Yenə Berlin, yenə "nemes"lər - Almaniya niyə qarışır?

Yenə Berlin, yenə "nemes"lər - Almaniya niyə qarışır?
18.09.2026 15:25 Təhlil

Almaniya siyasi səhnəsində küləklər tamamilə əks istiqamətdə əsməyə başlayıb. Ölkənin hazırkı kansleri Fridrix Merts siyasi karyerasının bəlkə də ən çətin günlərini yaşayır. Hətta müxalif BSW partiyasının lideri Sara Vagenknext iddia edir ki, Merts Milad bayramına qədər artıq həmin kürsüdə olmayacaq.

Bəs hadisələr bu həddə necə gəlib çatdı?

Kürsü yırğalanır...

Hər şey Mertsın rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (CDU) Saksoniya-Anhaltda keçirilən regional seçkilərdə ağır məğlubiyyətə uğraması ilə başlayıb. Bu uğursuzluq ölkə daxilində o qədər ciddi siyasi dalğa yaradıb ki, kansler BMT Baş Assambleyasına planlaşdırılan Nyu-York səfərini və nüfuzlu Henri Kissincer mükafatının təqdimat mərasimində iştirakını təxirə salmalı olub.

“Bloomberg”in məlumatına görə, partiya daxilində Mertsə qarşı narazılıq da açıq müstəviyə keçib. Partiya üzvləri reytinqlərin kəskin şəkildə aşağı düşməsinə görə birbaşa kansleri günahlandırırlar. Rəqəmlər isə diqqətçəkəndir: hazırda Mertsın əhali arasında nüfuzu Almaniya kanslerləri tarixində ən aşağı səviyyəyə enib.

Benzinin və gündəlik tələbat mallarının bahalaşması, eləcə də iqtisadiyyatda geriləmə əhali arasında narazılığı daha da artırır. Qarşıdakı günlərdə Berlin və Meklenburq-Ön Pomeraniyada keçiriləcək seçkilərdə də hakim partiyanın uğursuz nəticə göstərəcəyi gözlənilir. “YouGov”un son sorğusuna əsasən, ölkədə ən populyar siyasi qüvvə 29 faiz dəstəklə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasıdır. Mertsın bloku isə cəmi 18 faiz dəstəyə malikdir.

Merts özü gedəcək, yoxsa getməyə məcbur ediləcək?

Ekspertlərin fikrincə, Mertsın öz istəyi ilə istefa verməsi inandırıcı görünmür. Çünki o, kifayət qədər inadkar siyasətçi kimi tanınır. Bununla belə, partiya yoldaşları növbədənkənar parlament seçkilərinə getmədən, sadəcə kansleri dəyişdirmək üçün onu istefaya məcbur edə bilərlər.

Analitiklər hesab edirlər ki, Berlin seçkiləri də uğursuzluqla nəticələnərsə, bu, Merts üçün son hədd ola bilər. Partiya daxilində artıq bir çox şəxsin ondan məsafə saxlaması da bu ehtimalın əlamətlərindən biri kimi qiymətləndirilir.

Ukrayna faktoru və Avropadakı “sağçı” dalğa

Mertsın reytinqinin aşağı düşməsinə təsir edən əsas amillərdən biri də xarici siyasətdir. Almaniya hazırda Ukraynaya ən çox yardım göstərən Avropa ölkələrindən biridir. Merts “bu xətdən bir addım da geri çəkilməyəcəyik” desə də, ölkə daxilində bəzi seçicilər bunu Almaniyanın öz maraqlarının arxa plana keçirilməsi kimi qəbul edirlər.

AfD kimi partiyalar isə tamamilə fərqli yanaşma təklif edir: Rusiya ilə əlaqələrin bərpa edilməsi, daha ucuz neft və qaz alınması, eləcə də Ukraynaya hərbi yardımın dayandırılması. İqtisadi çətinliklərlə üzləşən alman seçicilər üçün bu çağırışların getdikcə daha cəlbedici olduğu bildirilir.

Görünən odur ki, Almaniyada daxili iqtisadi çətinliklər və xarici siyasətlə bağlı seçimlər Mertsın siyasi gələcəyini ciddi şəkildə sual altına qoyub. Qarşıdakı həftələr Berlin üçün kifayət qədər gərgin keçə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər