Ermənilərə “Alban irsi Azərbaycana aiddir” reallığını necə sübut edək?

Ermənilərə “Alban irsi Azərbaycana aiddir” reallığını necə sübut edək?
18.09.2026 16:48 Təhlil

Tarixi Alban irsinin qlobal miqyasda məhz Azərbaycana aid mədəni irs kimi qəbul edilməsi və təbliğ olunması həyati vacib məsələdir. Bu addım yalnız milli, etnik, dini və mədəni keçmişimizin bütövlüyünü təmin etməklə bitmir. Alban abidələrinin və mənəvi dəyərlərinin Azərbaycan-Türk sivilizasiyasının tərkib hissəsi kimi irəli sürülməsi dərin strateji məna kəsb edir.

Ermənilərin isə tarixi alban irsinə sahib çıxmaq cəhdləri hər kəsə məlumdur. Onların Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə bağlı iddiaları əsasən bu irsin bilavasitə erməni xalqına, kilsəsinə və mədəniyyətinə aid olması tezisi üzərində qurulub.

Bəs ermənilərə “Alban irsi Azərbaycana aiddir” reallığını necə sübut edə bilərik?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev ilk olaraq qeyd edib ki, Albaniya xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlığın hələ dövlət dini olmadığı dövrdə yarandığı ölkələr sırasındadır:


“Eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən və Suriyadan ilk xristian missionerləri, həvarilər və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, burada ilk xristian icmaları yaranmışdı. İsa Peyğəmbərin şagirdlərindən biri olan Müqəddəs Faddeyin Albaniyaya gəlməsi və burada təbliğat aparması bir çox tarixi mənbələrdə qeyd edilir. Sonradan burada öldürülən həvari barədə müxtəlif əfsanələr yaranıb. Ermənilərin uydurma Moisey Kalankatlı adlı tarixçisi də bu faktı özünəməxsus şəkildə istifadə edərək kilsənin ermənilər tərəfindən salındığını iddia edir. Halbuki bir sıra mənbələrdə həmin dövrdə ermənilərin bu ərazidə yaşamadığı bildirilir.

XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə məskunlaşan ermənilər Alban mədəniyyətinin bu nümunələrindən istifadə etməyə başladılar. Onlar qədim xalq obrazı yaratmaq və bununla da ermənilərin digər xalq və millətlərdən daha qədim və üstün olduqlarını nümayiş etdirmək məqsədilə öz mədəniyyətlərini, dini rəmzlərini və xaçlarını təkmilləşdirməyə başladılar”.

Tarixçinin sözlərinə görə, ilk hədəf Qarabağ və Qərbi Azərbaycan ərazilərində mövcud olan Alban dövrünə aid xaç rəmzlərinin ya tamamilə məhv edilməsi, ya da formalarının dəyişdirilməsi üçün çoxsaylı layihələrə külli miqdarda vəsait ayrılması oldu:

“Sovet dövründə isə nəinki Qarabağ və Qərbi Azərbaycan ərazilərində, hətta Alban kilsələrinin mövcud olduğu digər ərazilərdəki Alban xaçlarının da erməniləşdirilməsinə başlanıldı. Onlar bu xaçları dəyişdirməklə kifayətlənməyib, divarlara erməni dilində yazılar da əlavə etməyə başladılar.

Məsələn, iki il əvvəl Kəlbəcər ərazisində baş verən hadisə ermənilərin bu istiqamətdəki fəaliyyətini ortaya qoydu. Kəlbəcər ərazisində Alban xaçları ilə bəzədilmiş kilsəni erməni monastırı kimi təqdim edən ermənilər bununla kifayətlənməyərək abidənin daşları üzərinə erməni əlifbası ilə sözlər yazıb, bunları guya əsrlər əvvələ aid yazılar kimi təqdim etməyə cəhd göstərdilər.

Lakin onların hazırladığı sosial çarx Albaniya tarixi ilə məşğul olan rus tədqiqatçıları tərəfindən ifşa edildi”.

Zaur Əliyev bununla da Çar Rusiyası və bolşevik Rusiyası dövründə erməni “xaçkarları”nın meydana gəlməyə başladığını deyib:

“Əslində, “xaçkar” sözünün kökü fars mənşəlidir və fars dilindən erməni dilinə keçib. Bu söz fars dilində “iş”, “zəhmət” mənasını verir. Erməni dilində isə “kar” sözü “daş” kimi başa düşülür. Odur ki, “xaçkar” sözünün erməni dilindəki mənası “xaçdaş” deməkdir.Alban-Udi Xristian İcmasının sədri Robert Mobili də bununla bağlı açıqlamasında konkret olaraq bildirib:

“Onlar Alban mədəni irsi və udinlərə məxsus abidələri saxtalaşdıraraq erməni kilsələri kimi təqdim edirlər. Ermənilər kilsələr üzərindəki yazıları və xaçları dəyişdiriblər. Bu, açıq-aydın görünür. Alban kilsələrinin xaçları fərqlidir.

Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlıqdan əvvəlki inancların və kainatın dərki ilə bağlı təsəvvürlərin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyalarında göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolikası əks olunub. Bütün Alban yazılı daşlarının üzərində xristianlıqdan əvvəlki inancların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil olunur ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur”.

Çox maraqlıdır ki, İran rəsmiləri də ciddi cəhdlə Albanlara məxsus məbədlərin ermənilərə aid olduğunu sübut etməyə çalışırlar. Hətta İran rəsmiləri UNESCO-nun Kanadanın Kvebek şəhərində keçirilən 32-ci sessiyasında Güney Azərbaycanın Maku rayonu yaxınlığında yerləşən üç kilsənin ermənilərə aid olduğunu iddia edib və həmin abidələr UNESCO-nun mədəni irsi siyahısına daxil edilib. Bir sözlə, bizim Albanlara məxsus tarixi məbədlərimiz erməniləşdirilir, Azərbaycan tərəfi isə buna susur”. 

Zaur Əliyev Azərbaycanda Alban Həvari Kilsəsinin yaradılmasının vacibliyindən bəhs edib:

“Tariximizə sahib çıxmaq lazımdır. Çünki Alban Həvari Kilsəsi İmperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə əsasən erməni-qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilib. Biz bu tarixi səhvi düzəltməliyik. Ermənistanın illərdir apardığı “erməniləşdirmə” siyasətinə qarşı ən güclü silah təkzibolunmaz elmi faktlardır.

Dünyanın tanınmış universitetləri və neytral tarixçiləri, məsələn, Avropa və ABŞ-dan olan şərqşünaslarla birlikdə Cənubi Qafqazın xristian irsinə dair layihələr həyata keçirilməlidir.  Alban məbədlərində aparılan qazıntılar və aşkar edilən qədim qəbirlərin antropoloji və DNT analizləri elmi şəkildə sübut etməlidir ki, bu ərazilərin qədim sakinləri ermənilər deyil, yerli Alban tayfaları olub. Bu nəticələr yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda dərc edilməlidir”.

Tarixçi Azərbaycan ərazisindəki, eləcə də Ermənistan ərazisində qalmış Alban abidələrinin unikal memarlıq xüsusiyyətləri, məsələn, xaçdaşların erməni xaçkarlarından deyil, Alban-türk elementlərindən qaynaqlanması UNESCO çərçivəsində qeydiyyata alınmalı və qorunmalı olduğunu vurğulayıb:

“İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən saxtalaşdırıldığı, üzərinə sonradan erməni yazıları əlavə edildiyi bildirilən Alban məbədlərinin restavrasiya prosesi beynəlxalq ekspertlərin nəzarəti ilə həyata keçirilməli və bu dəyişikliklər sənədləşdirilməlidir. Tarixi Alban Kilsəsinin 1836-cı ildə çar Rusiyası tərəfindən ləğv edilərək Eçmiədzinə tabe etdirildiyi bildirilir. Bu kilsənin hüquqi və dini statusunun beynəlxalq səviyyədə tam bərpasına nail olunmalıdır.

“Netflix”, “Discovery” kimi qlobal platformalarda Qafqaz Albaniyasının memarlığı, mədəniyyəti və onun Ermənistan tərəfindən mənimsənilməsi cəhdləri barədə yüksək keyfiyyətli sənədli filmlər nümayiş etdirilməlidir. Alban irsinin tarixi, memarlıq xüsusiyyətləri və çar Rusiyasının 1836-cı il fərmanının mahiyyətini erməni dilində obyektiv şəkildə izah edən kitablar, məqalələr və YouTube layihələri hazırlanmalıdır. Erməni cəmiyyətinin intellektual təbəqəsi bu məsələlərlə bağlı materiallarla öz dilində tanış olmalıdır”.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Ermənilərə “Alban irsi Azərbaycana aiddir” reallığını necə sübut edək? — 1
XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər