Putin, Tramp və Si Cinpin nəyi bölüşə bilmir?
Putin, Tramp və Si Cinpin arasında keçiriləcək mümkün üçtərəfli görüşün gündəliyi ilə bağlı razılıq əldə olunmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, üç lider konkret və əvvəlcədən razılaşdırılmış gündəm olmadan danışıqları davam etdirmək qərarına gəliblər. Bu, xüsusilə xarici liderlərlə görüşlərdə əvvəlcədən dəqiq müəyyən edilmiş formatlara üstünlük verən Çin lideri Si Cinpinin diplomatik yanaşması baxımından qeyri-adi addım hesab olunur.
ABŞ rəsmisinin sözlərinə görə, Donald Tramp görüş zamanı nüvə silahlarına nəzarət və nüvə silahlarının yayılmaması məsələlərini müzakirəyə çıxarmaq niyyətindədir. Moskvanın isə danışıqlardan daha geniş geosiyasi razılaşma əldə etməyə çalışdığı bildirilir. Kremlə yaxın mənbə “Financial Times”a Ukrayna məsələsinin ətraflı müzakirə olunmasının gözlənilmədiyini deyib.
Çin tərəfinin isə Ukraynada sülh prosesində birbaşa iştirak etməyə xüsusi həvəs göstərmədiyi qeyd olunur.
Bununla belə, üç böyük dövlətin liderlərinin eyni masa arxasında əyləşməsi özlüyündə mühüm simvolik əhəmiyyət daşıya və beynəlxalq diqqəti cəlb edə bilər.
Lakin nəşr belə bir görüşdən yeni “Yalta razılaşması”nın əldə olunacağı ehtimalını real hesab etmir.
Jalə Rövşən