Özbəkistan Azərbaycana bənzəməyə başladı - Böyük ideallara doğru
Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələ başlayır. Bakı indi region ölkələri ilə münasibətlərini yalnız iqtisadi əlaqələr və diplomatik təmaslarla məhdudlaşdırmır. Hərbi əməkdaşlıq, müdafiə sahəsində təcrübə mübadiləsi və ortaq təhlükəsizlik maraqları da bu siyasətin mühüm istiqamətlərinə çevrilir. Türkiyə və Pakistanla qurulan hərbi-siyasi əlaqələrin Mərkəzi Asiyaya doğru genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir.
Bu mənzərədə Özbəkistan xüsusi yer tutur.
Özbəkistanla Azərbaycan arasında "Şuşa Bəyannaməsi" imzalana bilər.
Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi Bakı ilə Ankara arasında müttəfiqliyin əsasını möhkəmləndirdi. İndi oxşar siyasi yaxınlaşma Mərkəzi Asiya istiqamətində də görünür. 2024-cü ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladılar. Bu sənəd iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.
Özbəkistanla müttəfiqlik Azərbaycanın Mərkəzi Asiyadakı mövqeyini gücləndirməklə qalmır, regionun Xəzərin qərb sahili ilə əlaqələrini də möhkəmləndirir. Bakı bu baxımdan Daşkənd üçün yaxın tərəfdaşdan ziyadə, həm də Cənubi Qafqaz və Avropa istiqamətində mühüm siyasi-iqtisadi əlaqə nöqtəsidir. Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqlik təcrübəsinin Özbəkistanla münasibətlərdə də özünü göstərməsi Türk dünyasında əlaqələrin yeni məzmun aldığını ortaya qoyur.
Azərbaycanın Qarabağ qələbəsi Özbəkistanın hərbiyə münasibətini dəyişdi.
Azərbaycanın Qarabağda qazandığı tarixi qələbə də bu prosesdə mühüm rol oynadı. 2020-ci il müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı müasir müharibənin xarakterini, pilotsuz uçuş aparatlarının, dəqiq zərbələrin və müxtəlif qoşun növlərinin əlaqələndirilmiş fəaliyyətinin əhəmiyyətini ortaya qoydu. Azərbaycan Ordusunun döyüş təcrübəsi region ölkələri üçün bir növ nümunə xarakteri aldı.
Özbəkistan da ordusunu müasirləşdirmək, hərbi hazırlığı gücləndirmək və yeni döyüş üsullarını mənimsəmək istiqamətində addımlar atır. Azərbaycanla hərbi təhsil və təlim sahəsində əməkdaşlıq gücləndirilir.
Xüsusi təyinatlı qüvvələrin hazırlığı, pilotsuz sistemlərdən istifadə və artilleriya ilə digər qoşun növlərinin uzlaşdırılması müasir ordular üçün vacib məsələlərdir. Qarabağda sınaqdan çıxmış Azərbaycan təcrübəsi Özbəkistan üçün də öyrənilməli nümunələrdən biridir.
“Üç qardaş”dan çoxqardaş siyasətinə...
Məsələnin digər tərəfi də hərbi təlimlərin coğrafiyasıdır. Azərbaycan uzun müddət Türkiyə ilə ikitərəfli, Pakistanın iştirakı ilə isə üçtərəfli hərbi təlimlər keçirib. İndi bu əməkdaşlıqla yanaşı, Mərkəzi Asiya ölkələrini bir araya gətirən regional təlimlər dünyanın gündəmindədir və deyərdim ki, bunu diqqətlə izləyirlər.
2024-cü ilin iyulunda Qazaxıstanda keçirilən “Birləşdik-2024” komandir-qərargah təlimində Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan hərbçiləri iştirak etdilər. Təlim Xəzərin iki sahilində yerləşən ölkələrin hərbi əlaqələrinin genişlənməsi baxımından xeyli diqqət çəkdi. Azərbaycanla Özbəkistan arasında müdafiə sahəsində əməkdaşlıq planlarının hazırlanması da əlaqələrin müntəzəm xarakter aldığını göstərir.
Artıq görürük ki, əməkdaşlıq ayrı-ayrı ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan Türkiyə və Pakistanla mövcud əlaqələrini qoruyur, eyni zamanda Qazaxıstan və Özbəkistanla münasibətlərini genişləndirir. Beləliklə, Bakı-Ankara-İslamabad xətti ilə Bakı-Daşkənd-Astana istiqaməti arasında daha sıx əlaqələr yaranır.
Bu ölkələrin hərbi potensialı, müdafiə sənayesi imkanları, resursları və siyasi maraqları eyni deyil. Ancaq ortaq maraqların olduğu sahələrdə əməkdaşlığın genişlənməsi üçün kifayət qədər zəmin var. Türkiyənin hərbi texnologiyaları, Azərbaycanın döyüş təcrübəsi, Pakistanın hərbi imkanları, Mərkəzi Asiya ölkələrinin resursları və insan potensialı bir-birini tamamlayan amillərdir.
Proses Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik məsələlərinin də daha çox müzakirə olunmasına şərait yaradır.
Böyük güclərin region uğrunda rəqabət apardığı bir vaxtda Türk dövlətləri üçün bir-birinə yaxın olmaq kifayət etmir. Siyasi iradə, iqtisadi imkanlar və hərbi potensial ortaq maraqlar ətrafında birləşməlidir. Çünki ayrı-ayrılıqda onsuz da güclü olan dövlətlərin imkanları əməkdaşlıq şəraitində daha böyük təsir yarada bilər.
Bakının Mərkəzi Asiya siyasətinin əhəmiyyəti də məhz bundadır. Xəzərin iki sahilindəki ölkələr arasında bağlar möhkəmləndikcə, Türk dünyasının strateji çəkisi də artır. Şuşadan Daşkəndə, oradan Astanaya uzanan bu xəttin gələcəyi isə bir həqiqətdən asılıdır: güc təkcə ayrı-ayrı dövlətlərin imkanlarında deyil, həmin imkanları ortaq məqsəd naminə birləşdirə bilməkdədir.
Türk dünyası üçün birlik tarixi və mədəni yaxınlıqdan ziyadə, həm də qaynar qlobal dünyada gələcəyin təhlükəsizlik məsələsidir.
Jalə Rövşən