İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur?

İrəvan Avropa  çətiri altından İranla əl sıxır -  Qərb bu əməkdaşlığa niyə göz yumur?
14.08.2026 16:00 Təhlil

Ermənistan ordusu İran və Hindistandan aldığı hava hücumundan müdafiə sistemlərini hərbi təlimlərdə nümayiş etdirib. Təlimlərdə İranın “Əqrəb” (“Majid”) və Hindistanın “Akash” sistemlərindən istifadə olunub. Bu, İrəvanın İranla hərbi əməkdaşlığını genişləndirdiyi bir vaxtda baş verir.


Bir tərəfdən Qərblə hərbi və siyasi əlaqələrini genişləndirən İrəvan, digər tərəfdən ABŞ və Qərbin ciddi təzyiq göstərdiyi İranla müdafiə sahəsində əməkdaşlığını dərinləşdirir.

Bəs bu addım İrəvanın təhlükəsizlik siyasətində hansı mesajı verir?


Məsələ ilə bağlı politoloq Asif Nərimanlı TodayPress TV-yə danışıb.

O bildirib ki, Ermənistanın Qərblə əməkdaşlığına rəğmən, Qərblə qarşıdurmada olan İranla hərbi əməkdaşlığı davam etdirməsi və daha da genişləndirməsi ilk növbədə təhlükəsizlik təminatlarını şaxələndirmək siyasəti ilə bağlıdır:

“Burada əsas məqsəd təhlükəsizlik təminatlarını daha çox şaxələndirməkdir. Ermənistan bir növ həm bunu göstərir, həm də nümayiş etdirir ki, çalışır bir mənbədən asılı olmasın. İndiyə qədər Ermənistan silah, hərbi əməkdaşlıq və hərbi təchizat məsələlərində əsasən Rusiyadan asılı olub. Amma Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiyanın Ermənistanın təhlükəsizlik təminatçısı kimi rolu zəiflədi və Ermənistan daha çox Qərblə bu sektorda əməkdaşlıq etmək istiqamətində addımlar atdı”.

Ekspert qeyd edib ki, Ermənistanın Hindistandan silah alması təkcə hərbi əməkdaşlığın şaxələndirilməsi ilə bağlı deyil:

“Bu, həm də Qərbin, başda Fransa olmaqla, Hindistan üzərindən Ermənistana verdiyi dəstək kimi qəbul edilməlidir. Çünki Hindistanın Ermənistana verdiyi bir çox silah məhz Fransa və Hindistanın birgə istehsal etdiyi sistemlərdir. Yəni bir növ Makron administrasiyası Hindistan üzərindən də Ermənistanın silahlanmasına kömək edir və onun hərbi təminatında iştirak edir”.

Onun sözlərinə görə, İran məsələsində əsas məqsəd Ermənistanın Cənubi Qafqazda və region ətrafında hərbi əməkdaşlığını şaxələndirməsidir. Bununla yanaşı, digər mühüm amil Ermənistanın regionda təklənmək narahatlığıdır:

“İranın ABŞ ilə müharibə aparmasına və bir növ Qərbin əsas hədəflərindən birinə çevrilməsinə baxmayaraq, Ermənistanın bu ölkə ilə əməkdaşlığı davam etdirməsi məhz bununla bağlıdır. Çünki Ermənistan coğrafi baxımdan, xüsusilə Azərbaycanla sülh əldə edilmədiyi, Türkiyə ilə sərhədlər açılmadığı və Azərbaycan və Türkiyə ilə tam etibarlı münasibətlər qurulmadığı müddətdə Cənubi Qafqazda təklənmiş vəziyyətdə qalır. Yəni sülh prosesi yekunlaşmadığı müddətdə Ermənistanın regiondakı vəziyyəti kifayət qədər mürəkkəb olaraq qalır.

İndiyə qədər Ermənistan həmişə Rusiyanın təminatı altında olub. Amma artıq Ermənistanla Rusiya arasında körpülər ciddi şəkildə zədələnib. Eyni zamanda, Paşinyan hakimiyyətinin əsas istiqamətlərindən birinin anti-Rusiya siyasəti olduğu görünür. Qərbdə onu dəstəkləyən tərəfdaşların da Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərdən uzaqlaşmaq siyasətini dəstəklədiyi görünür”.

Politoloq  hesab edir ki, bu siyasət Rusiyanın Ermənistan üzərindəki təminatçı rolunu böyük ölçüdə zəiflədib və İrəvanı coğrafi baxımdan Rusiyaya alternativ axtarmağa vadar edir:

“Təbii ki, Qərblə əməkdaşlıq davam edir. Amma Qərbin coğrafi baxımdan Ermənistandan uzaq olması və Türkiyə ilə sərhədlərin hələ açılmaması səbəbindən Ermənistanın Qərblə birbaşa quru əlaqəsi yoxdur. Bu da Ermənistanı yerləşdiyi Cənubi Qafqazda regional müttəfiq əldə etməyə məcbur edir. Təbii ki, bu, həm də regionda təklənməyin qarşısını almaq məqsədi daşıyır”.

Analitik qeyd edib ki, Ermənistanın bütün bunlara rəğmən İranla əməkdaşlığını davam etdirməsi təkcə hərbi istiqamətlə məhdudlaşmır:

“Buraya siyasi və iqtisadi əməkdaşlıq da daxildir. Mənim düşüncəmə görə, bu əməkdaşlığın davam etməsi Ermənistanın Rusiyadan imtina etdikdən sonra regionda özünə əlavə alternativ tərəfdaş tapmaq məqsədi daşıyır.

Əslində, 2020-ci il müharibəsindən sonrakı dövrə baxdıqda, Ermənistan və İran arasındakı əməkdaşlığın daha da dərinləşdiyini müşahidə edirik. Bu da həmin siyasətin bir tərkib hissəsidir.

İran isə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı mövqelərinin zəiflədiyini düşünür. Təbii ki, bunun səbəbləri başqadır. Amma İran yaranmış yeni reallığa uyğun olaraq Cənubi Qafqazdakı mövqelərini Ermənistan üzərindən qoruyub saxlaya biləcəyini düşünür və bu istiqamətdə çalışır.

Ermənistan da təbii olaraq İrandan regionda Rusiyaya qarşı alternativ tərəfdaş kimi istifadə edir. Eyni zamanda, bu əməkdaşlıq Ermənistanın regionda təklənməsinin qarşısını almağa xidmət edir. Yəni Ermənistanın Qərblə qarşıdurmada olan İranla əməkdaşlığını davam etdirməsinin əsas səbəbləri bunlardır”.

Politoloq, həmçinin Qərbin İrana qarşı sərt mövqeyinə baxmayaraq, əsas tərəfdaşı hesab etdiyi Ermənistanın Tehranla əməkdaşlığına niyə göz yummasının da diqqətəlayiq məqam olduğunu bildirib.

Onun sözlərinə görə, bu, Qərbin Ermənistanı bir növ müdafiə etməsinin qeyri-rəsmi üsullarından və istiqamətlərindən biridir.

Jalə Rövşən 

FOTOLAR

İrəvan Avropa  çətiri altından İranla əl sıxır -  Qərb bu əməkdaşlığa niyə göz yumur? — 1
XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər