Ermənistanda böyük siyasi təmizləmə: Köçəryan və Sərkisyan Azərbaycana veriləcək?
Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinə və müxalifətə qarşı başladılan genişmiqyaslı hüquqi əməliyyatların coğrafiyası kəskin şəkildə genişlənib.
Proses yalnız Robert Köçəryanla məhdudlaşmır. Bildirilir ki, aralarında ölkənin keçmiş yüksək vəzifəli şəxslərinin də yer aldığı daha 9 nəfərə qarşı rəsmi cinayət işi açılıb. Təqib olunan şəxslər siyahısında R.Köçəryanın oğlu Sedrak Köçəryan, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın sabiq meri Qagik Beqlaryan və digər tanınmış simalar var.
Sosial şəbəkələrdə və siyasi masalarda hər iki şəxsin həbs olunaraq Azərbaycana ekstradisiya edilməsi, qarşılığında isə erməni məhbusların qaytarılması ideyası müzakirə olunur.
Məsələni TodayPress TV-yə şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, hər iki sabiq prezidentin Azərbaycan torpaqlarında bəşəri cinayətlər törətdiyini nəzərə alsaq, onların ölkəmizə təhvil verilməsi haqlı və qanunauyğun bir tələbdir.

Ekspert bu ehtimalın uzun müddətdir gündəmdə olduğunu vurğulayıb:
"Əslində, bu ehtimallar uzun müddətdən bəri mövcuddur ki, Robert Köçəryan və Serj Sərkisyan həbs olunsunlar və Azərbaycana təhvil verilsinlər. Burda da əsas arqument ondan ibarətdir ki, bu iki şəxs Azərbaycan ərazisində doğulublar və Azərbaycan ərazisində bəşəri cinayətlər törədiblər. Ona görə də Azərbaycan ərazisində mühakimə olunmaları lazımdır. Və bu arqument tamamilə haqlı arqumentdir. İndi də haqq yerini tutur və bu iki hərbi cinayətkar, nəhayət ki, layiq olduqları cəzaya doğru irəliləyirlər".
Politoloq Nikol Paşinyanın bu addımları atmaqda əsas siyasi məqsədlərini də açıqlayıb:
"Nikol Paşinyan bu iki cinayətkarı cəzalandırmaq niyyətinə düşüb. Ancaq bu cəzalandırma qətiyyən onların hərbi, törətdikləri bəşəri cinayətlərlə bağlı deyil. Paşinyan Ermənistanda özünə qarşı müqavimət göstərən, göstərə biləcək qüvvələri sıradan çıxarmağa başlayıb və ilk növbədə onların liderlərindən start götürüb. Həbslərə korrupsiya və dövlət əmlakını mənimsəmə iddiaları ilə başlanılıb. Bu iki şəxs tədricən siyasi səhnədən çıxarılır".
Siyasi şərhçinin fikrincə, bu həbslərin pərdəarxasında daha böyük bir geopolitik proses dayanır:
"Bu onu göstərir ki, Nikol Paşinyan daha böyük bir geopolitik prosesin başlangıcına hazırlaşır. O da o deməkdir ki, Ermənistanda yaxın gələcəkdə konstitusiya referendumu keçiriləcək və bu referendumda Azərbaycana qarşı ərazi iddiaları olan müddəalar ləğv ediləcək. Məsələ də məhz bunun üzərindədir. Həm Köçəryan, həm Sərkisyan, həm də onların liderlik elədiyi siyasi qüvvələr konstitusiya referendumuna müqavimət göstərirlər. Paşinyan bu radikal qanadı sıradan çıxarmaqla referendum prosesinin önünü açmağa çalışır".
Analitik həmçinin qeyd edib ki, müxalifətin zərərsizləşdirilməsi Paşinyanın Qərbə inteqrasiya və Bakı ilə sülh xətti üçün həyati əhəmiyyət kəsb edir:
"Paşinyan anlayır ki, bu iki şəxs Ermənistanı Rusiyanın quberniyasına çevirmək istəyənlərin önündə gəlir. Rusiyadan xilas olub Qərbə yaxınlaşmaq və Azərbaycanla sülh sazişini imzalamaq üçün bu siyasi qüvvələrin təsirsiz hala gətirilməsi Paşinyan hakimiyyətinə çox vacibdir. Ekstradisiya məsələsinə gəldikdə isə, bu iki şəxsin Azərbaycana təhvil verilməsi hələlik qeyri-müəyyən xarakter daşısa da, gələcəkdə elə bir situasiya yarana bilər ki, Paşinyan belə bir addımın atılmasını mümkün hesab etsin", - deyə E.Xalidbəyli fikrini tamamlayıb.
Qeyd edək ki, son məlumatlara görə, keçmiş prezident Robert Köçəryan saxlanılaraq öncə Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən eks-prezidentin və onun ailə üzvlərinin mülklərində, mənzillərində kütləvi axtarışlar həyata keçirilib.
Türkan İsgəndərli