Azərbaycan millisi Qahirədə güclü rəqiblərlə üz-üzə gəldi
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan komandası Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışını 14-cü pillədə başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət yığmamız ilk görüşündə Türkiyə seçməsini 45:30 hesabı ilə məğlub edib. Lakin millimiz güclü səkkizliyə vəsiqə uğrunda mübarizədə ABŞ təmsilçilərinə 36:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda qarşılaşmalarda qılıncoynadanlarımız Çin komandasına 34:45 hesabı ilə məğlub olsalar da, İspaniya yığmasını 45:29 hesabı ilə üstələyiblər. Komandamız son görüşündə Ukrayna seçməsinə 36:45 hesabı ilə yenilərək 22 ölkə arasında 14-cü yerlə kifayətlənib.
Fərdi yarışlarda Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Anna Başta göstərib. O, 180 idmançı arasında 16-cı yeri tutub. Qrup mərhələsində dörd qələbə qazanan Başta pley-offda Polşa, ABŞ, Macarıstan və Çin təmsilçilərini məğlub edib. Sablyaçımız güclü səkkizliyə vəsiqə uğrunda görüşdə isə Rusiya idmançısı Yana Yeqoryana 11:15 hesabı ilə uduzub. Digər təmsilçilərimizin çıxışı isə uğurlu alınmayıb.
Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qılıncoynatmanın sablya növü üzrə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda altıncı yeri tutub.
Namiq HUN