Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ?

Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ?
10.08.2026 13:45 Təhlil

Son parlament seçkilərində mandatını yeniləyən və yeni hökuməti formalaşdıran Nikol Paşinyan Ermənistanı tarixi və geostrateji dönüş nöqtəsindən keçirir. Kilsənin müqavimətinə və köhnə elitanın revanş cəhdlərinə baxmayaraq, daxildə hakimiyyətini möhkəmləndirən Paşinyan ölkəni onilliklər ərzində formalaşmış “post-sovet forpostu” modelindən çıxararaq yeni siyasi kimliyə doğru aparır.

Bir tərəfdən Rusiyadan tədricən uzaqlaşan və Qərblə təhlükəsizlik tərəfdaşlığını dərinləşdirən, digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan İrəvan üçün bu yol heç də risksiz deyil. Bəs yenidən rəsmi səlahiyyət alan Paşinyan Ermənistanı hara aparır?


Sözügedən Mövzu  ilə bağlı politoloq Şakir Ağayev TodayPress TV-yə danışıb.

O qeyd edib ki, Ermənistan hakimiyyətində, xüsusilə də hazırkı hakimiyyətin siyasi kursunda ciddi dəyişiklik baş verdiyini düşünmür:

“Paşinyan seçkilərdə qalib gəldikdən sonra əsas fiqurlar öz yerlərində qalıb. Nazirlər Kabinetinin tərkibi, bir-iki istisna olmaqla, demək olar ki, dəyişməyib. Yalnız parlamentin sədri dəyişdirilib. Paşinyan son beş ildə həyata keçirdiyi xarici siyasəti də davam etdirir. Bu siyasət Rusiya, Qərb, Azərbaycan, Türkiyə və Fransa ilə münasibətlərə eyni yanaşmanı ehtiva edir. Görünən odur ki, Paşinyan mövcud kursunda ciddi dəyişiklik etmək niyyətində deyil”.

Analitik vurğulayıb ki, Paşinyan son beş ildə həyata keçirdiyi siyasətin uğurlu olduğunu və məhz bu kursun ona seçkidə qələbə qazandırdığını düşünür:

“Buna görə də həmin kursu davam etdirmək istəyir. Bu siyasətin əsas istiqamətlərindən biri Rusiya ilə əlaqələri tamamilə kəsməmək və Avrasiya İqtisadi Birliyində qalmaqla yanaşı, Avropa İttifaqına inteqrasiyanı gücləndirməkdir”.

Ekspertin qənaətincə, o, uzunmüddətli perspektivdə Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmağa çalışır:

“Paşinyan özü də dəfələrlə, o cümlədən bu yaxınlarda Qırğızıstanda Avrasiya İqtisadi Birliyinin sammitində və müxtəlif müsahibələrində bildirib ki, Ermənistan hələ yekun qərar verməyib. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim edərkən bu məsələ referendum yolu ilə həll olunacaq. Təbii ki, Paşinyan Ermənistan iqtisadiyyatının mövcud vəziyyətini nəzərə alaraq Rusiya ilə münasibətləri və Avrasiya İqtisadi Birliyində üzvlüyü qorumağa çalışır. Eyni zamanda, özünün də qeyd etdiyi kimi, alternativ yollar və bazarlar axtarır. Bu alternativlərin əsas istiqaməti isə Avropa İttifaqıdır. Paşinyanın uzunmüddətli seçimlərindən birinin Avropa İttifaqına inteqrasiya olduğu şübhəsizdir”.

Analitik, həmçinin əlavə edib ki, Paşinyan hazırda bu addımı ata bilməz. Çünki Ermənistan iqtisadiyyatı, xüsusilə də büdcə gəlirləri Rusiya və Avrasiya İqtisadi Birliyi ilə münasibətlərdən ciddi şəkildə asılıdır. Buna görə də Paşinyan hələlik mövcud siyasəti davam etdirəcək və yalnız yekun qərarın verilməsi üçün kifayət qədər əminlik yarandıqdan sonra seçim edəcək.

“Türkiyə ilə münasibətlərə gəlincə, Paşinyan sərhədlərin açılmasını və iki ölkə arasında əlaqələrin qurulmasını istəyir. Onun əsas məqsədlərindən biri Türkiyə üzərindən Avropaya daha sürətli inteqrasiya etmək, yeni çıxış və logistika yolları əldə etməkdir. Lakin mən düşünmürəm ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan belə bir addım ata bilər”, – politoloq deyib.

Şakir Ağayev qeyd edib ki, Azərbaycanla münasibətlərdə Paşinyan son iki ildə, xüsusilə Vaşinqton sammitindən sonra, Konstitusiyanın dəyişdirilməsinin, Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün təsdiqlənməsinin vacibliyindən danışır:

“Təəssüf ki, bunlar hələlik yalnız bəyanat səviyyəsindədir. Konstitusiyada dəyişiklik edilməsi və yekun sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar görünmür. Buna görə də mən 2026-cı ilin sonuna qədər Paşinyanın bu addımı atacağını düşünmürəm”.

Ekspert sonda bildirib ki, Paşinyanın Ermənistanı aparmaq istədiyi yol mövcud xarici siyasət kursunu davam etdirmək, hakimiyyətdə qalmaq, mövqelərini möhkəmləndirmək və onu hakimiyyətə gətirən qüvvələrin uzunmüddətli məqsədlərini həyata keçirməkdən ibarətdir.

Jalə Rövşən

FOTOLAR

Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? — 1
XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər