Görün, Tramp Putinə nə “HƏDİYYƏ ETDİ” — Zelenski od püskürdü…

Görün, Tramp Putinə nə “HƏDİYYƏ ETDİ” — Zelenski od püskürdü…
10.10.2026 13:05 Təhlil

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Rusiyadan yüz minlərlə ton dizel yanacağının alınması barədə razılığa gəlməsi beynəlxalq siyasətdə yeni gərginlik dalğasına səbəb olub. Bu addım təkcə enerji bazarına deyil, həm də Vaşinqton, Moskva və Kiyev arasındakı diplomatik münasibətlərə və geosiyasi tarazlığa təsir göstərir.

Sövdələşməyə kəskin reaksiya verən Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Putinə hədiyyə” adlandırıb. O, Rusiyaya yönələcək bu vəsaitlərin “daha çox terror və xəyanəti” maliyyələşdirəcəyini bəyan edib. Kiyevin narahatlığı Qərb koalisiyasının vahid mövqeyi, eləcə də Rusiyaya qarşı tətbiq olunan sanksiya mexanizmlərinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Bəs Ağ Evin bu mübahisəli addımının arxasında hansı məqsədlər dayanır? Trampın Moskva ilə belə bir sövdələşməyə getməkdə əsas hədəfi nədir?


Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə analitik Anar İsayev bildirib ki, Trampın Vladimir Putinlə yüz minlərlə ton dizel yanacağının alınması barədə razılaşmasının arxasında, ilk növbədə, ABŞ-nin enerji maraqları, iqtisadi praqmatizm və Rusiya ilə münasibətlərdə manevr imkanlarını genişləndirmək cəhdi dayanır.

Onun sözlərinə görə, bu addım Vaşinqtonun Ukrayna müharibəsinə yalnız siyasi və hərbi deyil, eyni zamanda iqtisadi maraqlar prizmasından da yanaşdığını göstərir:

“Tramp üçün əsas məsələ enerji resurslarının hansı ölkədən alınmasından daha çox, onların qiyməti, tədarükün davamlılığı və Amerika iqtisadiyyatına təsiridir. Əgər Rusiya dizeli ABŞ-yə daha sərfəli şərtlərlə təklif edirsə, Tramp bunu iqtisadi üstünlük kimi təqdim edə bilər. Lakin sövdələşmənin konkret kommersiya şərtləri məlum olmadığından, onun ABŞ üçün nə dərəcədə sərfəli olduğunu qəti şəkildə söyləmək mümkün deyil”.

Analitik hesab edir ki, bu razılaşma Trampın Putinlə danışıqlarda siyasi manevr imkanlarını genişləndirmək cəhdi kimi də qiymətləndirilə bilər. Belə ki, ABŞ prezidenti bir tərəfdən Rusiyaya qarşı təzyiq siyasətini davam etdirmək, digər tərəfdən isə Moskva ilə müəyyən məsələlərdə razılaşmalar əldə etmək istəyir. Bu yanaşma onun ənənəvi diplomatiyadan fərqli olaraq, rəqiblərlə də sövdələşmələr aparmaq strategiyasına uyğundur. Bununla belə, razılaşmanın Ukrayna müharibəsinin dayandırılması ilə birbaşa əlaqəli olduğunu söyləmək üçün əlavə faktlar lazımdır.

Ekspertin fikrincə, məsələnin digər mühüm tərəfi iqtisadi maraqların siyasi prinsiplərlə münasibətidir:

“Zelenskinin narazılığı da məhz bununla bağlıdır. Kiyev hesab edir ki, Rusiyadan enerji məhsullarının alınması Moskvanın gəlirlərini artırmaqla onun hərbi imkanlarına dolayı yolla dəstək verə bilər. Tramp isə məsələyə fərqli prizmadan yanaşır və ABŞ-nin iqtisadi maraqlarının qorunması şərtilə Putinlə məhdud iqtisadi əməkdaşlığı avtomatik olaraq siyasi güzəşt kimi qiymətləndirmir”.

Analitik vurğulayıb ki, bu addım Avropa ölkələrinə və Ukraynaya ünvanlanan siyasi mesaj kimi də çıxış edə bilər. Vaşinqton bununla göstərmək istəyir ki, ABŞ-nin Rusiya ilə münasibətləri yalnız müharibə və qarşıdurma çərçivəsində müəyyənləşməyəcək və Amerika tərəfi öz maraqlarına uyğun hesab etdiyi məsələlərdə Moskva ilə ayrıca razılaşmalar əldə edə bilər. Bununla belə, belə bir yanaşma ABŞ ilə Avropa ölkələri və Ukrayna arasında etimad problemlərini dərinləşdirə bilər.

Anar İsayevin qənaətinə görə, Trampın bu addımını yalnız Putinə verilən siyasi dəstək kimi qiymətləndirmək düzgün olmaz. Burada iqtisadi mənfəət, enerji təhlükəsizliyi və Rusiya ilə münasibətlərə təsir göstərmək cəhdi bir-birini tamamlayan amillər ola bilər. Lakin belə razılaşmaların nəticələri yalnız ABŞ-nin əldə etdiyi qazanc deyil, Rusiyanın qazandığı iqtisadi və siyasi üstünlüklər baxımından da qiymətləndirilməlidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər