Ölkələr Amerikaya milyardlar yağdırır - Dünya nəhəngləri Vaşinqtona niyə baş əyir?
Trampın yüksək tarifləri qarşısında ölkələrin qarşısında iki yol qalır - ya Amerikadan daha çox məhsul almaq, ya da orada yatırımları artırmaq. Artıq hər kəs rüsum ödəməmək üçün zavodlarını Amerikada tikir.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra ölkəsinin müxtəlif dövlətlərlə ticarətində idxal və ixrac əməliyyatları arasındakı balansı bərabərləşdirməyə çalışır:
"Əgər idxal-ixrac balansı ABŞ ilə əməkdaşlıq edən ölkənin xeyrinədirsə, Tramp həmin ölkənin məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edir. Bu halda ABŞ ilə iqtisadi sahədə əməkdaşlıq edən ölkənin qarşısında iki yol qalır – ya Amerikadan daha çox məhsul almaq, ya da ABŞ-yə yatırımları artırmaq. Bunları etməyən ölkələr isə Trampın tətbiq etdiyi tariflərlə üzləşirlər. ABŞ-nin iki qonşusu – Kanada və Meksikanın vəziyyəti buna nümunədir. İş o yerə çatıb ki, Kanada Avropa İttifaqına assosiativ üzv olmaq istəyir".
E.Şahinoğlu qeyd edib ki, Donald Tramp Çin və Hindistanı da bu ölkələrdən ABŞ-yə idxal olunan məhsullara yüksək gömrük rüsumları tətbiq etməklə hədələyir:
"Çin lideri Si Cinpin yaxın günlərdə ABŞ-yə səfər edərək, iki ölkə arasında ticarət əlaqələrini yoluna qoymağa çalışdı. Bundan sonra Vaşinqton Çin məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini müvəqqəti olaraq dayandırıb. Yeni Dehli də yaranmış vəziyyətdən çıxış yolu axtarır və bu istiqamətdə ilk addım atılıb.
Hindistanın “Essar Group” şirkəti ABŞ-də 18 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır. Bu, şirkətin xaricdə həyata keçirəcəyi ən böyük investisiya layihələrindən biri olacaq. Layihə çərçivəsində Ayova ştatında 15 milyard dollar dəyərində polad zavodunun tikilməsi nəzərdə tutulur. Donald Tramp Ayova layihəsi ilə bağlı məlumatı Ağ Evdə şirkətin sahibi olan Ruia ailəsinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə açıqlayıb".
Analitik layihəni “Essar Group”un ABŞ-dəkı törəmə şirkəti “Mesabi Metallics”in həyata keçirəcəyini vurğulayıb:
"Zavodun dünyanın ən böyük polad istehsalı müəssisələrindən biri olacağı bildirilir. 2030-cu ildə istehsala başlaması nəzərdə tutulan zavod tam gücü ilə fəaliyyətə keçdikdən sonra ildə 10 milyon ton polad istehsal edəcək. Ağ Evin açıqlamasına görə, bütün polad istehsalı prosesi ABŞ ərazisində həyata keçiriləcək. Zavodun ABŞ-də inteqrasiya olunmuş polad təchizat zəncirinin bir hissəsinə çevrilməsi və burada şirkətin Minnesota ştatındakı obyektlərindən əldə edilən dəmir filizindən istifadə olunması planlaşdırılır.
Tramp bu layihəni "Amerika tarixində ən böyük polad zavodu" adlandırıb və onu respublikaçıların gərgin aralıq seçki mübarizəsi apardığı mühüm ştatda əldə edilmiş iqtisadi qələbə kimi qiymətləndirib. Tramp Amerika polad sənayesinin "güclü şəkildə canlandığını" deyərək, bunu ötən il polad idxalına tətbiq etdiyi 50 faizlik rüsumlarla əlaqələndirib".
Politoloq bildirib ki, 1969-cu ildə Hindistanda yaradılan “Essar Group” sənaye konqlomeratıdır və enerji, mədənçilik, texnologiya, pərakəndə satış kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin Hindistanda polad istehsalı kompleksləri, neft emalı zavodları var, həmçinin Böyük Britaniyada “Stanlow” neft emalı zavodunu əldə edib və Səudiyyə Ərəbistanında da oxşar layihə planlaşdırır.
"Trampın növbəti mərhələdə digər ölkələrdən də ABŞ-yə investisiya yatırmağı tələb edəcəyi gözlənilir. Hindistanla yanaşı, digər ölkələrin şirkətləri də ABŞ-yə sərmayə yatırmağın yollarını axtarırlar. Məsələn, Tayvan Çinlə qarşıdurmada Vaşinqtonun dəstəyini qazanmaq məqsədilə ABŞ-a əlavə olaraq 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Tayvan yüksək texnologiyalar, elektronika və yarımkeçiricilər sahəsində dünyanın aparıcı mərkəzlərindən biri hesab olunur. Buna görə də Tayvan bu üstünlüyündən istifadə edərək ABŞ-də müxtəlif layihələr həyata keçirir", - deyə o fikrini yekunlaşdırıb.
Jalə Rövşən