir abidənin həyətində çay içmək onu qorumaq demək deyil; əksinə, bu, müsəlman məbədinin təyinatından çıxarılaraq əyləncə və toplantı məkanına çevrilməsinin göstəricisi idi.

Üçüncü iddia kimi bildirilir ki, guya "Azərbaycan və ya İran məscidi deyə bir şey yoxdur, sadəcə şiə və sünni məscidləri var". Bu, Göy Məscidin əsl sahiblərini — Azərbaycan türklərini tarixdən silmək üçün uydurulmuş ucuz manipulyasiyadır. Memarlıq tarixində və dünya irsində məscidlər həm də onları inşa edən sülalələrin, xalqların və memarlıq məktəblərinin adı ilə tanınır. Bu məscid 1765-ci ildə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilib. İrəvan xanlığı Azərbaycanın tarixi dövlətçilik ənənələrinin tərkib hissəsi olub və əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. Digər tərəfdən, əgər məscidlərin milli mənsubiyyəti yoxdursa və "sadəcə şiə məscidi"dirsə, nə üçün İran tərəfi bu abidəni rəsmi sənədlərdə və bərpa layihələrində təkidlə "Fars məscidi" kimi təqdim edir? İran dövləti 1990-cı illərdə məscidi təmir edərkən onun üzərindəki tarixi Azərbaycan-türk izlərini məqsədli şəkildə silib, binanı "İran mədəni irsi" kimi rəsmiləşdirib. İndi isə İran səfirliyinin iştirakı ilə müsəlman ibadətgahının bir zalına qeyri-müsəlman şairin adının verilməsi İslam dəyərlərinə və məscid toxunulmazlığına açıq hörmətsizlikdir.
İrəvandakı Göy Məscid nə "fars abidəsi"dir, nə də Çarentsin "xilas etdiyi" erməni mədəniyyət ocağıdır. Bu abidə İrəvanın köklü sakinləri olan Azərbaycan türklərinin tarixi-memarlıq möhürüdür. Bu gün məscidin daxilində erməni şairin adına zal açılması abidənin tarixi kimliyini unutdurmaq və İrəvandakı Azərbaycan irsini tamamilə özününküləşdirmək cəhdidir. İranın bu prosesdə Ermənistanla çiyin-çiyinə dayanması isə regiondakı tarixi həqiqətlərə qarşı birgə aparılan mədəni soyqırımın sübutudur.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert