Rusiya-Polşa hesabı bağlanmayıb: 39-cu ilin kölgəsi geri qayıdır

Rusiya-Polşa hesabı bağlanmayıb: 39-cu ilin kölgəsi geri qayıdır
24.11.2026 15:52 Təhlil

Polşa ilə Rusiya arasında artıq danışılacaq bir şey qalmayıb. İki ölkə arasındakı münasibətləri təkcə diplomatik soyuqluqla izah etmək mümkün deyil. Varşava Moskvaya inanmır, Moskva isə Varşavanı düşmən düşərgəsinin ön xəttində görür. Tərəflər arasındakı məsafə ildən-ilə artır və noyabrın 20-də baş verən hadisə bu gərginliyi daha da dərinləşdirdi.

Polşalılar üçün ölkənin bölüşdürülməsi, Katın qətliamı, 1939-cu il hadisələri və sovet hakimiyyəti dövrü uzaq keçmiş deyil. Həmin tarixi yaddaş bu gün də ölkənin siyasi qərarlarına təsir edir. Buna görə də Polşa 1989-cu ildən sonra Qərbə inteqrasiyanı əsas xarici siyasət istiqamətinə çevirdi. NATO və Avropa İttifaqına üzvlük Polşa üçün nüfuz məsələsi deyil, milli təhlükəsizliyin təmin olunmasının əsas vasitəsi idi.

İndi isə həmin təhlükəsizlik sistemi sınaqdan keçirilir.

Noyabrın 20-də Rusiya Ukraynaya növbəti kütləvi hücumunu həyata keçirərkən üç uçuş obyektinin Polşa ərazisinə düşdüyü bildirildi. Onlardan biri X-101 raketi idi və Nowy Lipowiec kəndi yaxınlığında yerə düşdü. Digər obyektlər Rudnik nad Sanem və Mołodycz istiqamətində qeydə alındı. İlkin məlumata görə, obyektlərdən ikisi raket, biri isə dron idi. Sonradan prokurorluq hər üçünün X-101 raketi ola biləcəyi versiyasını da irəli sürdü. Hadisə ilə bağlı hələ dəqiq yekun yoxdur.

Həmin günlərdə Nowa Dęba poliqonunda “Koalisiya 2026” adlı hərbi təlim keçirilirdi. Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi və 11 ölkənin iştirak etdiyi təlim Ukraynada müharibə başa çatdıqdan sonra ölkəyə necə dəstək göstəriləcəyini müəyyənləşdirməyə yönəlmişdi.

Rusiya raketləri məhz həmin poliqondan onlarla kilometr aralıda düşdü. Varşava hadisəni təsadüf hesab etmədi. Baş nazir Donald Tusk ilk saatlardan bunun qəsdən törədilmiş təxribat olduğunu dedi. Müdafiə naziri Kosinyak-Kamış da eyni mövqedən çıxış edərək Rusiyanın Ukraynaya kömək edən ölkələri bir növ qorxutmağa çalışdığını vurğuladı.

Əslində, bu, Polşaya qarşı ilk addım deyildi. 2025-ci ilin sentyabrında 20-yə yaxın dron Polşa səmasına daxil olmuşdu. Həmin vaxt da ölkədə həyəcan yaranmış, NATO çərçivəsində məsləhətləşmələr keçirilmiş və “Eastern Sentry” əməliyyatına başlanmışdı. Buna görə də cari ay baş verən hadisə Varşava üçün gözlənilməz deyildi. Polşa artıq bir ildir oxşar təhlükələrlə üzləşir, bu dəfə isə dronların yerini raketlər aldı.

NATO-nun baş katibi Mark Rutte hadisədən bir gün sonra Varşavaya səfər etdi və Polşanın hər qarışını müdafiə edəcəklərini bildirdi. Bu açıqlama qulağa xoş gəlsə də, Polşa artıq konkret addımlar gözləyir. Buna görə də Varşava təhlükəsizlik məsələsində siyasi bəyanatlarla kifayətlənmir və müdafiə xərclərini artırır.

Cari ildə bu məqsədlə ÜDM-in 4,8 faizi, təxminən 53-55 milyard dollar ayrılır. Bu, NATO ölkələri arasında ən yüksək göstəricidir. Polşa tank, artilleriya, raket və hava hücumundan müdafiə sistemləri alır, yerli hərbi istehsalı genişləndirir. Ölkə ordusunu gücləndirməklə yanaşı, onun strukturunu da yenidən qurur. Varşava bu xərcləri kifayət hesab etmir və NATO müttəfiqlərini 2030-cu ilədək müdafiə büdcələrini ÜDM-in 5 faizinə çatdırmağa çağırır.

Ən ciddi narazılıq doğuran məsələlərdən biri isə Vaşinqtonun Rusiyaya münasibətidir. Tramp hadisədən bir neçə saat əvvəl Putinin Polşaya dronları və “bir neçə kiçik raketi” səhvən göndərdiyini demişdi. Bu açıqlama Varşavada ciddi etirazla qarşılandı. Tusk Trampın mövqeyi ilə razılaşmadığını açıq şəkildə bildirdi. ABŞ prezidentinin Çində Putini dost adlandırmasından sonra isə Polşa baş naziri daha sərt reaksiya verdi: “Putin bizim dostumuz deyil və heç vaxt olmayacaq”. Bu, diplomatik nəzakət çərçivəsində verilmiş adi açıqlama deyildi. Tusk bununla Polşanın Rusiya ilə bağlı mövqeyinin dəyişməyəcəyini bir daha nümayiş etdirdi.

Moskva isə əvvəlcə hadisə ilə bağlı susdu, daha sonra dövlət mediası vasitəsilə Polşanın iddialarının sübut olunmadığını bildirdi. Polşada bu cür açıqlamalar artıq təəccüb doğurmur.

Beləliklə, mənzərə sadədir. Polşa geri çəkilməyəcək. Silahlanma davam edəcək. NATO-dan daha çox şey istəyəcək. Fransa, Britaniya, Baltik ölkələri ilə daha sıx işləyəcək. Əgər Rusiya bu sınaqları davam etdirsə, Varşava da cavabını sərtləşdirəcək. Sülh olsa belə, Polşa rahatlamayacaq. Çünki Varşavada artıq "müharibə bitəcəkmi?" yox, "Rusiya dayandıqdan sonra da NATO-nu sınaqdan keçirəcəkmi?" sualı qoyulur. 

Polşa bu suala cavabını çoxdan verib. Ona görə də hazırlaşır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər