Husilər Səudiyyəni "divara dirədi" - Riyad Çinə yalvardı
Səudiyyə Ərəbistanının husilərlə bağlı yardım üçün Çinə müraciət etməsi, ardınca Pekinin məsələni İranla müzakirəyə çıxarması Yaxın Şərqdə təhlükəsizlik balansının nə qədər mürəkkəbləşdiyini göstərir.
Çin, görünür, Yəmənin Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında husilərin sürətli irəliləyişindən narahatdır və onların cilovlanması üçün İranın təsir imkanlarından istifadə etməsini istəyir.
Pekinin narahatlığının əsas səbəbi enerji və ticarət marşrutlarının təhlükəsizliyidir.
İranın Hörmüz boğazı istiqamətində yaratdığı risklərə husilərin Bab əl-Məndəb və Qırmızı dənizdə gəmiçiliyə təzyiqi əlavə olunur. Belə vəziyyət Yaxın Şərqdən enerji idxalından ciddi şəkildə asılı olan Çin üçün həm iqtisadi, həm də strateji risk yaradır. Xüsusilə Səudiyyə neftinin dünya bazarlarına çıxışında yaranacaq problemlər enerji qiymətlərinə və qlobal təchizat zəncirinə birbaşa təsir göstərə bilər.
Burada İran amili də xüsusi əhəmiyyət daşıyır.
Çin İranın əsas ticarət tərəfdaşı və neft alıcılarından biridir. Bu səbəbdən Pekinin Tehrana təsir imkanları digər bir sıra ölkələrlə müqayisədə daha genişdir. Çin uzun illər ərzində Yaxın Şərqdə siyasi və iqtisadi əlaqələr quraraq müəyyən təsir mexanizmləri formalaşdırıb. İndi isə həmin təsirin husilərin davranışına təsir göstərmək üçün istifadə edilməsi gözlənilir.
Tehranın mövqeyinə görə isə regional sabitlik ABŞ və İsrailin İrana qarşı müharibəsinin başa çatmasından asılıdır. Bu yanaşma göstərir ki, İran husilər məsələsini yalnız Yəmən və Qırmızı dəniz kontekstində deyil, ABŞ və İsraillə qarşıdurmanın daha geniş regional çərçivəsində qiymətləndirir.
Çinin hələlik İrana qarşı iqtisadi təzyiq və ya açıq təhdid vasitələrindən istifadə etməməsi də diqqət çəkir.
Bu, Pekinin İranla münasibətlərdə qarşıdurmadan daha çox diplomatik təsir mexanizmlərinə üstünlük verdiyini göstərə bilər. Lakin burada əsas məsələ Çinin uzun illər ərzində Yaxın Şərqdə formalaşdırdığı təsir imkanlarının real böhran şəraitində nə dərəcədə nəticə verəcəyidir.
Jalə Rövşən