Dünyanı birləşdirən futbol! - U-15 Dünya Çempionatı Azərbaycanda keçiriləcək

Dünyanı birləşdirən futbol! - U-15 Dünya Çempionatı Azərbaycanda keçiriləcək
18.09.2026 20:27 İdman

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 24 oktyabr 2026-cı il tarixində Azərbaycanda start götürəcək.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

FIFA-nın yeni turniri dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını Azərbaycanda bir araya gətirərək, FIFA-nın bütün üzv assosiasiyalarına beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı verəcək.

İlk dəfə keçiriləcək bu turnir FIFA-nın beynəlxalq futbol təqvimində yeni bir ənənənin əsasını qoyacaq. Qızlar arasında ilk turnirin gələn il keçirilməsi planlaşdırılır. 2028-ci ildən etibarən isə həm qızlar, həm də oğlanlar arasında turnirlərin hər il keçirilməsi nəzərdə tutulur.

2025-ci ilin dekabrında FIFA Şurasının qəbul etdiyi qərara əsasən, yarış bütün FIFA üzv assosiasiyalarının iştirakına açıqdır.

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger turnirin futbolun inkişafına verə biləcəyi töhfənin əhəmiyyətini vurğulayıb:

“İstedad hər yerdə var, lakin gənc futbolçuların özlərini beynəlxalq səviyyədə sınamaq üçün hər zaman belə fürsətləri olmur. Bu turnirin məqsədi məhz onlara belə bir imkan yaratmaqdır. Dünyanın müxtəlif ölkələrindən U-15 komandalarını bir araya gətirməklə futbolçulara beynəlxalq oyun təcrübəsi qazandıra, onları fərqli oyun üslubları və futbol mədəniyyətləri ilə tanış edə, rəqabət mühiti vasitəsilə öyrənmələrinə və inkişaf etmələrinə şərait yarada bilərik”.

Venger FIFA U-15 Dünya Çempionatı və Festivalının bir çox istedadlı gənclərin həyatına uzunmüddətli təsir göstərəcəyini də bildirib:

“Futbol gənclər səviyyəsində dünyanı həqiqətən də bir araya gətirə bilər. Müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan gənc futbolçuları bir araya gətirmək, onlara rəqabətdən daha geniş bir təcrübə qazandırır, eyni zamanda üzv assosiasiyaları onların inkişafına davamlı olaraq sərmayə qoymağa təşviq edir”.

Turnirdə futbolçuların inkişafını və oyun təcrübəsini maksimum dərəcədə artırmaq məqsədilə hər hissəsi 20 dəqiqə davam edən innovativ 8x8 formatından istifadə olunacaq. Futbolun dünyanı necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirən turnir çərçivəsində altı oyun günü ərzində Bakıda yerləşən Hövsan Yarış Kompleksində 1 000-ə yaxın qarşılaşma keçiriləcək.

Qeyd edək ki, açılış oyunu və 30 oktyabr tarixində keçiriləcək final qarşılaşması isə Bakı Kristal Zalında baş tutacaq.

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər