Paşinyan geri çəkilmir, reallığı qəbul edir: Ermənistanla sülhə kim mane olur?
Cənubi Qafqazda sülh prosesinin qurulması, kommunikasiyaların açılması və illərdir həllini gözləyən humanitar problemlərin, xüsusilə də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində mühüm addımlar atılır. Ermənistan rəhbərliyinin Azərbaycanın bu çağırışlarına müsbət yanaşması və birgə işləməyə hazır olduğunu bəyan etməsi regionda yeni reallıqların formalaşdığını göstərir.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov TodayPress TV-yə danışarkən bildirib ki, Nikol Paşinyan əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq daha praqmatik mövqe nümayiş etdirir və Azərbaycanın təkliflərini diqqətlə dinləyir:
"Paşinyan Ermənistan rəhbərliyində təmsil olunan ən realist və praqmatik siyasətçilərdən biridir. O, Azərbaycanın təkliflərini, ən azı 44 günlük müharibədən sonra, diqqətlə dinləyir və Azərbaycanın çağırışlarına, demək olar ki, əksər hallarda müsbət münasibət sərgiləyir".
Ekspert Ermənistan sərhədinə keçən əsgərlə bağlı əvvəlki hadisələri xatırladaraq deyib ki, Paşinyan bəzi radikal qüvvələrin təzyiqlərinə baxmayaraq reallığı etiraf etməyə məcbur qalır:
"Elə sonuncu dəfə əsgərimiz Nəsimi Musayevlə bağlı məsələdə də Paşinyan sosial şəbəkələrdə bəzi rəsmi şəxslərin, hətta Ermənistan parlamentinin deputatlarının çağırışlarına əhəmiyyət vermədən reallığı dilə gətirdi və bildirdi ki, Azərbaycan əsgəri ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. Yəni Azərbaycan əsgəri hansısa diversiya həyata keçirmək məqsədilə sərhədi keçməyib və Ermənistan vətəndaşlarına qarşı hər hansı müqavimət göstərməyib".
Mütəxəssis əlavə edib ki, itkinlərlə bağlı məsələlər çoxdan həllini tapmalı idi, lakin əvvəlki Ermənistan rəhbərləri və kənar havadarları buna imkan vermirdilər:
"Əslində isə, mən sizə deyim ki, bu proses çoxdan başlamalı idi. Təəssüflər olsun ki, Ermənistanda Paşinyandan əvvəl – Ter-Petrosyan, Köçəryan və Sərkisyanın rəhbərliyi dövründə bu istiqamətdə hər hansı real addımın atılmasına imkan verilmirdi. Çünki bəzi yalançı, psevdosülh tərəfdarı dövlətlər guya sülhü müdafiə etdiklərini bəyan edir, hər dəfə hansısa missiya təklif edirdilər. Sonda isə biz görürdük ki, heç bir irəliləyiş yoxdur. Necə ki, 26-27 ildən artıq müddətdə torpaqlarımız işğal altında qaldı və fırıldaqçı, əslində isə öz maraqlarını güdən Minsk Qrupu da öz oyunlarını oynamaqda davam etdi".
Üzeyir Cəfərov ümid edir ki, Aşqabaddakı görüşlərdən sonra sərhədlərin delimitasiyası və iqtisadi əlaqələrin inkişafı istiqamətində də real irəliləyişlər əldə olunacaq:
"Bu gün Paşinyan Azərbaycan Prezidentinin əvvəlki çağırışlarına necə müsbət yanaşırdısa, ümid edirəm ki, Aşqabadda keçirilən görüşdən sonra da biz müəyyən real və praktiki addımların şahidi olacağıq. Mən demirəm ki, bu, bizim əsgərimizin sabah və yaxın günlərdə azad edilməsi ilə nəticələnəcək. Ən azından sərhədlərin müəyyənləşdirilməsi məsələsində, Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin perspektivlərinin müzakirəsində, daha sonra sərhəddə müəyyən işlərin görülməsi və prioritet məsələlərin, o cümlədən TRIPP – “Tramp marşrutu”, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin müzakirəsində müəyyən irəliləyişlərin olacağına ümid edirəm".
Sonda hərbi ekspert xəbərdarlıq edib ki, əgər kənar qüvvələr İrəvana təsir göstərməsə, sülh istiqamətində irəliləmək tamamilə mümkündür:
"Ona görə də hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi Azərbaycanın çağırışlarını qəbul edir və bundan sonra da qəbul edəcək. Ən azı, əgər Ermənistan rəhbərliyinə kənar qüvvələr tərəfindən hər hansı ciddi təsir və təzyiq göstərilməsə, bu istiqamətdə real addımların atılması mümkündür", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli