Fransa yaponların əlinə keçdi

Fransa yaponların əlinə keçdi
13.10.2026 13:18 Təhlil

Avropa iqtisadiyyatının lokomotivlərindən sayılan Fransa bu gün ciddi maliyyə "tələsi" və iqtisadi sıxıntı ilə üz-üzədir.

Artan dövlət borcu, gündən-günə bahalaşan borclanma xərcləri və büdcə kəsiri Parisin manevr imkanlarını daraldır. İslahatların siyasi dirənişlə qarşılaşması isə hökumətin hərəkət sahəsini daha da məhdudlaşdırır. 

Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3,6 faizdən 4,96 faizə yüksəlib. Əsas diqqətçəkən məqamlardan biri Yaponiyanın bəzi aktiv idarəçilərinin Fransa istiqrazlarından çıxmasıdır. Baxmayaraq ki, Tokionun bütün istiqrazlarını satdığı iddiası həqiqəti əks etdirmir – Yaponiyanın portfelində hələ də təxminən 145 milyard dollar dəyərində Fransa istiqrazı qalmaqdadır – bu addımın özü artıq bazara verilən ciddi siqnaldır.

Kredit reytinqi də təzyiq altındadır. Ötən ilin sentyabrında "Fitch" agentliyi Fransanın reytinqini AA- səviyyəsindən A+-a endirdi. Müqayisə üçün: İtaliyanın reytinqi BBB olduğu halda, Fransa istiqrazlarının gəlirliliyi (4,96%) İtaliyadakı göstəricini (4,7%) geridə qoyub. Reytinq yüksək, gəlirlilik isə riskli – bu ziddiyyət investorların Fransanın maliyyə gələcəyinə şübhə ilə yanaşdığını açıq göstərir.

Böhranın ən kritik nöqtəsi borcun illik büdcəyə vurduğu ağır zərbədir. Fransanın borc üzrə illik faiz ödənişləri 79,2 milyard avroya çatıb və növbəti il bu rəqəmin daha 11,8 milyard avro artacağı gözlənilir.

Dövlət borcunun ÜDM-ə nisbəti isə 119 faizə çatıb. Bu, Avropa İttifaqının müəyyən etdiyi 60 faizlik "qırmızı xətt"i təxminən iki dəfə üstələyir. Aİ-nin əsas aparıcı güclərindən biri olan Paris özünün müəyyənləşdirdiyi maliyyə intizamının kölgəsində qalmaqdadır.


Yaranmış vəziyyətdən çıxış yolu konkretdir: xərcləri ixtisar etmək və iqtisadi artıma təkan vermək. Lakin məsələ daxili siyasətə dirənəndə düyün daha da bərkiyir. Pensiya sistemi və sosial xərclərlə bağlı hər bir qənaət addımı kütləvi etirazlar və siyasi müqavimətlə qarşılaşır.

Demoqrafik dəyişikliklər, əhalinin qocalması və sosial inteqrasiya problemləri də ölkənin yükünü artırır. Lakin maliyyə kəsirini yalnız immiqrasiya amili ilə izah etmək məsələnin kökündən yayınmaq olardı. Əsas səbəb illərlə yığılıb qalan struktur kəsirlər, dövlət xərclərinin idarə olunmaması və iqtisadi dinamikanın zəifləməsidir.

Fransa bir anın içində müflis olmasa da, artan borc yükü ölkənin geosiyasi və iqtisadi çəkisini zəiflədir.

İndi hökumətlər cəmiyyətin narazılığına baxmayaraq cəsarətli addımlar atıb maliyyə sabitliyini bərpa edə biləcək, yoxsa bu "maliyyə bombası" növbəti hakimiyyətlərin qucağına atılacaq? Cavabsız sual çoxdur. 

Jalə Rövşən 
XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər