Bakının veto etdiyi prinsiplərin əsl məqsədi nədir? - DETALLAR
12 noyabr tarixində Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin (EPC) 9-cu Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü ilə irəli sürülən “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, “Miqrasiya haqqında Bəyanat” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı”na rəsmi Bakının qoşulmaması böyük müzakirə yaradıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə bağlı açıqlaması Azərbaycanın son illərdə formalaşdırdığı müstəqil xarici siyasət doktrinasının və beynəlxalq platformalara praqmatik yanaşmasının nümunəsidir.
Məsələnin mahiyyətini dərindən anlamaq üçün ilk növbədə Avropa Siyasi Birliyinin (EPC) nə üçün və hansı şəraitdə yaradıldığına diqqət yetirmək lazımdır. Çinin, Amerika Birləşmiş Ştatlarının və Rusiyanın yer aldığı bugünkü qlobal güclər savaşında, mövcud beynəlxalq nizamın sarsıldığı və Rusiya-Ukrayna müharibəsinin Avropa təhlükəsizlik arxitekturasını çökdürdüyü bir vaxtda Avropa İttifaqı ayaqda durmaq üçün yeni bir format axtarışına çıxdı. Avropa İttifaqı dərk etdi ki, qurumun sərhədlərindən kənarda qalan, lakin qitənin təhlükəsizliyi və enerji təminatı üçün həyati əhəmiyyət daşıyan ölkələr olmadan ortaya qoya biləcəyi güc kifayət qədər məhduddur. Məhz bu ehtiyacdan doğan Avropa Siyasi Birliyi ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi təsis edildi. Azərbaycanın da bu formatda iştirakının əsas məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirməkdir. Lakin sammit çərçivəsində ayrı-ayrı dövlətlərin təşəbbüsü ilə irəli sürülən sənədlər platformanın bu ilkin, qeyri-rəsmi fəlsəfəsindən kənara çıxaraq iştirakçı dövlətlərin üzərinə əlavə hüquqi və siyasi öhdəliklər qoyur. Rəsmi Bakı isə dialoq meydançasının birtərəfli öhdəliklər mexanizminə çevrilməsinə və formatın mandatının süni şəkildə genişləndirilməsinə prinsipial olaraq razılıq vermir.
Digər tərəfdən, məsələyə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki yeni statusu – “orta güc” strategiyası prizmasından baxmaq lazımdır. Coğrafi ərazisi və əhali resursu baxımından dünyanın nəhəng dövlətləri sırasında olmasa da, Azərbaycan bu gün qlobal siyasətin və iqtisadiyyatın ən kilid nöqtələrində yerləşir. Azərbaycansız Şərqlə Qərb arasında stabil və təhlükəsiz yol tapmaq mümkün deyil; bunun yeganə alternativi uzaq və riskli Afrikanın Ümid burnudur. Belə bir strateji mövqedə dayanan dövlət üçün hər hansı bir geosiyasi qütbün təhlükəsizlik və ya siyasi gündəliyinin alətinə çevrilmək milli maraqlara ziddir. Dublin sammitində təqdim olunan “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə” mahiyyət etibarilə Qərb blokunun mövcud hərbi-siyasi konfrontasiya şəraitində formalaşdırdığı baxış bucaqlarını əks etdirir. Azərbaycan bu gün Avropa İttifaqının 10 ölkəsini enerji daşıyıcıları ilə təmin etməklə qitənin enerji təhlükəsizliyinin əsas qarantlarından birinə çevrilib və qarşıdan gələn qış ərəfəsində Avropa sosiumunun sabitliyi birbaşa bu təchizatdan asılıdır. Lakin enerji sahəsindəki bu dərin strateji tərəfdaşlıq Azərbaycanın regional təhlükəsizlik məsələlərində balanslaşdırılmış siyasətindən imtina etməsi anlamına gəlmir. Hər hansı bir tərəfin təhlükəsizlik bəyannaməsinə imza atmaq rəsmi Bakının qonşu dövlətlərlə qurduğu həssas tarazlığa və qlobal miqyasda oynadığı etibarlı körpü roluna zərər vura bilər.
Eyni məntiq “Miqrasiya haqqında Bəyanat” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı”na münasibətdə də özünü göstərir. Bu gün miqrasiya böhranı Avropa İttifaqı ölkələrinin daxili siyasətində ən ağrılı və həllini tapmayan problemlərdən biridir. Qərb ölkələri öz daxili sosial-iqtisadi yüklərini azaltmaq üçün üçüncü ölkələri də bu prosesə cəlb etməyə, miqrasiya axınlarının idarə olunması və geri qaytarılma mexanizmləri üzrə kənar dövlətlərin üzərinə əlavə siyasi və hüquqi öhdəliklər qoymağa çalışırlar. Azərbaycanın özünün oturuşmuş sərhəd mühafizəsi və miqrasiya siyasəti mövcuddur və rəsmi Bakı Avropanın daxili böhranlarının məsuliyyətini öz üzərinə götürmək niyyətində deyil. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə gəldikdə isə, Azərbaycan bu sahədə regionun və dünyanın ən fəal, barışmaz mövqe tutan ölkələrindən biridir. Lakin bu istiqamətdə əməkdaşlıq artıq BMT-nin müvafiq qurumları və ikitərəfli sazişlər çərçivəsində yüksək səviyyədə həyata keçirilir. Yeni və lokal koalisiyalara qoşulmaqla əlavə hesabatlılıq mexanizmləri yaratmaq Azərbaycan üçün heç bir praktiki əhəmiyyət kəsb etmir.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert