Azərbaycanda sadə vətəndaş necə olur ki, gedib Yaxın Şərqdə terrorçuya çevrilir?
"Din adı altında bəzi şəxsləri vədlər verərək aldadırlar. Bəzilərini isə fanatizmə düçar edib daha sonra təhlükəli proseslərə qatırlar".
Bunu ilahiyyatçı Tural İrfan TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, dini fanatizmin təhlükələri, xarici təsir şəbəkələri və onların dünyəvi dövlətçiliyə qarşı yönəlmiş planları haqqında kəskin xəbərdarlıq edib.
İlahiyyatçı bildirib ki, radikal və terrorçu qruplaşmalar insanları alətə çevirmək üçün ilk növbədə xurafatı vasitə seçirlər:
"Terrorçuluğa, ekstremist qruplara qatmaq üçün əvvəlcə dini fanatizm yaxud xurafat yayılır. Daha sonra bu yolla təsirə salınmış şəxslər alətə çevrilir. Əsas hədəfləri isə dünyəvi dövlət quruluşuna qarşıdır. Ümumiyyətlə, ölkədə dini fanatizmin və xurafatın qarşısı ciddi şəkildə alınmasa, bu cür problemlər arta bilər".
Ekspert xaricdən idarə olunan və qeyri-ənənəvi təriqətləri yayan qrupların dövlət və cəmiyyət üçün böyük risk daşıdığını vurğulayıb:
"Qanunsuz dini fəaliyyətlə məşğul olanlar və xarici təsirlərə uymuş qruplar cəmiyyət üçün zərərlidir. Eyni zamanda dövlət üçün də problem deməkdir. Bütün bu kimi mənfi hallar xarici ölkələrdə təhsil adı ilə ideoloji, siyasi təlim görmüş şəxslərin ölkədəki fəaliyyəti zəminində baş verir. Bəzi ölkələrdən qaynaqlanan qeyri-ənənəvi dini təriqətlərin yayılması nəticəsində bu cür eksperiment qruplar ortaya çıxır. Müxtəlif yollarla təsirə salıb onlardan istifadə edirlər".
Təhlükənin qarşısını almaq üçün köklü addımların atılmasının vacibliyini qeyd edən Tural İrfan, çıxışının sonunda həll yollarını təklif edib:
"Qanuni din xadimlərinin fəaliyyəti gücləndirilməli, xaricdə təhsil alıb dini fəaliyyətlə məşğul olan bütün şəxslərin qarşısı alınmalıdır. Belə olduğu təqdirdə sözügedən sahədə radikalizmin və təhlükəli qruplara qoşulmaların qarşısı alına bilər", - mütəxəssis qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) antiterror və əməliyyat-axtarış tədbirləri keçirib. Bu zaman Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. 5 ölkədə paralel keçirilən antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb.
Türkan İsgəndərli