Dünyanın dəngəsini dəyişəcək üçlük - Bu üç ölkə birləşsəydi nə olardı?

Dünyanın dəngəsini dəyişəcək üçlük - Bu üç ölkə birləşsəydi nə olardı?
06.10.2026 15:22 Təhlil

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi imkanlarını birlikdə nəzərdən keçirdikdə kifayət qədər böyük hərbi güc ortaya çıxır. Üç ölkənin ümumilikdə təxminən 1,4 milyon aktiv hərbi qulluqçusu, 6 046 tankı, 3 415 hərbi təyyarəsi və 344 hərbi-dəniz vasitəsi var. Bu göstəricilərə 815 qırıcı və tutucu təyyarə, 200 hücum helikopteri, 33 havada yanacaq doldurma təyyarəsi və 22 sualtı qayıq daxildir. 


Kağız üzərində bu rəqəmlər üç ölkəni dünyanın ən böyük hərbi güclərindən birinə çevirə bilər. Amma  əsas məsələ mövcud imkanların vahid komandanlıq, koordinasiya və strategiya çərçivəsində nə qədər effektiv istifadə oluna bilməsidir. 

Üç ölkənin hərbi imkanları müəyyən mənada bir-birini tamamlayır. Pakistan bu birlikdə canlı qüvvə, böyük quru ordusu və nüvə çəkindiriciliyi ilə seçilir. Ölkənin təxminən 660 min aktiv hərbi qulluqçusu var. Pakistanın nüvə arsenalının isə təxminən 170 döyüş başlığından ibarət olduğu qiymətləndirilir. Hərbi hava qüvvələrində F-16, J-10C və JF-17 kimi döyüş təyyarələri, quru qoşunlarında isə 2 500-dən çox əsas döyüş tankı mövcuddur.

Bu baxımdan Pakistanın iştirakı belə bir hərbi birlik üçün strateji əhəmiyyət daşıyır. Nüvə çəkindiriciliyi adi hərbi imkanlardan fərqli olaraq mümkün qarşıdurmanın miqyasını və risklərini də dəyişir.

Səudiyyə Ərəbistanının əsas üstünlüyü isə maliyyə imkanları, enerji resursları və hərbi infrastrukturu ilə bağlıdır. 2025-ci ildə ölkənin hərbi xərcləri 83,2 milyard dollara çatıb. Bu göstərici Ər-Riyadın böyük həcmdə silah və hərbi texnika almaq, müdafiə layihələrini maliyyələşdirmək və uzunmüddətli proqramlara vəsait ayırmaq imkanını göstərir.

Səudiyyə belə bir ittifaqın maliyyə dayaqlarından biri olar.  Xüsusilə silah və sursat tədarükü, hərbi infrastrukturun inkişafı və regional logistika baxımından ölkənin imkanları əhəmiyyətlidir.

Türkiyənin roluna gəlincə, Ankara daha çox müdafiə sənayesi və texnoloji imkanları ilə fərqlənir. Son illərdə Türkiyə dronlar, raketlər, zirehli texnika, hərbi gəmilər, radarlar və hava hücumundan müdafiə sistemləri istehsal edən geniş müdafiə sənayesi formalaşdırıb. 2025-ci ildə ölkənin hərbi xərcləri 30 milyard dollara çatıb.

Bu üstünlük xüsusilə uzunmüddətli müharibə ssenarisində özünü göstərə bilər. Çünki müharibənin gedişində mövcud silahların nə qədər sürətlə yenilənməsi də mühüm amildir. Sursat, raket, pilotsuz uçuş aparatları, ehtiyat hissələri və digər hərbi vasitələrin istehsal imkanları ordunun döyüş qabiliyyətini uzun müddət qorumasına şərait yaradır.

Türkiyənin dron sahəsindəki mövqeyi də ayrıca diqqət çəkir. 2018-2023-cü illərdə Türkiyə, Çin və ABŞ birlikdə 69 silahlı hərbi dron satışı həyata keçirib və bu satışlarda Türkiyənin payı 65 faiz olub.

Beləliklə, Pakistan canlı qüvvə, böyük quru ordusu və nüvə çəkindiriciliyi ilə, Türkiyə müdafiə sənayesi, dronlar, raketlər, elektron sistemlər və hərbi texnologiyalarla, Səudiyyə Ərəbistanı isə maliyyə imkanları, enerji resursları və strateji coğrafiyası ilə ön plana çıxır.

Bu imkanların birləşməsi müxtəlif istiqamətlərdə üstünlükləri olan hərbi-siyasi blok formalaşdıra bilərdi. Üç ölkənin birlikdə 179 mindən çox zirehli texnikası və 344 hərbi-dəniz vasitəsi var. Birgə müdafiə xərclərinin isə 2026-cı il üçün təxminən 124,4 milyard dollar olduğu hesablanır.

Gəl ki, rəqəmlərlə real döyüş imkanlarını eyniləşdirmək olmaz.

Onlar vahid hərbi sistem kimi fəaliyyət göstərə biləcəklərmi? Məsələ budur.

Türkiyə NATO üzvüdür. Pakistanın hərbi-texniki əlaqələrində Çin mühüm yer tutur. Səudiyyə Ərəbistanının arsenalında isə ABŞ və digər Qərb ölkələrinin istehsalı olan sistemlər geniş istifadə olunur. Bu fərqli platformaların vahid komandanlıq və rabitə sistemi altında birləşdirilməsi kifayət qədər mürəkkəb proses təsiri bağışlayır. 

Bununla belə, belə bir ittifaqın ən ciddi üstünlüyü regional çəkindirmə imkanlarında ortaya çıxır. Türkiyənin hərbi sənayesi, Pakistanın nüvə potensialı və Səudiyyə Ərəbistanının maliyyə imkanları birlikdə potensial rəqib üçün daha mürəkkəb təhlükəsizlik hesablaması yaradır. 

Coğrafiya da  əhəmiyyətlidir. Türkiyə Qara dəniz, Aralıq dənizi və Yaxın Şərq istiqamətlərində mühüm mövqeyə malikdir. Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Fars körfəzi arasında yerləşir. Pakistan isə Hind okeanına çıxışa malikdir. Bu coğrafi mövqelər birləşdikdə, belə bir hərbi əməkdaşlığın təsir dairəsi Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzana bilər. 

Məkkə Birgə Müdafiə Sazişi  bu əməkdaşlığın siyasi-hüquqi əsasını yaradır.  7 avqust 2026-cı ildə imzalanan sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digər tərəflərə qarşı hücum kimi qiymətləndirilir. Və artıq Yəməndə husilərlə döyüşlərin kəskinləşməsi Səudiyyə Ərəbistanını Türkiyə və Pakistanla imzaladığı müdafiə sazişini praktiki şəkildə işə salmağa vadar edib. Üç ölkə razılaşdırılmış hərbi qüvvə və imkanların Krallığa sürətli yerləşdirilməsi barədə qərar qəbul edib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər