Yanacaqda rekord bahalaşma Berlini hərəkətə gətirdi
Almaniya hakimiyyəti yanacağın qiymətini azaltmaq üçün qiymət tavanının tətbiq edilməsini nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya hökuməti oktyabrın 1-dən yanacaq üzrə enerji vergisinin 14 avrosent azaldılmasını müzakirə edir. Bu halda əlavə dəyər vergisi də azaldığı üçün bir litr yanacağın qiyməti ümumilikdə 17 sent ucuzlaşacaq.
Bundan əlavə, ən geci yanvarın 1-dən Belçika və Lüksemburq nümunəsində yanacaq qiymətlərinə limit qoyulması planlaşdırılır. Lakin bu modelin Almaniyada konkret necə işləyəcəyi hələ ki məlum deyil.
Xatırladaq ki, Almaniyada dizel yanacağının qiyməti ölkə üzrə orta hesabla 1 litr üçün 2,471 avroya qalxaraq növbəti tarixi rekorda çatıb. Əvvəlki rekord 2,453 avro səviyyəsində qeydə alınmışdı.
Aysel Mətləb