"Ay Kikos, ay oğlum...” - İRƏVAN BU GÜNLƏRDƏ
Gərgin parlament, mürəkkəb diplomatiya və bitməyən sərhəd müzakirələri...
Ağ Evdə edilən duadan tutmuş, baş nazirin rus dili kursuna və 130 ildən sonra “evə qayıdan” tabloya qədər — erməni mediasının gözündən qaçmayan, ilk baxışda bir-biri ilə heç bir əlaqəsi olmayan ən maraqlı məqamları bir araya topladıq.
Nikol Paşinyan KTMT-dən çıxarılma və Rusiya hərbi bazalarının gələcəyi haqqında danışarkən gözlənilmədən Hovhannes Tumanyanın məşhur “Kikosun ölümü” nağılına müraciət edib. Nağılda ailə hələ dünyaya gəlməyən uşağın ağacdan yıxılıb öləcəyini təsəvvür edib matəm tutur. Paşinyan da müxalifətin və bəzi dairələrin təşvişini bu nağılla müqayisə edib: “Bizi KTMT-dən qovsalar, ağaca dırmaşarıq, uçurumdan yıxılarıq, ay Kikos, ay oğlum...”
Baş nazirin bu məsələdə yekun mesajı isə kəskin oldu: “Qovmaq istəyirlərsə, qovsunlar.”
Başqa bir məsələ Paşinyanın gərginliyin qarşısını almaq üçün hərbi hazırlıq və ya mürəkkəb diplomatik danışıqlar şərt deyilmiş — hətta sadəcə ad seçiminin özü kifayət edir mesajı idi. Paşinyan bildirib ki, müəyyən ərazini “Kərki” (red. Azərbacanın anklav ərazisi. Ermənilər ona Tigranashen deyir) kimi adlandırmaqla “potensial eskalasiya tətiklərindən birini” neytrallaşdırıb. Beləliklə, xəritədəki bir ad bir anda strateji siyasi alətə çevrilib.

Məmurlara “özünəqayğı” paketi:
Böhran və gərginlik fonunda Ermənistan hökuməti yüksək vəzifəli şəxslərin və deputatların maaşlarını təxminən iki dəfə artırmaq qərarına gəlib. Əlbəttə ki, mövcud bonuslar da toxunulmaz qalır. Rəsmi qurumlar bunu neytrallaşdırmağa çalışsa da, ictimaiyyətin reaksiyası belə olub: “Özlərinə qayğı göstərirlər.”
130 il sonra geriyə addım:

Mədəniyyət cəbhəsində isə fərqli bir simvolizm yaşanıb. Rəssam Vardges Surenyantsın “Tərk edilmiş” (“Poqibşaya”) adlı məşhur əsəri tam 130 ildən sonra ilk dəfə Ermənistana gətirilib. Şahəsərin bu qədər uzun fasilədən sonra “evə qayıtması” təkcə mədəniyyət xəbəri kimi deyil, dərin simvolik məna kimi qarşılanıb.
Oval Kabinetdə ruhani diplomatiya:

ABŞ-dəkı erməni dini liderlərin Oval Kabinetdə Prezident Trampla görüşü adi siyasi audiensiyadan çox, mistik-diplomatik səhnə kimi yadda qalıb. Birlikdə dua edən tərəflərin bu kadrları həftənin ən çox paylaşılan görüntülərindən birinə çevrilib.
Paşinyan yenidən məktəb partasında:
Ermənistan Baş naziri Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərinə başladığını elan edib. Digər məmurlara da xarici dil öyrənməyi tövsiyə edən Paşinyanın “Yalnız ingilis dili kifayət etmir” xəbərdarlığı, İrəvanın son geosiyasi manevrləri fonunda həm praktik, həm də xeyli ironik səslənib.
Kiberhücumların incə tayminqi:
Seçki sistemlərinə qarşı kiberhücumların məhz prosesə bir ay qalmış kəskinləşdiyi açıqlanıb. Hərçənd ki, sistemlərin çökmədiyi bildirilir, lakin hücumun tam zamanında — seçki ərəfəsində start götürməsi hadisənin arxasında duran “incə hesablardan” xəbər verir.
Ermənistanda gərgin təkər fırlanmaqda davam edir. Ölkənin psixoloji və siyasi mənzərəsini tam anlamaq üçün bu dəfə manşetlərdəki böyük başlıqlara yox, kənarda qalan "kiçik", ama çox şey deyən detallara göz gəzdirdik.
Jalə Rövşən