QMİ Borçalıdan çıxarılan kimi İranın önü açıldı... - 15 illik prosesin pərdəarxası
"Son günlər İranın Borçalıda soydaşlarımız üzərindəki təsir gücü yenidən gündəmə gəlib. 2017-18-ci illərdən etibarən bu mövzunu araşdıran və daim yazan biri kimi deyə bilərəm ki, vəziyyəti dəyişmək çətindir".
TodayPress TV xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Şərhçi hesab edir ki, bu məsələdə Azərbaycanın mövqelərini itirməsinin konkret səbəbləri var və proses Gürcüstanın dini icmalar üzərində nəzarəti gücləndirmək siyasəti ilə başlayıb:
“Bu məsələdə itirən tərəf bizik və bunun obyektiv və subyektiv olmaqla konkret səbəbləri var. Proses 2003-cü ildən – Gürcüstan dövlətinin ölkədə dini icmalar üzərində nəzarəti gücləndirmək siyasətindən başlayıb. Buna qədər Gürcüstanda xristianlar üzərində Rusiya Pravoslav Kilsəsinin, sünni məzhəbinə məxsus olanlar üzərində müəyyən qədər Türkiyənin, şiələr üzərində isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsiri güclü idi. Gürcüstan dövləti ilk növbədə xristianlar və Acariyada sünni kəsimin nəzarətə götürülməsi istiqamətində işləyirdi. 2009-cu ildə proses Borçalıya – şiə kəsimə də çatdı, 2011-ci ildə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması və QMİ-nin bölgədən faktiki olaraq kənarlaşdırılması ilə konkret addım atıldı”.
O, QMİ-nin bölgədən kənarlaşdırılmasının İranın təsir imkanlarını genişləndirdiyini vurğulayıb:
“Bu, Azərbaycan üçün strateji itki idi. QMİ-nin çıxması hələ 90-cı illərdən Borçalıya daxil olmağa çalışan İranın önünü tamamilə açdı. Borçalıda, konkret desək, Marneulidə İrana bağlı bəlli şəxslər Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini (GMADİ) yaradaraq, GMİ-nin çətiri altına girməkdən imtina etdilər. İranın maliyyələşdirdiyi müxtəlif xeyriyyə fondları və təşkilatları da GMADİ-nin idarəçiliyinə verildi. İran tərəfindən koordinasiyanı isə Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbərliyi (həmin illərdə Davud Zarii idi) həyata keçirirdi”.
Asif Nərimanlı QMİ-nin boşalan yerini İranın doldurmasında Gürcüstanın da müəyyən maraqlarının ola biləcəyini istisna etməyib:
“Sünni və şiə məzhəbi arasında qarşıdurma müsəlman icmasına nəzarəti asanlaşdırır. Dini kimliyin güclənməsi Borçalıda milli kimliyin zəifləməsi baxımından sərfəlidir”.
Onun sözlərinə görə, Borçalıda İranın dini təsiri artmaqda davam edir və son hadisələr də bunu göstərir.
“Nəticə etibarilə, Borçalıda İranın dini təsiri güclənən xətlə davam edir. Məktəbli geyimi ilə bağlı son hadisələrdə Borçalıda İranın təsirində olan qrupların təşkilatlanmış mövqe sərgiləməsi bunun son nümunələrindəndir. Bu vəziyyəti dəyişmək üçün Azərbaycan və Gürcüstan birgə işləməlidir, xüsusilə Tiflisi İran təhlükəsinin reallığına inandırmaq vacibdir.
Bunun fonunda “Borçalıda İran təsiri” məsələsinə cəmiyyət olaraq, həssas yanaşmalıyıq. Xüsusilə təsirə düşmüş müəyyən qrup üzərindən ümumilikdə Borçalını hədəfə çevirmək təhlükəlidir”, - deyə analitik fikirlərini yekunlaşdırıb.
Jalə Rövşən