ABŞ İranla müharibəni mağaza kassasına qədər apardı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin İran rəsmilərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri “teatr xarakterli” adlandıraraq Vaşinqtonu tənqid edib.
TodayPress TV xəbər verir ki, Bəqai bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, ABŞ bir tərəfdən İran iqtisadiyyatına genişmiqyaslı sanksiyalar tətbiq edir, digər tərəfdən isə iranlı rəsmilərin ABŞ-də topdansatış mağazalarından alış-veriş etməsinə mane olmaq kimi tədbirləri ciddi şəkildə təqdim edir.
“Bir tərəfdə hər bir iranlıya maksimum ağrı və əzab verməyə yönəlmiş amansız iqtisadi müharibə, digər tərəfdə isə İran rəsmilərinin ABŞ-dəki topdansatış mağazasından alış-veriş etməsinə mane olmaq üçün teatr xarakterli tədbirlərin elan edilməsi var”, – Bəqai yazıb.
İran XİN sözçüsü Vaşinqtonun bütöv bir xalqın dolanışığına təsir edən sanksiyaları görməzdən gəldiyini, eyni zamanda mağaza üzvlük kartı ilə bağlı məhdudiyyətləri gündəmə gətirdiyini bildirib.
Bəqai ABŞ-nin siyasətini “kobud və məzmundan məhrum təbliğat” adlandırıb. O, bu yanaşmanın ABŞ-nin İranla bağlı siyasətinin nəticələrinə gətirib çıxardığını qeyd edib.
Kübra Musayeva