İDDİA! İran "Məkkə Sazişi"nə qoşulur: Sünni-şiə qarşıdurması bitir?

İDDİA! İran "Məkkə Sazişi"nə qoşulur: Sünni-şiə qarşıdurması bitir?
24.08.2026 15:36 Təhlil

İranın Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış “Məkkə Birgə Müdafiə Sazişi”nə imkan daxilində qoşulacağı ilə bağlı yayılan iddialar Yaxın Şərqdə yeni bir geosiyasi ssenarinin gündəmə gəlməsinə səbəb olub.

Bəs İran bu təhlükəsizlik formatına qoşularsa, dünyada, xüsusilə Yaxın Şərqdə mövcud vəziyyət hansı istiqamətdə dəyişəcək?

Məsələni TodayPress TV-yə şərh edən politoloq Yusif Bağırzadə bildirib ki, sənədin ciddi siyasi çəkisi var və İranın bu mexanizmə daxil olması regiondakı bütün təhlükəsizlik balansını dəyişmək gücündədir.


O, ilk növbədə rəsmi məlumatların hələ dəqiqləşdirilmədiyini diqqətə çatdırıb:

"İranın dəvət aldığı barədə məlumat hələ tam təsdiqlənməyib. İran Xarici İşlər Nazirliyi bəyanatında rəsmi dəvət almadığını, lakin regional kollektiv təhlükəsizlik məsələləri üzrə dialoq təkliflərinin olduğunu bildirib. Məlumdur ki, Məkkə Sazişi özü kifayət qədər ciddi siyasi məzmun daşıyır. Sənədə əsasən, üç ölkədən birinə silahlı hücum digər ikisinə də hücum kimi qiymətləndirilir və tərəflər müdafiə əməkdaşlığını genişləndirməyi öhdələrinə götürürlər. Eyni zamanda Türkiyə və Pakistan sazişin konkret hər hansı dövlətə qarşı yönəlmədiyini bildiriblər".

Politoloq vurğulayıb ki, İranın bu formata qoşulması mövcud üçtərəfli balansı köklü şəkildə dəyişə bilər. Məhz bu məqam İranın mümkün iştirakını xüsusilə maraqlı edir: 

"Əgər Tehran həqiqətən bu mexanizmə qoşularsa, sazişin ilkin olaraq yarada biləcəyi təhlükəsizlik balansı tamamilə dəyişə bilər. Hazırkı üçtərəfli formatda Səudiyyə Ərəbistanı İranın regional rəqibi, Türkiyə isə həm NATO üzvü, həm də Tehranla rəqabət və əməkdaşlığı paralel aparan dövlət kimi çıxış edir. İranın daxil olması isə bu üçbucağı daha geniş regional təhlükəsizlik platformasına çevirə bilər. Belə bir addım məzhəblərarası gərginliyi azaltsa da, Tehran üçün müəyyən risklər də vəd edir. Belə bir formatın ən mühüm nəticəsi "şiə İranı" ilə əsasən sünni dövlətlər arasında qarşıdurma xəttinin yumşalması ola bilər. Tehran bunu təbii ki, uzun müddətdir müdafiə etdiyi region ölkələrinin öz təhlükəsizlik mexanizmini yaratması ideyasının praktik təzahürü kimi təqdim etməyə cəhd edəcək. İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi də regional "təhlükəsizlik çətiri"nin yaradılmasını İranın maraqlarına uyğun hesab edib. Lakin bunun reallaşması üçün tərəflərin bir-birinə münasibətdə ciddi etimadsızlığı aradan qaldırılmalıdır. Bununla yanaşı, İran üçün mümkün risklər də az deyil. Belə ki, kollektiv müdafiə mexanizminə qoşulmaq avtomatik olaraq müəyyən öhdəliklər yaradacaq və bu, Tehranın bəzi regional tərəfdaşları və xarici siyasət prioritetləri ilə ziddiyyətlər meydana çıxara bilər".

Siyasi şərhçi əlavə edib ki, bu addım bloku avtomatik "Yaxın Şərq NATO-su"na çevirməsə də, böyük bir güc mərkəzinin əsasını qoya bilər:

"İranın sazişə qoşulduqdan sonra hansı davranışı nümayiş etdirəcəyi də çox önəmlidir. Əgər Tehran bunu regional dialoq, qarşılıqlı təhlükəsizlik və gərginliyin azaldılması platformasına çevirərsə bu hətta ABŞ tərəfindən də müsbət qarşılana bilər. Əksinə, İran bundan özünün regional hərbi təsirini artırmaq üçün istifadəyə cəhd edərsə o zaman şübhəsiz ki, problemlər də ortaya çıxacaq. Digər tərəfdən, İranın iştirakı bu formatı avtomatik olaraq "Yaxın Şərqin NATO-su"na çevirməyəcək. Çünki hazırkı Məkkə sazişində NATO-dakı kimi vahid komandanlıq, inteqrasiya olunmuş hərbi struktur və detallı kollektiv müdafiə mexanizmləri mövcud deyil".

Yusif Bağırzadə yekunda bildirib ki, bütün ehtimallara baxmayaraq, belə bir ittifaq regionun gələcəyi üçün mühüm addımdır. Onun fikrincə, İranın qoşulması halında yeni hərbi blok olmasa da, yeni regional güc mərkəzinin yaranması mümkündür:

"Səudiyyə Ərəbistanının maliyyə və siyasi çəkisi, Türkiyənin hərbi-sənaye potensialı, Pakistanın hərbi təcrübəsi və nüvə dövləti olması, eləcə də İranın raket, dron və asimmetrik müharibə imkanlarının eyni təhlükəsizlik çərçivəsində toplanması regiondakı qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilər. Ümumiyyətlə isə İranın mümkün iştirakı regional rəqiblərin müəyyən təhlükəsizlik məsələlərində eyni masa arxasına gətirilməsi baxımından əhəmiyyətli olar", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, 7 avqust 2026-cı ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən imzalanmış üçtərəfli kollektiv müdafiə paktıdır. Sazişə əsasən, bu ölkələrdən hər hansı birinə edilən silahlı hücum hər üç dövlətə qarşı hücum sayılır.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İDDİA! İran "Məkkə Sazişi"nə qoşulur: Sünni-şiə qarşıdurması bitir? — 1
XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər