Biri "məhv edəcək", biri "qisas alacaq"... - Qandonduran ssenarilər işə düşür ?

Biri "məhv edəcək", biri "qisas alacaq"... - Qandonduran ssenarilər işə düşür ?
24.09.2026 13:47 Təhlil

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı İranın özünü müdafiə etmək üçün güclənməli olduğunu, bu məsələdə heç kimdən icazə almayacaqlarını və İran şəhərlərinə endirilən zərbələrin cavabsız qalmayacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp da sərt  çıxışında İranla razılaşma əldə olunmasının mümkün olduğunu bildirməklə yanaşı, razılaşma əldə edilməyəcəyi təqdirdə İslam Respublikasını “məhv etmək” variantından danışıb.

BMT-də səslənən bu sərt mesajlardan sonra İran-ABŞ-İsrail qarşıdurmasında prosesin növbəti mərhələsində nə olacaq?  Bu eskalasiyaya hazırlıq, yoxsa  güc nümayişi idi? 


Sözügedən məsələ ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışıb. O qeyd edib ki, Pezeşkianın çıxışında İranın özünü müdafiə etmək üçün heç kimdən icazə almayacağını və İran şəhərlərinə hücumların cavabsız qalmayacağını deməsi ilk növbədə çəkindirmə mesajıdır:

“Pezeşkian bununla bir tərəfdən İranın hərbi təzyiq qarşısında geri çəkilməyəcəyini göstərməyə, digər tərəfdən isə ABŞ və İsrailə mümkün yeni zərbələrin regional nəticələrinin olacağı barədə siqnal verməyə çalışır. Eyni zamanda, Pezeşkian diplomatiyanın qapısını da tam bağlamayıb və çıxışında güc dilindən imtina olunacağı halda danışıqlara hazır olduqlarını bildirib”.

Onun sözlərinə görə, Trampın BMT-dəki çıxışı daha sərt ultimatum xarakteri daşıyır:

“Donald Tramp İranla razılaşma əldə etmək və ya İslam Respublikasını “məhv etmək” arasında seçimdən danışdı. Lakin eyni çıxışda razılaşmanın mümkün olduğunu və danışıqların nəticə verə biləcəyinə inandığını da söylədi. Hər iki tərəfin mesajlarından əvvəl ABŞ və İran nümayəndələrinin BMT Baş Assambleyası çərçivəsində təxminən üç saatlıq görüş keçirməsi də diqqət çəkir. Görünən odur ki, bu görüşlərdə hər hansı irəliləyişə nail olmaq mümkün olmayıb”.

Analitikin qənaətincə, tərəflər danışıqlara daha əlverişli mövqedən daxil olmaq üçün hərbi və siyasi təzyiqi artırırlar.

O düşünür ki, prosesin növbəti mərhələsi üçün iki paralel xətt var:

“Birinci xətt eskalasiyadır. İran özünün və proksi qüvvələr olan tərəfdaşlarının cavab imkanlarını nümayiş etdirə, ABŞ isə hərbi və iqtisadi təzyiqi artıra bilər. Belə ssenaridə Hörmüz boğazı, enerji infrastrukturu və ABŞ-nin regiondakı obyektləri xüsusilə həssas məsələlər olaraq qalır.

İkinci xətt isə məcburi diplomatiyadır. ABŞ-nin məqsədi İranın nüvə proqramı, raket imkanları və regional fəaliyyətləri ilə bağlı öz şərtlərini qəbul etdirməkdirsə, İranın əsas məqsədi də müharibəni dayandırarkən dövlət və rejim təhlükəsizliyini qorumaqdır. Bu iki mövqenin arasında danışıqlar üçün müəyyən sahə qalır. Trampın “məhv etmək” təhdidi ilə yanaşı razılaşma ehtimalından danışması, Pezeşkianın isə sərt müdafiə ritorikası ilə yanaşı danışıqlara açıq olduğunu bildirməsi bunu göstərir”.

Yusif Bağırzadə çıxışları həm güc nümayişi, həm daxili auditoriyaya mesaj, həm də qarşı tərəfin danışıqlardakı mövqeyini dəyişdirməyə hesablanmış siyasi təzyiq kimi qiymətləndirib.

Jalə Rövşən 

FOTOLAR

Biri "məhv edəcək", biri "qisas alacaq"... - Qandonduran ssenarilər işə düşür ? — 1
XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər