Tehrandan Azərbaycan kimliyinə qarşı yeni hücum - “İran olmasaydı, Azərbaycan olmazdı”
Tehranda yenə köhnə "səsyazma" işə düşüb. İranlı anti-Azərbaycançı Ehsan Movahedyan bu dəfə geopolitikadan yox, mədəniyyət cəbhəsindən Azərbaycana qarşı saxta iddia ilə çıxış edib.
TodayPress TV xəbər verir ki, o bu barədə "X"da paylaşım edib.
O, Azərbaycanın milli-mədəni kimliyini yox saymağa, tarımızı İrana, balabanımızı isə ermənilərə "hədiyyə etməyə" cəhd göstərib.
Movahedyanın iddialarına görə, guya tar, kamança və nağara İran mənşəlidir, balaban ermənilərə məxsusdur, muğam və meyxana isə İran ənənəsindən qopub. Hətta o qədər irəli gedib ki, nağıllarımızı talış və İran folkloruna bağlayıb, sonda isə əsl siyasi niyyətini gizlətməyib: “İran irsi olmasaydı, Azərbaycan mövcud olmazdı”.
Bu, açıq-aşkar siyasi mənimsəmə və tarixi yaddaşı silmək cəhdidir. Lakin Movahedyanın unutduğu bir reallıq var: ortaq coğrafiyada əsrlər boyu formalaşan mədəni təsirləri bir dövlətin inhisarına almaq mümkün deyil. Üstəlik, beynəlxalq sənədlər - konkret olaraq UNESCO-nun rəsmi reyestri iranlı müəllifin bu uydurmalarını darmadağın edir.
Movahedyanın tarı İran aləti kimi təqdim etməsi beynəlxalq hüquqi-mədəni faktlarla daban-dabana ziddir. Hələ 2012-ci ildə tarın hazırlanması və ifaçılıq sənəti məhz Azərbaycanın adına UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Sənəddə açıq şəkildə vurğulanır ki, bu alət Azərbaycan icmalarında ənənəvi şəkildə hazırlanır və bizim milli kimliyimizin ayrılmaz hissəsidir.
Kamançaya gəlincə, bu aləti yalnız İrana bağlamaq da cəfəngiyyatdır. 2017-ci ildə UNESCO kamança irsini Azərbaycan və İranın birgə təqdimatı əsasında siyahıya alıb. Yəni beynəlxalq səviyyədə təsdiqlənib ki, kamança hər iki ölkənin musiqi mədəniyyətinin ortaq dəyəridir, Tehranın təkbaşına mülkiyyəti deyil.
İranlı şərhçinin ən gülünc və qərəzli iddiası balabanın ermənilərə məxsus olmasıdır. Görünür, Movahedyan 2023-cü ildə UNESCO-nun qəbul etdiyi qərardan ya xəbərsizdir, ya da bilərəkdən göz yumur. Həmin il Azərbaycan və Türkiyənin birgə təqdimatı ilə “Balaban/Mey alətinin hazırlanması və ifaçılıq sənəti” bəşəriyyətin mədəni irsi kimi təsdiqlənib. Sənəddə balabanın Azərbaycana, meyin isə Türkiyəyə məxsus ənənə olduğu rəsmiləşib. Ermənistanın isə bu məsələyə nə tarixi, nə də hüquqi aidiyyəti var.
Muğamı İran musiqisinin törəməsi adlandırmaq Azərbaycan ifaçılıq məktəbinin əsrlərlə formalaşmış ağırlığını görməzdən gəlməkdir. 2008-ci ildə UNESCO Azərbaycan muğamını müstəqil mədəni irs nümunəsi kimi tanıyıb. İranın radifi, İraqın məqamı və Türkiyənin makamı ilə oxşarlıqların olması təbiidir, lakin Azərbaycan muğamının özünəməxsus improvizasiya xətti və ustad-şagird məktəbi tamam ayrı bir zirvədir.
Meyxananın İranla bağlanması isə ümumiyyətlə elmi əsasdan məhrumdur. Nüfuzlu Cambridge Universitetinin nəşri olan Slavic Review jurnalında tədqiqatçı Aneta Strzemżalska meyxananı məhz Azərbaycan cəmiyyətində doğulmuş, improvizə edilən şifahi poetik deklamasiya sənəti kimi təhlil edib və onu muğamla yanaşı Azərbaycanın milli simvollarından biri adlandırıb.
Azərbaycan folklorunun guya talış və ya İran mənşəli olması iddiasına ən tutarlı cavab yenə UNESCO-dan gəlir. 2018-ci ildə Dədə Qorqud irsi – epos mədəniyyəti, xalq nağılları və musiqisi Azərbaycan, Qazaxıstan və Türkiyənin birgə irsi kimi tanınıb. Talış xalqının zəngin folkloru öz yerində, lakin bunu Azərbaycanın ümumi dastan və nağıl ənənəsini inkar etmək üçün alətə çevirmək ucuz manipulyasiyadır. Eyni ildə – 2018-də UNESCO-nun Azərbaycan adına siyahıya daxil etdiyi Yallı rəqsi də rəqs mədəniyyətimizin qədimliyini sübut edən başqa bir möhürdür.
Movahedyanın bu çıxışı mədəniyyət müzakirəsi deyil, siyasi sifarişin tərkib hissəsidir. Tarix boyu eyni coğrafiyada yaşayan xalqların bir-birinə təsiri qaçılmaz olub. Amma bu qarşılıqlı təsiri əsas gətirib "İran olmasaydı, Azərbaycan olmazdı" demək imperialist təfəkkürün məhsuludur. Azərbaycanın dövlətçilik tarixi də, dili də, muğamı da, sazı-tarı da Tehranın sosial şəbəkə trollarının və ya siyasi şərhçilərinin iki cümləlik statusu ilə silinəcək qədər zəif deyil.
Jalə Rövşən