Dünyanın ən böyük güc mərkzələri ilə imza atmağı bacaran tək dövlət - Rəsmi Bakının master-klası

Dünyanın ən böyük güc mərkzələri ilə imza atmağı bacaran tək dövlət - Rəsmi Bakının master-klası
13.11.2026 14:01 Təhlil

Hər hansı tək bir güc mərkəzi ilə qurulan tərəfdaşlıq istər-istəməz dövlətin xarici siyasət istiqamətini diktə edir və ciddi problemlər yaradır. Azərbaycan isə bütün tərəflərlə balanslı tərəfdaşlıq siyasəti yürüdür. Əsas məqsəd təhlükəsizliyi balanslaşdırmaq, iki böyük qüvvənin arasında qalmamaq və iqtisadiyyatı neft asılılığından çıxarmaqdır.

Bakının son dövrlərdə atdığı addımların mahiyyətinə diqqət yetirsək, bu strategiyanı aydın görə bilərik: Çinlə bağlanan müqavilələrin əsasında texnologiya və Orta Dəhliz dayanır; ABŞ ilə münasibətlər enerji və təhlükəsizlik üzərində qurulub; Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq investisiya və "yaşıl enerji"yə fokuslanıb; Böyük Britaniya ilə isə maliyyə və təhsil istiqamətləri ön plana çıxır. Proseslərə məhz bu prizmadan yanaşmaq lazımdır. Azərbaycan artıq neft erasını başa çatdırır və tranzit ölkə kimi yenidən doğulur, Çinlə Avropa arasında körpü rolunu oynamaq istəyir. Elə buna görə də Bakı dünyanın dörd əsas güc mərkəzi – ABŞ, Çin, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri ilə bu strateji sənədləri imzaladı.

Bəs Böyük Britaniya ilə strateji tərəfdaşlıq nəyi dəyişir və əvvəlki dövrlə fərqi nədədir? İndiyədək Britaniya ilə əməkdaşlığımız əsasən BP və neft formatı üzərindən qurulmuşdu, arada yalnız müəyyən siyasi dialoqlar aparılırdı. İndi isə əməkdaşlıq gündəliyinə üç yeni istiqamət – müdafiə və təhlükəsizlik, ticarət və investisiya, həmçinin təhsil və innovasiya başlıqları əlavə olundu. Artıq dövlət səviyyəsində, Xarici İşlər nazirliklərinin iştirakı ilə ildə bir dəfə strateji dialoq keçiriləcək.

Bu yeni mərhələ ölkəmiz üçün hansı imkanları yaradır?

- İqtisadi müstəvidə: Britaniya bankları daha rahat şəkildə Azərbaycana investisiya yatıracaqlar.

- Geosiyasi müstəvidə:  Bu tərəfdaşlıq NATO daxilində və ümumilikdə Qərb siyasətində Azərbaycan üçün əlavə bir dayaq yaradır.

Böyük Britaniyanın özünəməxsus statusu da burada mühüm rol oynayır. Avropa İttifaqından çıxmış Britaniya coğrafi və siyasi baxımdan Avropadır, lakin Aİ üzvü deyil; həm Avropa, həm də Qərb dəyərlərini özündə birləşdirən yeni tərəfdaş axtarışındadır. Bu baxımdan Britaniya Azərbaycan üçün çox ideal tərəfdaşdır.

Bu tərəfdaşlığın Avropa ilə münasibətlərə və Cənubi Qafqaza təsirinə gəldikdə isə mənzərə kifayət qədər aydındır. Avropanın ən güclü hərbi-siyasi gücü olan Britaniya ilə yüksək səviyyəli münasibətlər Avropa İttifaqı üçün də bir növ referans rolunu oynayır. Avropanın Azərbaycan qazına, "yaşıl enerji"sinə və tranzit imkanlarına ciddi ehtiyacı var; Britaniya ilə qurulan tərəfdaşlıq isə Azərbaycanı Avropa məkanında daha da cəlbedici edir.

Cənubi Qafqazdakı mövqelərə gəldikdə, bu addım Ermənistanla sülh prosesi, eləcə də Rusiya və İran arasındakı balansın qorunması baxımından olduqca vacibdir. Hər halda, Cənubi Qafqazda Qərbin əsas tərəfdaşı olmaq prizmasından baxdıqda, Azərbaycan bu strateji gedişlə regionda Gürcüstanı da qabaqlamış olur.

Əziz Əlibəyli

Beynəlxalq məsələlər üzrə ekspert

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər