İstanbul aeroportundan şad xəbər - türk dövlətlərinin vətəndaşlarına xüsusi keçid açılır
İstanbul Hava Limanında türk dövlətlərinin vətəndaşları üçün xüsusi keçid zolaqlarının yaradılmasına başlanılıb.
TodayPress TV “Araz News” “X” kanalına istinadən məlumat verir ki, hava limanının terminalında Azərbaycan Respublikası, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarının əks olunduğu istiqamətləndirici lövhələr yerləşdirilib.
Bu təşəbbüslə bağlı məlumat noyabrın 24-də yayımlanıb. Məqsəd həmin ölkələrin vətəndaşlarının pasport nəzarətindən digər xarici ölkə vətəndaşlarından ayrı keçməsini təmin etməkdir.
Lövhələrdə İran bayrağı yer almayıb. Buna görə də Cənubi Azərbaycan türkləri də daxil olmaqla, İran pasportu daşıyan sərnişinlər bu xüsusi keçiddən yararlana bilmirlər.
Qeyd olunan ölkələrin hamısı Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatında təmsil olunur. Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan təşkilatın tamhüquqlu üzvləridir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti isə müşahidəçi statusuna malikdir.
Zəhra Məmmədova