Ceyhun Bayramov: TRIPP bütün Cənubi Qafqaz ölkələri üçün əlavə imkanlar yaradacaq

Ceyhun Bayramov: TRIPP bütün Cənubi Qafqaz ölkələri üçün əlavə imkanlar yaradacaq
24.11.2026 19:29 Xarici siyasət

TRIPP layihəsi bütün Cənubi Qafqaz ölkələri üçün əlavə imkanlar yaradacaq.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Ermənistan ərazisindən keçən 42 kilometrlik nəqliyyat-kommunikasiya dəhlizini nəzərdə tutan TRIPP layihəsi üzrə ötən il Vaşinqtonda razılıq əldə olunub.

Onun sözlərinə görə, son bir ildən artıq müddətdə ABŞ və Ermənistan arasında layihənin hazırlanması, müvafiq şirkətin yaradılması, payların bölüşdürülməsi və digər məsələlərlə bağlı danışıqlar aparılıb. Bu müddət ərzində Azərbaycan tərəfi prosesin gedişatı barədə mütəmadi məlumatlandırılıb.

Ceyhun Bayramov bildirib ki, dəhlizin həm giriş, həm də çıxış nöqtəsinin Azərbaycan sərhədi olması layihənin icrası baxımından ölkənin prosesdən məlumatlı olmasını zəruri edir.

XİN rəhbəri Azərbaycanın layihəni alqışladığını və onun qısa müddətdə həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. O, ərazidə artıq fiziki işlərə başlanıldığını da diqqətə çatdırıb.

Nazir layihənin Azərbaycan üçün iki əsas əhəmiyyətini qeyd edib. Bunlardan birincisi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün əlavə imkanların yaradılmasıdır.

İkinci istiqamət isə layihənin regional əhəmiyyəti ilə bağlıdır. Ceyhun Bayramovun sözlərinə görə, TRIPP Şərq-Qərb Orta Dəhlizinə yeni istiqamət qazandıracaq və təkcə Azərbaycan və Ermənistan üçün deyil, digər region ölkələri üçün də əlavə imkanlar yaradacaq.

O bildirib ki, layihə bütövlükdə Cənubi Qafqaz ölkələri üçün əlavə üstünlüklər formalaşdıracaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər