Venesueladan sonra Kuba... ABŞ-nin Havana planının görünməyən üzü

Venesueladan sonra Kuba... ABŞ-nin Havana planının görünməyən üzü
18.09.2026 20:45 Təhlil

ABŞ sentyabrın 17-si Kubanın nikel ehtiyatları və hərbi müəssisələri ilə əlaqəli 11 quruma qarşı sanksiyalar tətbiq edib. Amerika bildirib ki, bu qurumlar elitanı zənginləşdirən və adi kubalılara zərər vuran sistemin bir hissəsidir.

Dövlət katibi Marko Rubio vurğulayıb ki, nikel ehtiyatları ilə əlaqəli dövlətə məxsus 4 müəssisə, silah sistemləri də daxil olmaqla tədqiqat və inkişafla məşğul olan 4 hərbi müəssisə və 3 hərbi rəsmiyə qarşı sanksiyalar tətbiq olunub.

Kubanın xarici işlər naziri Bruno Rodriges daha əvvəl bildirib ki, adanın iqtisadiyyatı ciddi çatışmazlıqlarla üzləşdiyi bir vaxtda ABŞ-nin sanksiyaları Kubada “ölümlərə səbəb olur”.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.


Ekspertin sözlərinə görə, Kuba uzun illərdir ABŞ-nin əleyhinə olan düşərgədə yer alır və Vaşinqton bütün bu müddət ərzində Havana üzərində ciddi təsir imkanları əldə edə bilməyib.

“Kuba əks düşərgənin nümayəndəsi kimi ABŞ-nin qlobal maraqlarına müqavimət göstərən dövlətdir. Təbii ki, bu da ABŞ-yə qətiyyən sərf etmir. Bundan əvvəl də ABŞ öz maraqlarına və qlobal siyasətinə qarşı çıxan dövlətlərə təzyiq göstərmək üçün aqressiv və sərt addımlardan istifadə edib. Bunun nümunələrindən biri də Venesueladır”, - deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, Venesuelanın ABŞ-nin maraqlarını qəbul etməməsi Çinlə yaxınlaşması və enerji resurslarını Çinə satması Vaşinqtonla aralarında qarşıdurmaya səbəb olub. ABŞ-nin siyasi təzyiqlərinə baxmayaraq, Vaşinqton uzun müddət Venesuelanı öz təsir dairəsinə salmağa nail olmayıb.


Politoloq ABŞ-nin Venesuelaya münasibətdə atdığı addımları da xatırladaraq bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkədə beynəlxalq hüquq normalarını kobud şəkildə pozan hərbi əməliyyat keçirib və nəticədə Venesuela Prezidenti ABŞ hərbçiləri tərəfindən ölkədən çıxarılıb. Bundan sonra Venesuelada ABŞ-nin təsiri güclənib və ölkənin enerji resurslarından istifadədə Vaşinqtonun mövqeyi əhəmiyyətli dərəcədə artıb.

“Təxminən eyni proses Kubaya qarşı da aparılır. Ölkənin nəzarətə alınması üçün müəyyən addımlar atılır. Kuba Rusiya ilə də yaxın münasibətlərə malikdir və Moskva Havananı müdafiə etmək üçün əlindən gələn hər şeyi edir”, - deyə o vurğulayıb.

Ekspertin fikrincə, hazırda Ağ Evin əsas məqsədi Kubanı zəiflətməklə onu ABŞ-nin tələblərini qəbul etməyə məcbur etməkdir. O, bunun mümkün olmadığı təqdirdə Kubaya qarşı hərbi əməliyyat keçirilməsi ehtimalının da istisna edilmədiyini bildirib:

“İstənilən halda ABŞ-nin Kubadakı siyasi rejimi və hakimiyyəti dəyişmək niyyətində olduğunu qətiyyən gizlətmədiyini görürük. Əgər Tramp administrasiyası bu mövqeyində israrlı olarsa, yaxın vaxtlarda ABŞ və Kuba arasındakı qarşıdurma olduqca təhlükəli məzmun ala bilər. Bu isə qarşıdurmanın hərbi toqquşmalara doğru sürüklənməsi anlamını daşıyır”, - deyə E. Xalidbəyli fikrini yekunlaşdırıb.

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər