İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı

İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı
07.08.2026 13:59 Təhlil

“Azərbaycan İsrail Parlamentinin Türkiyə əleyhinə qondarma  “erməni soyqırımı” qətnaməsinin qarşısını aldı. Ancaq İsrailin Türkiyənin maraqlarına zidd olan bir başqa fəaliyyəti də var”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 


O qeyd edib ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram avqustun 5-də ölkəsinin yeni təhlükəsizlik konsepsiyasını təqdim edib. Buna görə İsrail, Yunanıstan və Kipr (Yunan) Respublikası Birləşmiş Ərəb Əmirlikləri üzərindən Hindistana uzanan tərəfdaşlıq oxu formalaşdırmalıdır.

Analitik bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq konsepsiyasına daxil edilməsi İranın bu ölkəyə hücumları fonunda İsraildən aldığı hərbi dəstəklə əlaqələndirilir:

“Yeni konsepsiya adı çəkilən ölkələr arasında müdafiə, texnologiya, maliyyə və qlobal logistika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutub. Türkiyə və Misir əməkdaşlıq formatının kənarındadır. İsrailin məqsədi Hind-Sakit okeanını Yunanıstan və Kipr vasitəsilə Şərqi Aralıq dənizi ilə birləşdirməkdir”.

Politoloq diqqətə çatdırıb ki, İsrail Hindistanla strateji tərəfdaşlığı gücləndirib, iki ölkə hərbi sahədə əməkdaşlıq edir, müdafiə xarakterli ortaq layihələr reallaşdırırlar:

“Amir Baram İsrail-Hindistan hərbi tərəfdaşlığının müəlliflərindən sayılır. O, bu ilin iyun ayında Hindistana səfəri zamanı hərbi əməkdaşlığın genişləndirilməsi mövzusunu müzakirə edib. Amir Baramın fikrincə, yeni çərçivə İsrailin ABŞ ilə ittifaqını əvəz etməməli, hərbi, iqtisadi, texnoloji və sənaye əməkdaşlığını birləşdirərək onu tamamlamalıdır”.

O vurğulayıb ki, müzakirələr ənənəvi silah köçürmələrindən kənara çıxaraq birgə inkişaf, texnologiya paylaşımı və uzunmüddətli strateji uyğunlaşma istiqamətində ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsinə yönəlib.

“Stokholm Sülh Araşdırmaları İnstitutunun araşdırmasına görə, İsrailin 2021-2025-ci illərdə müdafiə xarakterli ixracının 29 faizi Hindistanın payına düşüb. Ümumilikdə İsrail 4 il ərzində müdafiə xarakterli ixracından 71 milyard dollar əldə edib”,- politoloq qeyd edib.

Analitik həmçinin İsrailin Hindistanla yanaşı, son illərdə Yunanıstan və Kipr Respublikası ilə də ittifaqı gücləndirdiyini diqqətə çatdırıb: 

“Birləşmiş Ərəb Əmirlikləri də işin içindədir. Hindistandan başlayaraq, Yaxın Şərq üzərindən Avropaya qədər uzanan yeni nəqliyyat dəhlizi olan İMEC İsrailin də iştirakını ehtiva edir. Bu, Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativdir. İMEC layihəsində rollar bu şəkildə bölüşdürülüb: İsrail və Hindistan texnologiyalara və hərbi yeniliklərə, Birləşmiş Ərəb Əmirlikləri maliyyə və logistikaya, Yunanıstan və Kipr Respublikası isə Avropaya çıxışa cavabdehdirlər".

Ekspertin qənaətincə, yeni layihənin reallığa çevrilməsi üçün Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir:

"Bölgədəki silahlı qruplar, o cümlədən Yəməndəki husilər nəqliyyat layihəsini əngəlləyəcək gücdədirlər. Digər tərəfdən, İMEC layihəsinin işlək olması üçün Səudiyyə Ərəbistanının da prosesdə rol alması vacibdir. Səudiyyə Ərəbistanı isə hələ ki, İsraillə ortaq layihədə iştiraka hazır deyil”.

Jalə Rövşən 

FOTOLAR

İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər