İranlı alim atom bombasını köhnəlmiş sayırmış
İranın 2020-ci ildə sui-qəsd nəticəsində öldürülən nüvə alimi Möhsün Fəxrizadənin illər əvvəl səsləndirdiyi iddia edilən fikirlər diqqət çəkib. Alimin atom bombasından daha yüksək bilik səviyyəsinə çatdıqlarını bildirməsi və gələcək müharibələrin xarakteri ilə bağlı proqnozu müzakirələrə səbəb olub.
TodayPress TV “Mario Nawfal”ın “X” hesabına istinadən xəbər verir ki, Fəxrizadənin oğlu bir dəfə zarafatla atasından İranın həqiqətən atom bombası hazırlayıb-hazırlamadığını soruşub.
Atasının bu suala cavab olaraq belə dediyi iddia olunur:
“Oğlum, biz elə bir bilik səviyyəsinə çatmışıq ki, onun yanında nüvə bombası zarafat kimi qalır”.
Məlumata görə, Fəxrizadə növbəti böyük müharibənin nüvə müharibəsi olmayacağını da proqnozlaşdırıb.
Alimin oğlu nüvə ilə əlaqəli hərbi tədqiqatların müdafiə məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, bu araşdırmalar İranın mümkün nüvə hücumuna qarşı hazırlıqlı olması üçün aparılıb.
Qeyd edək ki, Möhsün Fəxrizadə 2020-ci ildə sui-qəsd nəticəsində öldürülüb. Onun qətlinin arxasında İsrailin dayandığı geniş şəkildə iddia edilsə də, bu barədə müxtəlif məlumatlar yayılıb.
Alimin atom bombasından daha üstün bilik səviyyəsinə çatdıqları barədə sözlərlə konkret nəyi nəzərdə tutduğu isə hələ də naməlum olaraq qalır.
Zəhra Məmmədova